Şəhidin ailəsinə yazdığı VƏSİYYƏTİ TAPILDI – FOTO
Vətən uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Abdurahmanov Elvinin vəsiyyəti tapılıb.
ARANTV.AZ Sonxeber.az-a istinadən xəbər verir ki, telefona yazılan vəsiyyətdə “Əgər mənə nəsə olsa, qırmızı flaş kartımda şəkillər var. Onlar silinib. Elçin, Məcnun, onları geri qaytarın, xatirə olaraq qalsın! Atama, anama yaxşı baxın. Vətənimizə, bayrağımıza, millətimizə bağlı namuslu oğullardan olun, inşallah. Hər kəsin həyatda bir arzusu var. Mənim də qəlbimdə ən böyük arzum bir gün Vətənim üçün şəhid olmaqdır. Allaha əmanət olun, canım qardaşlarım!” yazılıb.
Qeyd edək ki, Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin giziri Abdurahmanov Elvin Əbülfəz oğlu Qəbələ rayonu, Əmirvan kəndində dəfn olunub.
Şəhidimizin atası Əbülfəz Abdurahmanov oğlunun subay olduğunu deyib:
“Oğlum hələ evlənməmişdi. İki il idi ki, nişanlı idi. Hələ orta məktəb illərində, V-VI sinifdə oxuyarkən sevdiyi qızla nişanlı idi. Gələn il toyunu etməyə hazırlaşırdıq, qismət olmadı. Sən demə, oğlum özü də bilirmiş ki, şəhid olacaq…”


