Ölkəmizdəki istixana komplekslərinin əksəriyyəti Şəmkir rayonundadır
ARANTV.AZ xəbər verir ki, ixracyönlü kənd təsərrüfatı məhsullarından olan pomidor və xiyar ölkəmizdə əsasən istixana şəraitində becərilir. Bu sarıdan Şəmkir rayonu öndə dayanır. Ölkəmizdəki istixana komplekslərinin əksəriyyəti bu rayondadır. İstixanalar arasında tərəvəz becərilən istixanaları şitillə təmin edənləri də var. Məhsuldar, ekoloji təmiz şitil məhz burada yetişdirilib rayonun, eləcə də digər bölgələrin şitilə olan tələbatı ödənilir.
Şəkildə gördüyünüz bu istixana Şəmkirdəki digər istixanalardan fəqlənir. Burada tərəvəz becərilən digər istixanalar üçün şitil yetişdirilir. Şəmkirin istixanalarında yetişdirilən tərəvəzin sorağı isə xarici ölkələrdən gəlir. Respublikamızdan ixrac edilən pomidor və xiyarın böyük hissəsi bu rayonun payına düçür. Keyfiyətinə də söz yoxdur. Belə olmasaydı, ixracın həcmi, rayonda istixanaların da sayı artmazdı. Əliyaqublu kənd sakini Ələmdar Süleymanov 30 ildir şitil becərməklə məğuldur. Artıq böyük təcrübə sahibidir. Onun yetişdirdiyi şitillər məhsuldarlığı və ekoloji təmizliyi ilə seçilir. Elə buna görə də Qazax, Ağstafa, Goranboy, Tərtər rayonlarının iş adamları da tərəvəz şitillərini məhz ondan alırlar. Fermer deyir ki, ştil yetişdirilməsində, bol məhsul götürülməsində ən vacib məsələ sağlam və məhsuldar toxumun əldə olunmasıdır. Bunun üçün də bir çox məqamlara xüsusi diqqət edilməlidir.
Şitil yetişdirilməsi zəhmət, vaxt və səbr tələb edən işdir. Şitili yetişdirmək üçün xüsusi ayrılmış sahələrdən gətirilən xam torpaq ilkin olaraq ələkdən keçirilir və yeşiklərə yığılır. Sonra hamarlanır, nəmlik yaradılması üçün suvarılır, şırım açılır. Sonrasını da fermer özü danışacaq.
Bu işlərlə Ələmdar Süleymanov təkbaşına məşğul olmur, şitilçiliyi bütün ailə üzvlərinin köməyi ilə inkişaf etdirə bilib. Deyir ki, şitilçilik böyük zəhmət tələb etdiyindən əlavə işçi qüvvəsinə də ehtiyyac duyulur. Ona görə də hazırda şitilxanada sahibkarın ailə üzvlər ilə yanaşı 5 nəfər yerli sakin də işlə təmin olunub.
Bu üsulla sentyabr ayına qədər xiyar, sentyabr ayından marta qədər isə pomidor ştilləri yetişdirirlər. Hər mövsümdə 500 min – 1 milyon arası ştil yetişdirən Ələmdar Süleymanov dövlət tərəfindən yaradılmış güzəştlərdən istifadə edərək gələcəkdə istixana təsərrüfatını böyütmək niyyətindədir.

