Sosial 

Şəhidlərin əziz xatirəsi heç vaxt unudulmayacaq

Hər bir savaş, müharibə itkisiz olmadığı kimi, Vətən müharibəsi də itkisiz başa çatmadı. Müdafiə Nazirliyinin Vətən müharibəsində həlak olan və yaralanan hərbi qulluqçular barədə yaydığı məlumatda da qeyd olunduğu kimi, otuz ilə yaxın həsrətində olduğumuz torpaqlarımız şəhidlərimizin qanı və canı bahasına işğaldan azad edilib. Döyüş əməliyyatı planlarının yüksək peşəkarlıqla hazırlanması, yüksək texnologiyaların tətbiqi, müxtəlif qoşun növlərinin fəaliyyətinin səmərəli əlaqələndirilməsi, havada mütləq üstünlüyün əldə edilməsi, ordumuzun manevr qabiliyyəti, digər taktiki və strateji üstünlükləri şəxsi heyətin sıralarında itkilərimizi əsaslı dərəcədə azaldıb. Lakin yuxarıda qeyd etdiyimiz kimi, müharibə itkisiz olmur. Belə ki, Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.

Ölkəmizdə şəhidlərin xatirəsinin daim əziz tutulması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin “Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında” Sərəncamına əsasən Azərbaycan Respublikasında Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə 2020-ci il dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükut elan edildi. Eyni zamanda həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanında olub və şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Dövlətimizin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil, birinci xanım Mehriban Əliyeva gül dəstəsi qoyublar. Onu da qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən müharibəsinin qəhrəman şəhidlərinin əziz xatirəsi ölkəmizin hər yerində, məscidlərdə, kilsələrdə, sinaqoqlarda da dərin ehtiramla yad edilib. Bütün bunlar şəhidlərimizə dərin minnətdarlıq, hörmət, sevgi və ehtiramın nümunəsidir ki, bu da təsadüfi deyil. Çünki igid Vətən oğulları Azərbaycanın gələcəyi naminə canlarından keçiblər. Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Vətən müharibəsində həlak olmuş şəhidlərlə bağlı paylaşımda da bunu xüsusi olaraq diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan xalqının igid oğulları Zəfər naminə, Azərbaycanın gələcəyi naminə canlarından keçiblər. Onların hər biri əsl qəhrəman, rəşadət və qorxmazlıq nümunəsidir: “Bu gün mən şəhidlərimizin ailələri ilə birlikdə kədərlənir, Vətən naminə canından keçməyə hazır olan oğullar tərbiyə etmiş valideynlərin qarşısında baş əyirəm. Şəhidlərimizin qanı nahaq yerə tökülmədi – biz tarixi ədaləti bərpa etdik, müqəddəs Qələbə qazandıq. Bu Qələbə xalqımızın tarixinə əbədi həkk olundu! Hər birimiz bu Zəfərin nəyin bahasına qazanıldığını yadda saxlamağa borcluyuq! Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq. Onlar bizim qəlbimizdə daim yaşayacaq. Allah şəhidlərimizə rəhmət eləsin, yaralılara tezliklə şəfa, onların ailələrinə və yaxınlarına güc və səbir versin! Uca Tanrı Azərbaycanı və Azərbaycan xalqını qorusun!”.

Dövlət başçımızın və birinci xanımın şəhidlərimizə yüksək ehtiramı Vətənimizin müdafiəsi uğrunda canını qurban verənlərin valideyinlərinə, yaxınlarına, əzizlərinə təsəlli, həm də mənəvi dəstəkdir. Dövlətimizin başçısı daim bildirib ki, şəhidlərimiz, ərazi bütövlüyümüz uğrunda sağlamlıqlarını itirənlər heç vaxt unudulmayacaq. Dövlətimiz hər zaman onların qayğısına qalacaq.

Yeri gəlmişkən onu da qeyd edək ki, şəhid ailələrinin və müharibə əlillərinin problemlərinin həlli daim dövlətin diqqət mərkəzindədir. Onların mənzil-məişət və iş problemlərinin həlli, avtomobillərlə təminatı, aylıq təqaüdün və birdəfəlik ödəmələrin vaxtlı-vaxtında verilməsi göstərilən qayğının əyani təzahürüdür. Bu istiqamətdə çox böyük işlər görülüb, müxtəlif tədbirlər həyata keçirilib. Təkcə onu demək kifayətdir ki, 8 mindən çox şəhid ailəsi, müharibə əlili mənzillərlə təmin edilib və 7 minə yaxın avtomobil verilib. Bu il 1500 şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilir və ediləcəkdir. Bütün mənzillər yüksək keyfiyyətlə tikilib və mənzillər bütün avadanlıqla təmin olunub. 2018-ci ildə keçirilən prezident seçkilərindəki qələbəsindən sonra dövlətimizin başçısı İlham Əliyevin imzaladığı ilk Fərmanı şəhid hərbi qulluqçuların ailələrinə 11 min  manat birdəfəlik ödəmənin verilməsi oldu ki, bu da kövrək qəlbli insanların sosial müdafiəsinin daha da möhkəmləndirilməsi istiqamətində atılan ən mühüm addımlardan biridir.

Mənsumə Babayeva, “İki sahil”

Daha çox xəbərlər