Cəmiyyət 

Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi Rasim Ocaqovun 85 illiyi qeyd olunub

ARANTV.AZ xəbər verir ki, Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, rejissor, operator, SSRİ və respublika dövlət mükafatları laureatı, Xalq artisti Rasim Ocaqovun 85 illiyi qeyd olunub. Paytaxtda və görkəmli rejissorun doğulduğu Şəkidə keçirilən tədbirlərdə bildirilib ki, Rasim Ocaqov ekran əsərləri ilə milli kino sənətimizə dəyərli töhfələr verib.

Baxmağa heç vaxt doymadığımız bu filmləri birləşdirən bir ad var… Rasim Ocaqov… Vaxt ötsə də, bu filmlər yenə də seviləcək. O da kinonu sevirdi! Onun çəkdiyi filmlər Rasim Ocağovun dövləti – varı idi. 

Noyabrın 22-də Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, rejissor, operator, SSRİ və respublika dövlət mükafatları laureatı, Xalq artisti Rasim Ocaqovun anadan olmasının 85 illiyi tamam oldu. Bu münasibətlə Rasim Ocaqovun doğmaları, tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri ikinci Fəxri xiyabana gələrək sənətkarın məzarını ziyarət edib, xatirəsini andılar. Bildirildi ki, Rasim Ocaqovun adı dünya kino nəhəngləri ilə bir sırada çəkilməyə layiqdir. Rasim Ocaqovun Azərbaycan kinosunun inkişafı naminə gördüyü işlər yükdək qiymətləndirildi. Bu məkan isə görkəmli kinorejissorun iş otağı olub. Burada onun bəzi şəxsi əşyaları və ekranlaşdırdığı filmlərin fotoları yer alıb. Rasim Ocaqovun 85 illiyi münasibətilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında yerləşən bu otağın təmirdən sonra açılışı oldu. Görkəmli rejissorun 85 illik yubileyi onun doğulub boya-başa çatdığı Şəki şəhərində böyük məhəbbətlə qeyd edildi. Şəhər rəhbərliyi, sənətkarın ailə üzvləri və sənət dostları, yubiley tədbirinə dəvət olunan qonaqlar, əvvəlcə Rasim Ocaqovun barelyefi önündə kinorejissorun xatirəsini ehtiramla yad etdilər. Sonra tədbir iştirakçıları Rasim Ocaqovun adı verilən Şəki Uşaq-Gənclər İnkişaf Mərkəzinin açılışında iştirak etdilər. Mərkəzin nəzdində fəaliyyət göstərəcək uşaq kino-foto studiyasının əsas məqsədi uşaqların bu yaradıcı sahəyə marağının artırılmasıdır. Rasim Ocaqovun 85 illiyi ilə bağlı təşkil edilən axşam da onun xasiyyətinə uyğun – sadə, səmimi və kinoya, bu sənətə bağlı olanlara böyük sevgi ruhunda keçdi. Yubiley tədbirinin iştirakçıları əvvəlcə kinorejissorun həyat və yaradıcılığından bəhs edən foto-ekspozisiya ilə tanış oldular. Kinorejissorun çəkdiyi filmlərdən fraqmentlər, filmlərində rol almış aktyorların yaratdıqları obrazlar, çəkiliş meydançalarından görüntülər və digər fotolar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı. Sonra görkəmli rejissorun 85 illik yubileyi ilə əlaqədar Kinematoqrafçılar İttifaqında keçirilən “Şəki, mən səni sevirəm” müsabiqəsinin qalibləri mükafatlandırıldı. Azərbaycan kinosunun döyünən ürəyi – Rasim Ocaqov bu gün aramızda olmasa da, yaratdığı əsərləri yaşayır və yaşayacaq.

Daha çox xəbərlər