“Var səsi ilə” müsabiqəsinin azərbaycanlı iştirakçıları videosalamlama ilə müraciət etdilər – VİDEO
“Var səsi ilə” beynəlxalq televiziya musiqi yarışmasında Azərbaycan komandasının iştirakçıları digər ölkələrin gənc ifaçıları üçün xüsusi bir videosalamlama hazırlayıblar. Rəngarəng video yarışmanın “Instagram” səhifəsində təqdim olunub. Videoda Atilla Qərib, Zəminə Nurullayeva, Emiliya Hacıyeva, Lalə Qafarova və Nazim Məmmədov Bakı küçələrində gəzərək Azərbaycan paytaxtının bütün gözəlliklərini nümayiş etdiriblər. Uşaqlar layihə iştirakçılarını salamlayıb və onlara uğurlar diləyiblər.
Videonun çəkilişlərində peşəkarlar komandası iştirak edib:
“Biz Qabil Quliyevin rəhbərliyi altındakı, bizim fikrimizcə, Bakının ən yaxşı yaradıcı qrupuna müraciət etdik və əla iş gördük.
Video yaddaqalan və parlaq alındı. Burada doğma Bakımızın gözəlliyini, möhtəşəm memarlığını və Azərbaycanın koloritini göstərdik. Yeri gəlmişkən, bizim uşaqların yarışmada ilk çıxışı məşqçi Emil Kadırovla birlikdə olacaq. Uşaqlar müğənninin bəstələrindən birini onunla birlikdə ifa edəcəklər”, – deyə “Moskva-Bakı” portalının müxbiri ilə söhbətində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Uşaq Estrada Sənəti bölməsinin rəhbəri, Azərbaycan komandasının başçısı Fidan Mir-Qədirova bildirib.
Bu il 10 ölkədən uşaqlar öz ifa bacarıqlarını nümayiş etdirəcəklər: Rusiya, Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Moldova, Tacikistan, Özbəkistan, Ermənistan, eləcə də İsrail və Almaniya. Ənənəvi olaraq, müsabiqədə qalib gələnlər yalnız iştirakçılar deyil (hər komandanın tərkibinə solo ifaçılar (qız və oğlan) və musiqi qrupu daxildir), eyni zamanda təmsil etdikləri ölkə olacaq.
Hər bir komandanın gənc ifaçılara tapşırıqları yerinə yetirməsinə köməklik göstərən və layihə çərçivəsində onların yaradıcılıq həyatında fəal iştirak edən öz məşqçisi var. Bütün komandaların məşqçiləri münsiflər heyətinə daxildir.
Layihənin dördüncü mövsümü çərçivəsində Rodion Qazmanov və Yevgeni Krılatovun yaradıcılığına həsr olunmuş müsabiqə gecələri keçiriləcək. Həmçinin, İkinci Dünya müharibəsində Qələbənin 75-ci ildönümü şərəfinə müsabiqə gecələrindən birində müxtəlif ölkələrdən olan iştirakçıların ifa edəcəyi hərbi mahnılar səsləndiriləcək.
Qeyd edək ki, beynəlxalq müsabiqədə mükafat dörd nominasiya üzrə təqdim ediləcək: Ən Yaxşı Komanda (Ölkə), Ən Yaxşı Solist (kişi), Ən Yaxşı Solist (qadın) və Ən Yaxşı Qrup. Uşaq mahnı bayramının təşkilatçıları – Prezident Qrantları Fondu, “Uşaqlar uşaqlara yardım edir” Regional Xeyriyyə İctimai Fondu və “Rossotrudniçestvo” Federal Agentliyidir.
Karantin şəraitində çəkilişləri 19 oktyabrda başlayacaq müsabiqəyə hazırlaşmaq olduqca çətin idi. Azərbaycanlı iştirakçılar vokalla studiyada peşəkar pedaqoqlarla “onlayn” şəkildə məşğul olublar. Lakin bütün çətinliklərə baxmayaraq, gənc ifaçılar qalib gəlmək əzmindədirlər.
“Yarışa yaxşı hazırlaşmışıq və qazanacağımıza ümid edirik. Bir çox ölkələrdən ən yaxşı səslərin iştirak edəcəyini başa düşürük, bu isə o deməkdir ki, bizi çətin rəqabət gözləyir. Bütün bunlara baxmayaraq, bir-birimizə, öz gücümüzə inanırıq, müəllimlərimizin və məşqçimizin ümidlərini doğrultmağa çalışacağıq”, – deyə Atilla Qərib və Zəminə Nurullayeva həvəslə danışırlar.
Artıq Zəminənin “Priklyuçeniya Elektronika” filmindən Yevgeni Krılatovun “Bıyut çası na staroy başne”, Atillanın isə “Nebesnıy tixoxod” filmindən hərbi mövzuda “Pora v put doroqu” mahnısını ifa edəcəyi məlumdur.
Lalə Qafarova, Emiliya Hacıyeva və Nazim Məmmədov beynəlxalq yarışda birlikdə iştirak edəcəklər.
“Səslərimizin maraqlı və ifadəli səslənməsi üçün sıx məşq edirik və vokalla məşğul oluruq. Rodion Qazmanovun repertuarından “Proşay” mahnısını təqdim edəcəyik”, – uşaqlar bildiriblər.

