Gündəm 

Qarabağ Azərbaycandır!

Sentyabrın 27-i səhər saat 6 radələrində Ermənistan Azərbaycanın işğal altında olan torpaqlarında yenidən atəşkəsi pozdu. Əslində, 2016-cı ilin aprel döyüşlərində olduğu kimi, bu dəfə də Ermənistan yeni torpaqlar işğal etmək üçün atəşkəsi pozaraq hücuma keçmişdi və heç gözləmədiyi şəkildə öz layiqli cavabını aldı, almağa da davam edir. Ali Baş Komandanımız cənab İlham Əliyevin təlimatları ilə əks hücuma keçən rəşadətli ordumuz düşmənin geri püskürtməklə qalmadı, işğal altında olan torpaqlarımızı da geri almağa başladı.

Bu, Vətən Müharibəsidir. Azərbaycanın haqq işini müdafiə edən Ali Baş Komandanımızın və güclü Azərbaycan ordsunun ətrafında yumruq kimi birləşən bütün vətəndaşlarımız da Vətən Müharibəsinin iştirakçılarıdır.

         Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev xalqa müraciət edərək cəbhə xəttindəki vəziyyətlə bağlı xalqı məlumatlandırdı, daha sonra isə hərbi vəziyyət, komendant saatı, müharibə vəziyyəti və qismən səfərbərlik elan edildi.

Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını uğurla alması, düşmənə sarsıdıcı zərbələr endirməklə cəbhədə əldə etdiyi qələbələr Azərbaycan xalqı tərəfindən böyük sevinclə və ruh-yüksəkliyi ilə qarşılandı. Azərbaycan vətəndaşları, xaricdə yaşayan azərbaycanlılar, eləcə də Türkiyə vətəndaşları bu nailiyyətlərə görə Prezident, Ali Baş Komandan İlham Əliyevə çoxsaylı təbrik və minnətdarlıq məktubları göndərib. Azərbaycan PrezidentiAli Baş Komandan İlham Əliyevin ünvanına “ermənilərə qarşı döyüş əmri” gözləyən minlərlə Türkiyə vətəndaşı məktub göndərib, qardaş ölkənin işğalçılardan azad olunması üçün daim hazır olduqlarını bildirib. Həmçinin, 27 sentyabrdan etibarən, bütün şəhərlərimizin küçələrində, yaşayış binalarının eyvanlarında, mağaza və digər obyektlərin fasadlarında üç rəngli Azərbaycan bayrağı dalğalanır. Əhali, cəbhədə qazanılan uğurlar və bəzi ərazilərin işğaldan azad edilməsinin şərəfinə evlərini bayraqlarla bəzəyir. Eyni zamanda avtomobillərdən də kiçik bayraqlar asılır.

Bir çox ölkə və Birləşmiş Millətlər Təşkilatı münaqişəni kəskin şəkildə qınayaraq hər iki tərəfi gərginliyi azaltmağa və mənalı danışıqları təxirə salmadan davam etdirməyə çağırmış, ƏfqanıstanUkraynaPakistanTürkiyə və Şimali Kipr Türk Respublikası isə Azərbaycana dəstək olduqlarını bildirmişdir.

Ermənistan Mülki Aviasiya Komitəsi 27 sentyabr 2020-ci il tarixdə qəbul edilmiş qərara uyğun olaraq 55 yaşdan aşağı şəxslər üçün çağırış elan edib. Bu çağırışlarla əlaqədər olaraq Ermənistanda 18 yaşdan 55 yaşınadək kişilər ölkəni yalnız ərazi hərbi komissarlıqlarının yazılı icazəsi ilə tərk edə bilərlər. 29 sentyabr tarixində, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın cəbhə xəttinə getməsi ilə əlaqədər olaraq, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan və 2008-ci il seçki sonrası iğtişaş iddiasında ittiham olunan digər keçmiş məmurların məhkəməsini təxirə salındı. 1 oktyabr tarixində  Ermənistan Milli Təhlükəsizlik Xidməti keçmiş yüksək rütbəli Ermənistan hərbi məmurunu Azərbaycan kəşfiyyat orqanlarına casusluq etməkdə şübhəli bilinərək həbs olunduğunu və xəyanətdə ittiham olunduğunu bildirdi. 2 oktyabr tarixində Ermənistan Dağlıq Qarabağa gedən bütün avtomobil yollarını bağlamışdır. Yollar sadəcə hərbi yerdəyişmə məqsədilə istifadə ediləcək. Ermənistan silahlı qüvvələrinin bir sıra ön xətt bölmələrinin şəxsi heyətinin demoralizə olunması, bir çox hərbi qulluqçunun isə ümumiyyətlə döyüşdən imtina etməsi səbəbilə Ermənistan Müdafiə Nazirliyi ölkə qadınlarına müraciət etməyə başlayıb. 2 oktyabr tarixində Ermənistan Müdafiə Nazirliyi tərəfindən qadın batalyonu yaradılıb və komplektləşdirilməyə başlanılıb. 9 oktyabr tarixindən etibarən Ermənistanda səlahiyyətlilər Dağlıq Qarabağdakı münaqişənin artması səbəbindən sentyabrın 27-də tətbiq olunan hərbi vəziyyəti sərtləşdiriblər və məhdudiyyətlər əlavə ediblər. Ermənistan Nazirlər Kabinetinin qərarına görə, ölkənin müdafiə qabiliyyətinə şübhə yaradan verilişlərin yayımlanması qadağandır. Dövlət və yerli idarəetmə orqanlarının vəzifəli şəxslərinə çıxışlar və nəşrlər də daxil olmaqla hərbi vəziyyətin və dövlət təhlükəsizliyinin qanuni rejiminin təmin edilməsi ilə bağlı fəaliyyətləri tənqid edən, təkzib edən, effektivliyini şübhə ilə qarşılayan və ya hər hansı bir şəkildə dəyərdən salan proqramları yayımlamaq qadağan edilib.

Hər zaman olduğu kimi düşmənin xain təxribatı, amansız qətliam… Mülki insanlarımız, qadınlar, körpələr həlak olur. Baxmayaraq ki, Gəncə və Bərdə şəhərləri döyüşlər gedən bölgələrdən xeyli uzaqdadır. Amma barbar Ermənistan öz faşist xisləti ilə, şizofrenik hiddətlə günahsız körpələrimizi hədəfə alıb. Hər şeyi bağışlamaq olar, əlbəttə, müharibədə ölüm də, itkilər də, dağıntılar da labüddür. Amma… O körpələrin al-qan içindəki üzlərini, bədənlərini, cansız bədənlərini yəqin ki, heç vaxt unutmayacağıq və bağışlamayacağıq. Necə ki, Xocalını nə unuda bilirik, nə bağışlaya. Xocalını heç bir yana qoya bilmirik. Od-alovdur Xocalı, əlində tutursan əlini yandırır, bağrına basırsan ürəyini… Gəncə də, Bərdə də bu gün həmin oddur, alovdur. Evində-yuvasında, isti yatağında bütün vəhşiliklərdən, dünyanın bütün pisliklərindən xəbərsiz uyuyan körpələrimizin qəfil partlayışdan yanan ürəyidir Gəncə. Evinin həyətində öz oyuncaqları ilə oynayarkən 7 yaşlı Aysunun ümidləri və xəyalları başlamadan bitməsidir, müharibədən uzaqda öz gündəlik işləri, günlük təlaşları, ailələrini dolandırmaq üçün evlərindən çıxmış günahsız insanlarımızın başından raket tökülərək yanması, al qana boyanmasıdır Bərdə.

Baxın, müharibə ərzində Gəncə və Bərdə camaatının başına sözün əsl mənasında od ələndi, ballistik raketlər uçuşur, evlər dağılır, insanlar doğmalarını, əzizlərini itirir, ancaq heç kəs tərk etmədi şəhərlərini. Hətta bu fikri yaxına belə buraxmırdılar. Hamını yalnız və yalnız müzəffər Ordumuzun azad etdiyi torpaqlar düşündürürdü. Ruh düşkünlüyü, qorxu, təşviş, narahatlıq yox idi heç kəsdə.

Bu, həm də fədakarlıqdır, misilsiz, miqyassız fədakarlıq!!!                            

Eynilə Tərtər də Qəhrəman Şəhərdir. Düz 30 ildir ki, düşmənin qabağında rəşadətlə dayanır Tərtər və tərtərlilər. Elə kəndlər var ki, məsələn, Qapanlı kimi, düşmən gülləsi nəfəs qədər yaxınlıqdadır. Qəlblərinə tuşlanmış silahın lüləsini də görürlər. Amma o sakinlər o kəndləri nəinki tərk ediblər, əksinə, cəngavər kimi dayanıblar düşmənin qabağında. Birinci Qarabağ savaşında Tərtər uğrunda uzun müddət ağır döyüşlər getdi. Amma Tərtər dözdü, müdafiə olundu, dayandı. Ermənilər işğal edə bilmədi Tərtəri…

Atəşkəs dövründə çox əziyyətləri, məşəqqətləri oldu bu camaatın. Canına, malına susadı xain düşmən. Amma Tərtər çəpər kimi, divar kimi, səngər kimi sipər oldu erməni silahlı birləşmələrinin qarşısında. Burda döyüş xəttini yarmaq, bir addım irəliləmək müyəssər olmadı qarşı tərəfə.

Sentyabrın 27-dən bu yana tərtərlilər yenə cəsurca, mərdi-mərdanə dayanıblar düşmənin qarşısında. Burada da hədəfdə mülki insanlardır, qadınlar, uşaqlardır, mülki infrastrukturdur. Hər gün başlarına mərmi yağır. Ölüsünü belə arın-arxayın dəfn edə bilmir əhali. Oktyabrın 15-i qəbiristanlığa atılan raket 3 can aldı, 3 nəfər ağır yaralıdır. Amma heç kəs yerindən tərpənmir, evini tərk etmir. Bu möcüzəvi, mistik bir İnamdır. İnsanlar öz dövlətinə, Ordusuna, Ali Baş Komandanına və Qələbəyə inanır. Və ən başlıcası, heç kəs ölümdən qorxmur. Ölüm bu torpaqlarda adiləşib. Hədsiz adiləşib. Qarabağın Azadlığı hər kəsə canından, sağlamlığından daha qiymətli, daha dəyərlidir…

Ölkəmizdə vəziyyət Ermənistandan çox fərqli idi, vətən müharibəsi davam edir, rəşadətli ordumuzdan gələn qələbə xəbərlərinin ardı-arxası kəsilmirdi.

 Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tez-tez xalqa müraciət edərək, açıq və şəffaf şəkildə xalqa cəbhədəki vəziyyətlə bağlı məlumatlar və işğal altındakı Azərbaycan torpaqlarının rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildiyi müjdəsini verirdi. Hazırda, Azərbaycanın işğal altında olan ərazilərindən rayon, qəsəbə kənd olmaqla 300-ə yaxın yaşayış məntəqəsi işğaldan azad olunmuşdur.

8 noyabr 2020-ci il, bu tarix bizim üçün artıq çox önəmlidir, bu tarix bizim əziz Şuşamızın, Qarabağımızın incisi Şuşamızın, mədəniyyət beşiyi Şuşamızın işğaldan azad edildiyi tarixdir. Xalqımızın sevincinin həddi-hüdudu yoxdur, axı nəinki, Şuşalılar bütün Azərbaycan xalqı bu xəbəri böyük səbirsizliklə gözləyirdi. Artıq gözyaşlarımız qəmdən, kədərdən yox, sevincdən axırdı. Ölkəmizdə 7-dən 70-ə hər kəs küçələrə çıxaraq bayram edir, öz sevinclərini bölüşür, ordumuza və Ali Baş Komandanımıza öz sonsuz təşəkkürlərini bildirirdilər.

9 noyabr bu tarix bizim üçün əzizdir, bizim üçün bayramdır, bizim Bayraq günümüzdür. Bundan sonra isə bizim üçün iki qat bayram olacaq. Çünki, 10.11.2020-i il tarixdə gecə saatlarında Azərbaycan xalqı bəlkə də ömürləri boyunca ala biləcəkləri ən sevincli xəbəri aldılar. Düşmən məğlub oldu, biz qələbə çaldıq. Azərbaycan Respublikası, Rusiya Federasiyası və Ermənistan Respublikası arasında 9 maddədən ibarət bəyanat imzalandı. Bununla da, Azərbaycan Respublikası 44 günlük Vətən müharibəsinin sonunda zəfər çalan tərəf oldu. Ali Baş Komandan həmin xoş xəbəri gecə saatlarında televiziyadan xalqa müraciət edərək bildirdi. 30 ildir bu xəbərin həsrəti ilə yaşayan xalqımız bütün gecəni küçələrdə sevinclə qeyd etdilər.

Cənab Prezident, bu günlərdə yalnız Qarabağ uğrunda müharibə aparmadı. Eyni zamanda, eyni əzmkarlıqla bu Millətin Ruhunu ayağa qaldırdı: Bu Millətin 1813-də, 1828-də, 1905-də, 1918-də, 1929-də, 37-də… və 1988-də qırılan, əzilən Varlığını ayağa qaldırdı. Artıq, Ağdamda, Kəlbəcərdə və Laçında Azərbaycan bayrağı dalğalanacaq, necə ki, işğaldan azad olunmuş digər rayonlarımızda olduğu kimi. Hansı rayonlarımız ki, indiyədək bizə yalnız uzaqdan görünən, əlçatmaz olan, rəşadətli ordumuzun azad etdikləri rayonlar, qəhrəman əsgərlərimiz orda Üçrəngli bayrağımızı dalğalandırır artıq…

Tarix yazmaq, bir millətin taleyini dəyişmək, sərhədlərini birləşdirmək, bütövləşdirmək, coğrafiyası, ərazisi ilə yanaşı, özünü də bütünləşdirmək miqyasagəlməz xidmətdir. Tanrı Prezidentimiz, Ali Baş Komandanımız cənab İlham Əliyevi və Azərbaycan Əsgərini qorusun. Qarabağ Azərbaycandır!

Züleyxa Mustafayeva , Tərtər rayon Qeydiyyat şöbəsinin rəisi vəzifəsini icra edən

 

Daha çox xəbərlər