Maraqlı 

Yer üzündə neft haradandır?

Müasir sivilizasiyanı neft olmadan təsəvvür etmək mümkün deyil. Neftdən və ondan hazırlanan məhsullardan bir sıra istehsal sahələri, nəqliyyat, hətta ümumilikdə bütün inkişaf prosesi asılıdır. Ancaq neft heç də insanlıqla bərabər yaranmayıb, milyon illər ərzində formalaşıb və bilirik ki, tükənən yeraltı sərvətlər sırasına daxildir. Bəs neft necə yaranıb?

Neftin yaranması ilə bağlı əsas nəzəriyyələr

Alimlər keçən əsrin əvvəllərində yer üzündə neftin haradan gəldiyinə dair müəyyən fikirlərə sahib idilər. Bu yeraltı sərvətin meydana gəlməsi prosesi xüsusilə, G. A. Mixaylovski tərəfindən geniş təsvir edilmişdir. Əsərlərində o, Qafqaz neftinin mənşəyinə də toxunmuşdur. Sonradan elm adamları onun fikirlərində bəzi səhvlər tapsalar da, Mixaylovskinin izahı hazırda neftin yaranması ilə bağlı dominant olan biogen mənşəli nəzəriyyə ilə üst-üstə düşür.

Qeyd edək ki, neftin biogen nəzəriyyəsi ilə yanaşı, abiogen və ya qeyri-üzvi mənşəli olması ilə bağlı nəzəriyyələr də mövcuddur.

Biogen nəzəriyyəyə əsasən neft necə əmələ gəlib?

Alimlər hesab edirlər ki, bu proses məhz yüz milyonlarla il bundan əvvəl Yer kürəsinin üzəri isti dənizlərlə örtülü olan zaman başlayıb. Dənizlər minerallarla və duzlarla zəngin idi və ona görə də üzvi maddələr parçalanmaya məruz qalmadan dibə çatırdı və 5-6 km dərinlikdə isə temperatur və təzyiqin təsirinə məruz qalırdı, nəticədə isə neft yarandı.

Abiogen (qeyri-üzvi) nəzəriyyə

Neftin yaranması ilə bağlı abiogen nəzəriyyənin tərəfdaşları hesab edirlər ki, neft torpağın alt qatında yüksək təzyiq və temperatur altında üzvi olmayan hidrogen və oksigendən əmələ gəlir.

Bu versiyanın lehinə olanlar qeyd edirlər ki, neft ilk dəfə Yerə kosmosdan gəlib.

Buna əsas arqumentlərdən biri kimi, elm adamları digər planetlərdə və meteoritlərin tərkibində karbohidrogenlərin mövcudluğunu göstərirlər.

Bütün bunlara baxmayaraq, alimlərin əksəriyyəti nefti üzvi mənşəli hesab edir və bu nəzəriyyə yeni-yeni enerji mənbələri axtarıb tapmağa imkan verir.

Nubar Süleymanova, “İki sahil”

Daha çox xəbərlər