Siyasət 

Azərbaycanın həyata keçirdiyi regional layihələr işğalçı Ermənistanın bütün diplomatik cəbhələrdə uduzmasına gətirib çıxarıb

ARANTV.AZ xəbər verir ki, Azərbaycanın həyata keçirdiyi regional layihələr işğalçı Ermənistanın təcridinin daha da dərinləşməsini, ölkədə sosial-iqtisadi müstəvidə vəziyyətin ağırlaşmasını sürətləndirib. Siyasi müşahidəçilər hesab edirlər ki, Azərbaycan artıq bölgədə həyata keçirilən dünya əhəmiyyətli layihələrin açar dövlətinə çevrildiyi halda, Ermənistan bütün diplomatik cəbhələrdə uduzmaqda davam edir.

Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirləri oktyabrın 30-da İstanbulda altıncı üçtərəfli görüşün nəticəsi olaraq imzaladıqları bəyannamədə beynəlxalq hüququn prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət və dəstək, Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplər əsasında həllinə dair qəti və prinsipial mövqe ortaya qoydular. Bundan bir gün əvvəl – oktyabrın 29-da yenə də İstanbulda, Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşünün nəticəsində qəbul edilən yekun bəyanatda da dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət və qəti dəstək ifadə olundu. Nazirlər bu xüsusda fiziki və hüquqi şəxslərin fəaliyyətlərinin məhz sözügedən prinsiplərə tam uyğun olmasına dair razılığa gəldilər. Eyni zamanda sənəddə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dövlətlərin suverenliyi, ərazi bütövlüyü, həmçinin BMT, ATƏT və Avropa Şurasının müvafiq qətnamələri, bəyanatları və qərarlarına uyğun olaraq həllinə nail olmağın əhəmiyyətini vurğuladılar. Bütün qaçqın və məcburi köçkünlərin doğma yurd-yuvalarına təhlükəsiz və ləyaqətli qayıdışının zəruriliyini qeyd etdilər. Azərbaycanın Xarici İşlər Nazirliyi bildirir ki, həmin bəyanatlarda region dövlətləri, o cümlədən İran tərəfindən açıq-aşkar ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə dəstək ifadə olunub və münaqişənin məhz bu prinsiplər əsasında həllinə çağırış edilib.

Ekspertlərin fikrincə, regional layihələr rəsmi Bakı ilə qonşu ölkələr arasındakı əlaqələrin yüksələn xətlə inkişafını zərurətə çevirib. Hətta Azərbaycanın İranla birgə həyata keçirdiyi layihələr fonunda Tehran və İrəvan arasında əvvəl razılaşdırılımış layihələr artıq sıradan çıxır. Bu fonda Ermənistanın təcridi daha da dərinləşir. Erməni siyasi rəhbərliyi və mətbuatı da bunu etiraf edirlər. Azərbaycan artıq bölgədə həyata keçirilən dünya əhəmiyyətli layihələrin açar dövlətinə çevrilib. İranla əlaqələrində ən diqqətçəkəni “Şimal-Cənub” dəmir yolu layihəsidir. Bu layihə dünyanın ən böyük dəmir yolu qovşağına çevrilir. Bu fonda da Azərbaycana böyük miqdarda gəlir gətirmək potensialına malikdir. Layihənin açarı yenə də Azərbaycandır. Bu, İran üçün də həyati əhəmiyyətə malikdir. İranla başqa bir əməkdaşlıq forması isə Azərbaycanla birgə avtomobil və dərman zavodlarının tikilməsidir. İki ölkə rasında ticarət dövriyyəsi ilbəil artmaqdadır. Ermənistan istisna olmaqla, qonşu ölkələr Azərbaycandan ciddi tərəfdaş kimi yararlanır. Rəsmi Bakı siyasi çevikliyi və iqtisadi potensialı hesabına bölgəyə nəzarət edir və mühüm proseslərin təşəbbüskarı olur. Bu baxımdan Ermənistan bölgədəki layihələrin hamısından kənarda qalıb. Bu da onun üçün böyük itkilər deməkdir. İşğalçı ölkə haqlı olaraq öz bəd əməlinin cəzasını çəkməkdədir.

Onu da qeyd edək ki, bu günlərdə ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsi üçün Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu bildirmişdi. ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Ermənistanda olan zaman sanki Azərbaycanın mövqeyini təkrarladı. Realist siyasətçi olan Con Bolton bildirdi ki, əgər Ermənistan dayanıqlı inkişafa nail olmaq istəyirsə, qonşu dövlətlərlə normal münasibətlər qurmağı bacarmalıdır. Yəni Ermənistanın çıxış yolu bundan ibarətdir. Bütün bunlar region dövlətlərinin və bütün beynəlxalq ictimaiyyətin Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləməsinin bariz nümunəsidir.

Bu gün Ermənistanın iddialarına baxmayaraq, Rusiya Paşinyan rejiminə inanmır və münasibətlərdə gərginlik və etimadsızlıq hökm sürür. Avropa İttifaqı Paşinyanı ciddi siyasətçi kimi qəbul etmir və daha çox gözləmə mövqeyi tutmaqdadır. 2017-ci ildə Serj Sarkisyanın hakimiyyəti dövründə Aİ Ermənistanda seçkilərin keçirilməsi üçün 7 milyon avro ayırdığı halda, Paşinyana ianə olaraq cəmi 3 milyon avro ayırıb. Bu ilin yayında Brüsseldə olan zaman Paşinyanın Aİ-dən əvəzsiz yardım formasında bir milyard avro tələb etməsi hələ də Aİ kuluarlarında gülüş obyektidir. Gürcüstanda ermənipərəst siyasətçi kimi tanınan və milli zəmində diskriminasiya xarakterli açıqlama verən Salome Zurabaşvili bütün inzibati resursların səfərbər olunmasına baxmayaraq, uğur qazana bilmədi. Bütün bunlara istinad edən ekspertlər hesab edirlər ki, Ermənistanın indiki rəhbərliyi regional və beynəlxalq reallığı düzgün dərk edib nəticə çıxarmadığı halda, işğalçı ölkənin iflası və özünü təcridi daha da dərinləşcək.

 

Daha çox xəbərlər