Qobustan-Poladlı avtomobil yolu yenidən qurulur
ARANTV.AZ xəbər verir ki, son illərdə dövlət başçısının sərəncamları və Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı çərçivəsində yol infrastukturu yenidən qurulur. Bu proses Qobustan rayonunu da əhatə edir. Qobustan-Poladlı avtomobil yolunun yenidən qurulması artıq yekunlaşır.
Qobustan-Poladlı avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun yenidən qurulur. Yolun ümumi uzunluğu 14.5 km-dir. Yenidənqurma zamanı yolun torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılıb. Əvəzinə yararlı material tökülərək kipləşdirilib, çınqıl-qum qarışığından yol geyiminin hamarlayıcı layı inşa olunub. Sonra əlaqələndirici bitum səpilməklə 2 laydan ibarət və 12 sm qalınlığında asfalt-beton örtüyünün döşənməsinə başlanılıb. Yolun hərəkət hissəsinin eni 6 metr nəzərə alınmaqla bu işlər 87 min kv.m sahəni əhatə edir.
Yenidənqurma zamanı yolboyu 7 yerdə yeni suötürücü dəmir-beton borular quraşdırılıb. Tikinti işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün 72 ədəd yol nişanı və məlumatverici lövhə, 15 km göstəricisi, 580 ədəd siqnal dirəkləri quraşdırılacaq, 43 km uzunluqda üfiqi nişanlanma xətləri çəkiləcək.

