Sosial 

Azərbaycan gəncliyi: Yaradıcı, qurucu və tükənməz potensiala malik qüvvə

«Bu gün Azərbaycan gəncləri müstəqillik dövründə yaşayırlar. Bu, böyük xoşbəxtlikdir. Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər.»

Gənclərin hamisi, dövlətin gənclər siyasətinin davamında maraqlı olduğunu  bu sözləri ilə ifadə edən Prezident İlham Əliyev bildirir ki,  ölkəmizdə yeni nəslin hərtərəfli hazırlıqlı yetişməsi üçün bütün imkanlardan istifadə olunur. Azərbaycanda təhsilin inkişafına göstərilən diqqət  gələcəyimiz,  ixtisaslı mütəxəssislərin, kadr potensialının, ölkəmizin ziyalı fondunun formalaşması  baxımından önəmlidir.

İnsanın vətəndaş kimi formalaşmasında xüsusi yeri və rolu olan təhsilin inkişafında əsas məsələ olan  məktəb tikintisinin intensivləşməsi, müəllim əməyinə verilən qiymət   birbaşa gəncliyin müasir dövrün çağırışlarının tələbinə uyğun hazırlanmasıdır. Son 17 il ərzində bütövlükdə Azərbaycanda 3700-ə qədər məktəb tikilib və əsaslı şəkildə təmir edilib. Ölkədə   məktəblərin sayının artması,  Heydər Əliyev Fondu tərəfindən başlanmış «Yeniləşən Azərbaycana, yeni məktəb”» proqramı çərçivəsində təhsil ocaqlarının inşası, ən müasir tədris avadanlıqları,  texnologiyaları ilə təchizatı, müasir metodların tətbiqi gənclərin dünya görüşünün artmasında böyük əhəmiyyəti vardır.

Son 2-3 il ərzində kiçik kəndlərdə modul tipli təhsil ocaqlarının inşası ilə məktəb fondu zənginləşib.  Hazırda 4500-ə qədər məktəb var, onların 3700-ü tam yeni görkəm almış və yenidən inşa edilmişdir. Məktəblərə , pedoqoji kollektivlərə göstərilən qayğı Prezident İlham Əliyevin  bu sözlərində əksini tapır: « Bizim gələcəyimiz bu gün məktəblərdə, ali məktəblərdə oxuyan uşaqların, şagirdlərin, tələbələrin əlində olacaqdır. Onların bilikləri, savadı, əlbəttə ki, bizim ölkəmizin gələcəyini şərtləndirəcək. Eyni zamanda, onu da xüsusi qeyd etməliyəm ki, bizim gənclərimiz, uşaqlarımız vətənpərvərlik ruhunda, milli ruhda, milli dəyərlər – ənənəvi Azərbaycan dəyərləri əsasında tərbiyə almalıdırlar. Burada, əlbəttə ki, ailələrin rolu müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda, bütün məktəblərdə müəllimlər şagirdləri milli ruhda, ənənəvi dəyərlər ruhunda tərbiyə etməlidirlər.»

Mükəmməl qanunvericilik bazası əsasında həyata keçirilən gənclər siyasəti ilə  bağlı qəbul olunan  qanunlar, Dövlət proqramları,
Gənclər Fondunun yaradılması, dövlət büdcəsindən təhsilin inkişafına ayrılan vəsaitlərin artırılması istedadlı oğlan və qızlara özlərini cəmiyyətdə təqdim etmək imkanı yaradır. Onlar mədəniyyət, təhsil və sosial sahələrə, eləcə də siyasi islahatlara aid mühüm layihələr üzərində işləyirlər. Başqa sözlə desək, bu fond gənc nəslə öz istedadını müəyyən etməyə,  ölkəmizin inkişafına töhfə verməyə yardım edir. Ölkədə həyata keçirilən kadr islahatlarında yaradıcı, xüsusi bilik və bacarığa malik  gənclərə üstünlük verilməsi respublikamızın qüdrətlənməsi baxımından daha əhəmiyyətli və  dövlətin əsas prioritetlərindəndir. «Çünki biz tamamilə əminik ki, yalnız təhsilli, müxtəlif sahələrdə biliklərə malik insanlar həm ölkənin, həm özlərinin inkişafına kömək edə bilərlər. Əgər dünyada inkişaf etmiş ölkələrin keçdiyi yola və əldə etdiyi nailiyyətlərə nəzər yetirsək, görərik ki, uğurlu inkişafın əsas vasitələri enerji sərvətləri, mineral ehtiyatlar, neft və qaz yox, məhz təhsil, elm və texnoloji yeniliklərdir. Yalnız təhsil, bilik və texnologiya bütün bəşəriyyətin aparıcı qüvvəsidir» söyləyən Prezident İlham Əliyevin gənclərə tövsiyəsi bəşəriyyətin inkişafı üçün əsas prioritet olan innovasiyalardan, müasir texnologiyalardan faydalanmaq,  beynəlxalq təhsil mərkəzləri ilə sıx əməkdaşlıq edərək  daha böyük nailiyyətlər qazanmaqdır.

Gənclərimizin dünyanın tanınmış universitetlərinə qəbul olunması, onların xaricdə təhsili üçün  hər il  40 milyon avroya yaxın vəsaitin ayrılması,    beynəlxalq əməkdaşlığın genişlənməsi göstərir ki,  Azərbaycanın gənc nəsli yeni, müasir və müstəqil ölkənin qurulmasında fəal iştirak edir.

Azərbaycanın dünyada idman ölkəsi kimi tanınması, idmançılarımızın beynəlxalq yarışlarda uğurlu çıxışları,  dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında qazandıqları mükafatların,  medalların sayının artması ölkəmizdə  uğurla davam edən gənclər siyasətinin və idmana göstərilən diqqətin nəticəsidir. Gənclər arasında Olimpiya Oyunlarında iştirak edən Azərbaycanın yığma komandasının  200 ölkə arasında 10-cu  yeri tutuması göstərdi ki,
yeniyetmələrin daha çox maraq göstərdiyi  idman  həyatımızın ayrılmaz hissəsinə çevrilib. Ölkəmizdə keçirilən Birinci Avropa Oyunlarında, IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən Azərbaycan idmançılarının qazandıqları uğurlar  gənclərin bu sahəyə marağını artırdı. Bunun sayəsində gənclər pis vərdişlərdən, alkoqoldan, siqaret çəkməkdən və narkotik maddələrdən uzaq olurlar.

Günümüzün əsas məsələsi gənclərimizin milli və vətənpərvərlik ruhunda tərbiyə olunmasıdır.  Torpaqlarımız uğrunda  döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərimiz  arasında gənclərin çoxluq təşkil etməsi onu göstərir ki,  Azərbaycan gənci hər zaman düşmənə layiq olduğu cavabı verməyə hazırdır.

«Biz bu gün müstəqil ölkə kimi böyük uğurlara imza atmışıq. İstənilən sahədə Azərbaycan xalqı görür ki, müstəqilliyin üstünlükləri nədən ibarətdir. Bu gün Azərbaycan ləyaqətli ölkədir, özünü beynəlxalq müstəvidə ləyaqətlə aparır. Azərbaycan azad ölkədir, vətəndaşlarımız azadlıq şəraitində yaşayırlar. Azərbaycan iqtisadi sahədə inkişaf edən ölkədir, güclü orduya sahib olan ölkədir. Biz bütün bunları müstəqillik dövründə əldə etmişik. Bu gün Azərbaycan nadir ölkələrdəndir ki, tam müstəqil siyasət aparır – həm xarici, həm daxili. Bu siyasət Azərbaycan xalqı tərəfindən dəstəklənir. Mən bu dəstəyi hər zaman, hər gün hiss edirəm. Bu dəstək mənə əlavə güc verir. Biz bu dəstəyə arxalanaraq Azərbaycanı inamla irəliyə aparırıq. Bizim uşaqlarımız, gənclərimiz gələcəkdə ölkəmizi bu yolla – müstəqillik yolu ilə aparmalıdırlar ki, Azərbaycan xalqı bundan sonra da heç vaxt heç kimdən asılı olmasın» söyləyən Prezident İlham Əliyevin  vurğuladığı kimi, gənclər  Vətənə, xalqa bağlı olmalıdır, müstəqilliyi hər şeydən üstün tutmalıdır, milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdır.

Birinci Avropa Oyunlarında Azərbaycan gənclərinin dünyada ilk təşəbbüs kimi  yaratdığı  könüllülər hərəkatı bütün qonaqları heyran etdi. Hərəkatda iştirak edən gənclərimiz qonaqlara Azərbaycanın milli- mənəvi dəyərləri,  adət-ənənələri,  musiqisi, el oyunları haqqında  zəngin və xoş təəssürat yaratdılar. « Azərbaycan öz prioritetlərini və məqsədlərini aydın şəkildə müəyyən etmiş gənc, müstəqil, dinamik və müasir ölkədir. Biz Azərbaycan gəncləri kimi böyük potensial, uğurumuzun aparıcı qüvvəsi ilə gələcəkdə daha böyük nailiyyətlərə imza atacağıq» sözləri  Prezidentimizin  gələcəyimizin etibarlı  davamçıları olacaq gənclərə inam və etimadı  tükənməzdir.

Daha çox xəbərlər