Üçrəngli, ay-ulduzlu bayrağımız milli qürurumuzdur
9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü Oğuz rayonunda da bayram əhval-ruhiyyəsi ilə qeyd olunub.
ARANTV.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, əlamətdar gün və Azərbaycanın mədəniyyət mərkəzi Şuşa şəhərinin erməni işğalından azad edilməsi münasibətilə təşkil edilən bayraq yürüşünün iştirakçıları əvvəlcə Oğuz şəhərindəki “Şəhidlər xiyabanı”na gələrək, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş igid həmvətənlərimizin xatirəsinə ehtiramlarını bildiriblər.
Rayonun rəhbər işçilərinin, ictimaiyyət nümayəndələrinin, fəal gənclərin iştirak etdiyi yürüş Bayraq meydanında başa çatıb. Yürüş iştirakçıları üçrəngli bayrağımızın bu gün başımızın üzərində həmişəkindən daha qürurla dalğalandığını, Şuşa şəhərinin erməni qəsbkarlarından azad edilməsindən böyük fəxarət duyduqlarını xüsusi vurğulayıblar. Bildirilib ki, xalqımızın azadlığını, suverenliyini, milli kimliyini tərənnüm edən üçrəngli, ay-ulduzlu bayrağımız milli qürurumuzdur.

