22 Noyabr-Ədliyyə işçilərinin peşə bayramı günü.
22 Noyabr-Ədliyyə işçilərinin peşə bayramı günü.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş 22 noyabr – ədliyyə işçilərinin peşə bayramı hər il ölkəmizdə təntənəli surətdə qeyd olunur. 1918-ci il noyabrın 22-də Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Nizamnaməsi təsdiq edilib. Məhz buna görə də ulu öndər Heydər Əliyev həmin tarixi ədliyyə işçilərinin peşə bayramı kimi elan edib.
1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi, daha sonra Hüquqi İslahat Komissiyasının yaradılması və səmərəli fəaliyyəti, qısa müddətdə məhkəmə və hüquq-mühafizə orqanlarının fəaliyyətini tənzimləyən yeni qanunvericilik aktlarının qəbulu ölkədə ədliyyə sisteminin sürətli inkişafına zəmin yaradıb, Ədliyyə Nazirliyinin fəaliyyətində əsaslı dəyişikliklər aparılaraq nazirlik dövlətin hüquq siyasətini həyata keçirən əsas orqanlardan birinə çevrilib.
2003-cü ildən ümummilli lider Heydər Əliyevin hüquq siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin insan hüquqlarının etibarlı qorunması, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, hüquqi xidmətin yaxşılaşdırılması barədə tapşırıqlarının icrası üzrə görülmüş tədbirlər nəticəsində ədliyyə sistemi öz inkişafının yeni, müasir mərhələsinə qədəm qoyub. Dövlətimizin başçısı tərəfindən nazirliyin yeni Əsasnaməsi təsdiq olunaraq cəmiyyətdə mühüm rolu təsbit edilib, ona hüquq-mühafizə orqanı statusu verilib. Azərbaycan Respublikası Milli Məclisinin 2006-cı il 26 may tarixli iclasında qəbul edilən “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu ədliyyə orqanlarında, idarələrində və təşkilatlarında, penitensiar xidmətdə qulluqkeçmə qaydalarını və şərtlərini, bu orqanların işçilərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edib. Qanunda ədliyyə işçilərinin əsas hüquqları genişləndirilib, vəzifələri dəqiqləşdirilməklə məsuliyyətləri artırılıb, həmçinin onların sosial müdafiəsinin gücləndirilməsi, maddi təminatının möhkəmləndirilməsi məsələləri əksini tapıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il avqustun 17-də imzaladığı “Ədliyyə orqanlarının inkişafı haqqında” Fərman əsasında aparılan islahatlar çərçivəsində Ədliyyə Nazirliyinin funksiya və səlahiyyətləri dəqiq müəyyənləşdirilib, onun cəmiyyətdə rolu və əhəmiyyəti daha da artıb, nazirliyin üzərinə yeni məsul vəzifələr qoyulub, yeni struktur qurumlar yaradılıb.
Ədliyyə Nazirliyinin əsas fəaliyyət istiqamətlərindən biri də vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılması sahəsidir. Bu təkmilləşdirmə, müasir texnologiyaların tətbiqi, hüquqi və innovativ islahatlar bu sahəyə də tətbiq edilib. Belə ki, “Vətəndaşlıq Vəziyyəti Aktları” Avtomatlaşdırılmış Qeydiyyat İnformasiya Sisteminin formalaşdırılması hüquq və informasiya sahələrində daxili və beynəlxalq təcrübəni nəzərə almaqla müasir proqramlaşdırma mühiti və yeni informasiya mühafizəsi metodları əsasında sistemin fəaliyyətini təmin edən tətbiqi proqram təminatı 2008-ci il iyulun 1-dən etibarən tam gücü ilə istifadəyə verilib. Qanun üzrə hüquq və vəzifələrin meydana gəlməsi, dəyişdirilməsi və onlara xitam verilməsinə səbəb olan hadisələr və vətəndaşların hərəkətləri vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı vasitəsilə rəsmiləşdirilir. Fiziki şəxsin hüquqi statusu və onun qeydiyyatı mülki hüquq münasibətlərinin yaranmasının əsasını təşkil edir. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sistemi insan hüquqlarının qorunması, sosial-müdafiə proqramlarının həyata keçirilməsi, ailə sağlamlığının təmin olunması, əhalinin mənəvi sağlamlığının müdafiə edilməsi və cəmiyyətdə mövcud olan bir çox digər mühüm hüquqi və sosial proseslərdə vacib rol oynayır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və təkrar şəhadətnamələr verirlər. Azərbaycan Respublikasının ərazisində hazırda 99 rayon (şəhər) və “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən qeydiyyat şöbələri fəaliyyət göstərir. Bu gün qeydiyyat orqanları tərəfindən əksər xidmətlər məhz elektron formada göstərilir. Bu isə öz növbəsində bir çox rəsmi xidmətləri asanlaşdırmaqla, eyni zamanda, dövlət orqanlarının işini şəffaf və açıq şəkildə həyata keçirmələrinə imkan yaradır. Tətbiq olunan yeniliklərdən biri kimi nikaha daxil olma yaşının bərabərləşdirilməsi və erkən nikahın qarşısını almaq üzrə profilaktik tədbirlərin gücləndirilməsini qeyd etmək olar. Bu gün erkən nikahlara qarşı maarifləndirici mübarizə tədbirləri geniş miqyas alır, bu istiqamətdə olduqca ciddi addımlar atılır. Nikah və onunla əlaqəli hüquqi məsələləri Azərbaycan Respublikasının Ailə Məcəlləsi tənzimləyir. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı və onların nikah yaşına çatmaları zəruridir. 2011-ci ilə qədər ölkəmizdə nikah yaşı qadınlar üçün 17, kişilər üçün isə 18 olsa da, Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə 2011-ci il noyabrın 15-dən etibarən Ailə Məcəlləsinə edilən dəyişikliyə əsasən nikah yaşı kişi və qadınlar üçün 18 yaş müəyyən olunub. Belə ki, bəzi üzrlü səbəblər olduqda müvafiq icra hakimiyyəti orqanı nikah yaşının bir ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Bu mütərəqqi qanunvericilik dəyişikliyi Azərbaycanda ailə dəyərlərini qorumaqla yanaşı, dünyəvi cəmiyyətin inkişafı üçün mühüm addım idi.
Hazırda dövlətimizin qarşımıza qoyduğu əsas tələblərdən biri vətəndaş məmnunluğudur. Bunun bariz nümunəsi dövlət başçısının təşəbbüsü ilə yaradılmış və artıq Azərbaycan brendinə çevrilmiş “ASAN xidmət” mərkəzlərini misal gətirmək olar. Bu mərkəzlərin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 17 dekabr tarixli Fərmanına əsasən, nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçmələri ilə bağlı tələb 2015-ci ilin yanvarın 1-dən qüvvəyə minib. Bu məsələ ilə bağlı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rolu xüsusilə qeyd edilməlidir. Nazirlər Kabinetinin 2015-ci 28 aprel tarixli 122 nömrəli qərarı ilə nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydaları təsdiqlənib, tibbi müayinə olunmalı xəstəliklərin siyahısı müəyyənləşdirilib. Bu məqsədlə müvafiq səhiyyə müəssisələrində, “ASAN xidmət” mərkəzlərində zəruri şərait yaradılıb. Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş müvafiq tibb müəssisələrində həyata keçirilir. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış onların Qeydiyyat şöbələrinə nikaha daxil olmaq barədə verdikləri ərizəyə əlavə olunur. Qeyd edilməlidir ki, qanunvericilikdə edilən bu dəyişiklik olduqca mühüm olmaqla, gələcəkdə baş verə biləcək xəstə uşaqların doğulması hallarının qarşısını alır və evlənən cütlüklər bir-birinin sağlamlığı barəsində məlumat əldə etməsinə zəmin yaradır. Bundan əlavə, dövlət orqanları arasında elektron sənəd və informasiya mübadiləsi, o cümlədən vahid bazanın yaradılması vətəndaşlara qısa zamanda və tam şəffaf xidmət göstərməyə imkan yaradıb. Burada Ailə Məcəlləsinin 166-cı maddəsinə əsasən doğumun qeydə alınması qaydası qeyd etmək yerinə düşər. Belə ki, doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal Səhiyyə Nazirliyinə, daha sonra isə məlumat informasiya sistemi vasitəsilə Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülür.
Hər il 15 may – Beynəlxalq Ailə Günü münasibətilə VVAQ şöbələri tərəfindən tədbirlər keçirilir. Azərbaycan ailəsinin öz iradəsi, mərdliyi, saflığı ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında müstəsna rol oynadığını, ailənin firavanlığının və xoşbəxtliyinin ölkənin tərəqqisinin əsas göstəricisi olduğunu nəzərə alaraq, Beynəlxalq Ailə Günündə VVAQ şöbələri tərəfindən nikahları yeni qeydiyyata alınmış şəxslərə nikah şəhadətnamələri paylanılaraq insan həyatının ailədən başlandığı və buradan onun bir vətəndaş kimi formalaşması diqqətə çatdırılır.
Eyni zamanda, 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə VVAQ şöbələrinin iştirakı ilə hər il silsilə tədbirlər keçirilir. Uşaqların Beynəlxalq Müdafiəsi Günü 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan Qadınların Beynəlxalq Konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səsləndirilib. Elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb və dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da qeyd edilir. Ənənəvi olaraq həmin gün valideynlərə yeni doğulmuş uşaqları üçün təntənəli şəkildə doğum haqqında şəhadətnamələr təqdim edilir.
Ölkəmizin ədliyyə sisteminin inkişafı və təkmilləşdirilməsi daim dövlətimizin başçısı İlham Əliyevin diqqət mərkəzindədir. Ədliyyə sahəsində tətbiq olunan yeniliklərin hər biri xalqımızın mənafeyinə, vətəndaşlarımızın rifahının yüksəldilməsinə xidmət edir. Ölkə vətəndaşları bu dəyişiklikləri öz gündəlik həyatlarında da açıq-aşkar hiss edərək qiymətləndirirlər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva milli-mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərirlər. Dövlətimizin başçısı İlham Əliyev müasir Azərbaycan dövlətinin həyatında ailə dəyərlərinin önəmini yüksək qiymətləndirərək deyib: “Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksək olmalıdır”.
Beləliklə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 102 illik tarixi dövr ərzində zəngin, keşməkeşli bir yol keçərək müasir inkişaf mərhələsinə çatıb, dövlətin hüquq siyasətini həyata keçirən orqana çevrilib, səlahiyyətləri xeyli genişlənib, cəmiyyətdə nüfuzu daha da yüksəlib. İldən-ilə ölkəmizdə aparılan hüquqi islahatlarda biz – ədliyyə işçilərinin də fəal iştirak etməsi qürurverici hal olmaqla, bizlərdə fərəh hissi yaradır. İnanırıq ki, Azərbaycan ədliyyəsinin uğurları davamlı olacaq.
Züleyxa Mustafayeva , Tərtər rayon Qeydiyyat şöbəsinin rəisi vəzifəsini icra edən

