Gündəm 

Ölkəmizdə pambıq yığımı davam edir

ARANTV.AZ xəbər verir ki, ölkəmizdə pambıq yığımı mütəşəkkil qaydada davam edir. Ötən il hektarın orta məhsuldarlığına görə respublikanın pambıqçılıq rayonları arasında ön sırada dayanan tərtərlilər bu ili də yüksək göstəricilərlə başa vurmağı qarşıya məqsəd qoyublar. Bu günə qədər tarlalardan 6 min 205 ton pambıq yığılıb. Qaxda isə soya əkinə maraq artıb. Artıq ikinci ildir ki, soya əkən fermerlər məhsul yığımını uğurla başa çatdırıblar.  

 

Bu il 3 min 300 hektarda pambıq becərən tərtərli fermerlər məhsul yığımını davam etdirirlər. Ötən il hektarın orta məhsuldarlığına görə respublikanın pambıqçılıq rayonları arasında ön sırada dayanan tərtərlilər bu ili də yüksək göstəricilərlə başa vurmağı qarşıya məqsəd qoyublar. Bu günə qədər tarlalardan 6 min 205 ton pambıq yığlıb. Hər hektardan orta hesabla 19 sentner məhsul götürülüb. Hələ tarlalarda yığılmamış pambıq çoxdur. Tərtərli pambıqçılar havaların əlverişli keçməsindən istifadə edərək, hər gün orta hesabla 130 ton pambıq toplayırlar. Yığılan pambıq “MKT İstehsalat Kommersiya” və “Azərpambıq” Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilir.

Bu il qaxlı fermerlər 82 hektar sahədə soya yetişdiriblər. Bu isə ötən illə müqayisədə 32 hektar çoxdur. Təsərrüfatlarda soya yığımı artıq başa çatıb. Sahələrdən 223 ton məhsul götürülüb. Soya istehsalı ötən illə müqayisədə 3 dəfədən çox artıb. 2017-ci il Qaxda soya əkilən ilk il olub. 50 hektar soya sahəsindən 72 ton məhsul götürülüb. Hazırda Qax rayonunun təsərrüfatlarında tütün yığımı da mütəşəkkil qaydada davam etdirilir. İndiyədək sahələrdən 5217 ton yaşıl tütün kütləsi tədarük olunaraq emal məntəqəsinə təhvil verilib. Burada qurutma prosesindən sonra 595 ton tütün əldə edilib.

Qəbələ rayonunun təsərrüfatlarında 2019-cu ilin məhsulu üçün 20 min 100 hektar sahədə payızlıq dənlilərin səpini nəzərdə tutulur. Hazırda səpin prosesi davam etdirilir. Fermerlər indiyə qədər 4 min hektar sahəyə arpa, 3 min 800 hektara isə buğda səpiblər. Payızlıq dənlilərin səpini üçün indiyədək 19 min 200 hektar sahə şumlanıb və bu iş davam etdirilir. Səpin üçün 4 min ton toxum fondu ayrılıb. Taxıl səpininə 65 şum traktoru, 35 taxılsəpən aqreqat və digər texnika cəlb olunub. Fermerlər payız səpinini noyabrın sonunadək başa çatdırmaq üçün bütün qüvvələri səfərbər ediblər. Xatırladaq ki, qəbələli fermerlər builki mövsümdə 20 min 100 hektar taxıl sahəsindən 64 min 464 ton məhsul tədarük ediblər. Hər hektardan orta hesabla 32 sentner məhsul götürülüb. 

Daha çox xəbərlər