Beynəlxalq Qızıl Xaç Komitəsi Bərdə şəhərində media nümayəndələri üçün seminar təşkil edib
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Bərdə şəhərində media nümayəndələri üçün seminar təşkil edib.
ARANTV.AZ xəbər verir ki, cəbhəyanı rayonlarda fəaliyyət göstərən media nümayəndələrinin iştirak etdiyi seminarda BQXK-nın Bərdə nümayəndəliyinin rəhbəri Gerardo Moloeznik tədbirin məqsədi haqqında məlumat verib.
Sonra BQXK-nın Bərdə nümayəndəliyinin rəhbərinin köməkçisi Xudaverdi Rzayev qurumun cəbhəyanı ərazilərdə həyata keçirdiyi fəaliyyət barədə təqdimat edib. Bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi səbəbindən cəbhə xəttinə yaxın ərazilərdəki əhali daim təhlükə altında yaşayır. BQXK Ağdam, Ağcabədi, Tərtər, Goranboy, Füzuli, Tovuz, Qazax, Gədəbəy rayonlarının cəbhəyanı icmalarında əhalinin təhlükəsizliyi, içməli və suvarma suyu ilə təminat, iqtisadi dayanıqlığın təmin edilməsi, əhalinin sağlamlığı və psixoloji durumu, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllü mobil qruplarının təlim və treninqləri kimi fəaliyyətlər həyata keçirir. Təmas xəttinə yaxın evlərin qapı və pəncərələrinin yerlərinin dəyişdirilməsi və mühafizə divarlarının tikilməsinə kömək göstərilir, əhaliyə ilk yardım vərdişləri aşılanır. İqtisadi dayanıqlığı təmin etmək üçün imkansız ailələrə qrant verilir, birdəfəlik maliyyə dəstəyi göstərilir və icma layihələri reallaşdırılır. BQXK öz fəaliyyətində Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə sıx əməkdaşlıq edir.
BQXK-nın İctimaiyyətlə əlaqələr departamentinin direktoru İlahə Hüseynova qurumun vəzifəsi, həyata keçirdiyi fəaliyyətlər, o cümlədən itkin düşmüş şəxslərin talelərinin aydınlaşdırılması və saxlanılmış şəxslərə dair fəaliyyətlərlə bağlı təqdimatlar edib. Bildirilib ki, neytral, müstəqil və qərəzsiz bir təşkilat olan BQXK-nın humanitar missiyası müharibə və digər zorakılıq hallarının qurbanlarının həyat və ləyaqətini qorumaq və onlara yardım göstərməkdən ibarətdir.
Seminarda diskussiyalar aparılıb, iştirakçıların sualları cavablandırılıb. KİV nümayəndələri, həmçinin BQXK-nın fəaliyyətinə dair videoçarxlar izləyiblər.azərtac



