Prezidentdən Ermənistana sərt xəbərdarlıq
«Bir daha demək istəyirəm və onlara xəbərdarlıq etmək istəyirəm ki, əgər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün nəticələr çox ağır olacaq»
Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin 19 sentyabr tarixində «Abşeron» yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirakı zamanı Azərbacan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsində hər zamankı kimi Ermənistanın işğalçılıq planları və ölkəmizin bu mübarizədə haqlı mövqeyi barədə bəyanatları ilə əsl siyasi gündəm yaradıb. Cənab Prezident tarixi həqiqətləri əks etdirən və real faktlara əsaslanan tutarlı cavabları ilə Ermənistanın təcavüzkar siyasətini və ölkəmizə qarşı düşmən mövqe tutan ölkələri ifşa edib.
Prezident bu müsahibəsində həm yerli, həm də beynəlxalq ictimaiyyətə yönələn çoxlu sayda ciddi mesajlar verib. Dövlət başçısının mesajının əsas məğzi ondan ibarət idi ki, müstəqilliyimizi göz bəbəyi kimi qorumalıyıq və keçmişin nostalgiyası ilə yaşayıb müstəqilliyə qarşı çıxanlar Vətən xainləridir. Prezident misallarla əsaslandırıb ki, Azərbaycan xalqı faşizm üzərində qələbəyə böyük töhfə versə də, Kreml ölkəmizin təbii sərvətlərini uzun illər vəhşicəsinə, böyük ekoloji fəlakət yaratmaqla talasa da etnik seperatizmi dəstəkləməklə Azərbaycana xəyanət etdi və nəticədə torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal olundu. Müstəqillik illərində biz xarici investorları cəlb edib neft sənayesini yenidən qurmaqla, böyük maddi vəsaitlər hesabına həmin ağır ekoloji fəlakətin nəticələrini aradan qaldırmaqla, şəhər və kəndlərimizi abadlaşdırmaqla, ölkəmizi faktiki olaraq yenidən qurmaqla məşğul olduq.
Paşinyan arvadının əlinə silah verməklə bir daha göstərdi ki, Ermənistan ordusu arvadların, ermənilərin dili ilə desək «harsınların» ümidinə qalıb
Cənab Prezidentin növbəti açıqlaması ondan ibarət olub ki, Ermənistanın baş naziri Paşinyan siyasi riyakarlığına görə əvvəlki sələflərindən heç nə ilə fərqlənmir və onunla Qarabağ probleminin həlli istiqamətində danışıq aparmağın mənası yoxdur. Məhz Nikol Paşinyan əhalinin diqqətini ölkə daxilində mövcud olan problemlərdən yayındırmaq üçün iyul ayında Tovuz istiqamətində erməni silahlı qüvvələrinin təxribat xarakterli hücumunu təşkil etdi. Həmin təxribatı xalqına qələbə kimi təqdim edib, Azərbaycan qarşısında danışıqları mənasız edən şərtlər irəli sürdü. Bundan sonra səfərbərlik elan edib, arvadının da əlinə silah verib Qarabağdakı təlimlərə göndərdi. Bununla da Paşinyan ən böyük siyasi səhvini etiraf etmiş oldu. O bir daha göstərdi ki, Ermənistan ordusu arvadların, ermənilərin dili ilə desək «harsınların» ümidinə qalıb.
Təbii ki, Ermənistanın bu təxribatlarının bir neçə səbəbi var. Birincisi, sülh danışıqlarını pozmaq, beləliklə də Azərbaycanı qondarma iddialarla ittiham etmək, nəticə etibarilə status-kvonu dəyişməz saxlamağa nail olmaqdır. Yeri gəlmişkən, müsahibəsində bu məqamlara toxunan Prezident İlham Əliyev deyib: «Bir daha demək istəyirəm və onlara xəbərdarlıq etmək istəyirəm ki, əgər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün nəticələr çox ağır olacaq. Onlar yeni müharibəyə hazırlaşırlar. Onların təmas xəttinə yaxın qüvvələrinin cəmləşməsi baş verir. Biz hər şeyi görürük, hər şeyi izləyirik. Onların bütün hərəkətlərini izləyirik. Əlbəttə ki, özümüzü müdafiə edəcəyik. Necə ki, Tovuzda özümüzü müdafiə etdik, bütün başqa istiqamətlərdə özümüzü müdafiə edəcəyik. Onlar üçün Tovuz hadisələri növbəti dərs oldu. Əgər yeni dərs almaq istəyirlərsə, biz buna hazırıq.»
Təbii ki, Azərbaycan heç vaxt danışıqlar formatının dəyişməsinə razı olmayacaq və cəfəng, əsassız, qondarma iddialardan ibarət olan şərtləri qəbul etməyəcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın bir şərti var, onlar bizim torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar. Əlbəttə, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh danışıqları vasitəsilə həllinin tərəfdarı olsa da, işğalçı ölkənin status-kvonu saxlamaq üçün təxribat xarakterli hərəkətlərinə dözmək niyyətində deyil. Ölkəmiz hərbi vasitələrə də öz ərazi bütövlüyünü təmin etmək hüququna və qüdrətinə malikdir.
Prezident İlham Əliyev: Əgər Ermənistan beynəlxalq hüququ yerə vurursa, Azərbaycan niyə beynəlxalq hüququ gözləməlidir?!
Bir sözlə, Prezident İlham Əliyevin ifadə etdiyi kimi, «Əgər Ermənistan beynəlxalq hüququ yerə vurursa, Azərbaycan niyə beynəlxalq hüququ gözləməlidir?! Beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Minsk qrupu tərəfindən təcavüzkar Ermənistana qarşı yetərli təsir və təzyiq göstərilməyəcəksə, bu işğalçı Ermənistan ölkəmizin 20 faiz ərazisini işğal altında saxlamağa davam edəcəksə, o zaman Azərbaycan BMT-nin Nizamnaməsinin 51-ci maddəsində də əksini tapmış hüquq çərçivəsində öz ərazi bütövlüyünü təmin edəcək.»
Ölkəmizin başçısının bu açıqlamalarından sonra ümumi qənaətimiz belədir ki, torpaqlarımızın azadlığı istiqamətində yaxın gələcəkdə ciddi addımlar atılacaqdır. Məhz son açıqlamalar 26 ildir davam edən söz savaşına oxşamır. Müdafiə naziri Zakir Həsənovun ehtiyatda olan xüsusi ixtisaslı hərbçilərin orduya çağırılması barədə əmri də bu qənaəti möhkəmləndirir.
Başqa mühüm açıqlama Türkiyə, Gürcüstan və İrana yönəlmişdi. Prezident Türkiyənin qardaş ölkə olmasını, əməkdaşlığımızı genişləndirəcəyimizi bir daha vurğuladı. Gürcüstanın üzərindən Ermənistana silah daşınmasına icazə verilməməsini yüksək qiymətləndirdi və həmişə Gürcüstanın yanında olduğumuzu növbəti dəfə bəyan etdi. Gürcüstandakı bəzi gürcü familiyalı ermənilərin münasibətlərimizi pozmağa cəhd etdiyini də diqqətə çatdırdı. Prezidentin çıxışından Ermənistandan sonra ciddi nəticə çıxarmalı olan ikinci ölkə, həm də soydaşlarımızın vətəni olan İran olmalıdır. Prezident söylədi ki, əli müsəlman uşaqların, qadınların qanına batmış, bir milyondan çox müsəlmanı ev-eşiyindən didərgin salmış, islam məscidlərini, abidələrini dağıtmış, məscidlərdə donuz saxlayan ermənilərlə müsəlman olub necə münasibət qurmaq olar? Bu da ciddi təzadlı haldır ki, ərəb ölkələrini İsraillə diplomatik əlaqələr qurmasına görə sərt tənqid edib hədələyən İranın, Ermənistana öz ölkəsinin hava məkanından silah daşınmasına icazə verməsi bir yana, görəsən İsraildə səfirlik açan Ermənistana münasibətdə niyə səsini ucaltmır?
Bu arada onu da qeyd edək ki, Ermənistanın xarici işlər nazirliyi Prezident İlham Əliyevin müsahibələrindəki açıqlamalardan ciddi narahat olaraq yenə də ölkəmizə qarşı antitəbliğatını gücləndirib. Ermənistan XİN-in bu xüsusda yaydığı ənənəvi saxta və riyakar açıqlama isə bu ölkənin acı həqiqətləri hələ də qəbul etmək iqtidarında olmadığını nümayiş etdirir. Məhz Azərbaycan XİN-in bu istiqamətdə yaydığı bəyanatda qeyd edilir ki, Ermənistan hələ də beynəlxalq hüququn norma və prinsiplərini heçə sayaraq təcavüzkar siyasət yürüdən, Azərbaycanın beynəlxalq tanınmış ərazilərini hərbi işğal altında saxlayan və işğal etdiyi ərazilərdə etnik təmizləmə həyata keçirən, bölgədə münaqişə ocağı yaradaraq uzun illərdir ki, dayanıqlı sülhə və təhlükəsizliyə ciddi təhdid törədən bir ölkədir: «Bu ölkənin öncəki kriminal xunta rejimi kimi, hazırkı təxribatçı rəhbərliyi də bölgədəki vəziyyəti və ətrafda cərəyan edən hadisələri düzgün qiymətləndirmək və öz xalqının maraqlarını təmin etməkdən çox uzaqdır. Təəssüf doğuran bir haldır ki, milli maraqlar əsasında müstəqil siyasət yürütmək, bölgədə sülh, təhlükəsizlik və rifahın verə biləcəyi faydanı dərk etmək hələ də Ermənistana nəsib olmayıb.»
Təbii ki, Ermənistan rəhbərliyinin məsuliyyətsiz və təhrikçi davranışı bölgədə gərginliyi alovlandırır və beləliklə də elə Ermənistanın səbəbkarı olduğu münaqişəni danışıqlar yolu ilə həll etmək imkanını heçə endirir. Ermənistan baş nazirinin danışıqlar prosesinin formatını dəyişdirmək cəhdləri, danışıqlarla bağlı əsassız şərtlər irəli sürməsi, 2019-cu ilin avqustunda səsləndirdiyi cəfəng bəyanatı, 2020-ci ilin 12-16 iyul tarixlərində Ermənistanın silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində Azərbaycanın mövqelərinə hücumu, 23 avqust tarixində Ermənistanın diversiya-kəşfiyyat qrupunun təxribat cəhdi, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasətinin nümayişkaranə şəkildə həyata keçirilməsi və digər bu kimi təxribatlar münaqişənin siyasi həllinə birbaşa zərbədir və bunun məsuliyyəti bilavasitə Ermənistan avantürist və populist rəhbərliyinin üzərində qalmaqdadır.

