Siyasət 

Türkiyə-Azərbaycan dostluğu möhkəm təmələ əsaslanır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər paradında iştirak etmək üçün ölkəmizə səfəri qardaş ölkənin 44 günlük müharibənin ilk anından Azərbaycana verdiyi dəstəyin aydın ifadəsini yaratdı

Dövlətimizin başçısı İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan Ordusu 44 gündə Zəfər tarixini yazdı. Vətən müharibəsi 44 gün davam etsə də, onun nəticəsi, Azərbaycanın hərbi-siyasi qələbəsi min illərlə danışılacaq. Vətən müharibəsi ərazi  bütölüyümüzün təmin olunması üçün haqqın-ədalətin bərpası içtiqamətində göstərilən şücaəti, eyni zamanda, kimin kim olduğunu, kimin dostun, kimin düşmənin yanında olduğunu nümayiş etdirdi. Bu həlledici məqamda yenə də Azərbaycan-Türkiyə birliyi öz sarsılmazlığı ilə diqqətdə oldu. Müharibənin ilk günündən Azərbaycanın tək olmadığını, Türkiyənin Azərbaycanın yanında olduğunu bildirən dost, qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfərimizin, Azərbaycan Ordusunun Qələbəsinin dünyaya təqdimatı olan Zəfər paradında da ölkəmizi tək qoymadı, birlik, həmrəylik nümayiş etdirərək bu fikri böyük inam və qətiyyətlə səsləndirdi: “Rəbbimə bizlərə bu günləri yaşatdığı üçün sonsuz şükür edirəm. Bu gün burada bütün qəlbimlə bir daha təkrarlamaq istəyirəm: Qarabağ Azərbaycandır! Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrət sona çatmışdır. Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır. Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir. Allah köməyimiz olsun!”

Azərbaycan-Türkiyə birliyi, həmrəyliyi  bu günün, dünənin dostluğu deyil. Bu dostluq, qardaşlıq dərin köklərə, tarixə malikdir. “Bizim birliyimizdən çox şey asılıdır” söyləyən Prezident İlham Əliyev   Türkiyə-Azərbaycan dostluğunun sarsılmazlığını daim  faktlar əsasında diqqətə çatdırır.  Azərbaycanın müstəqilliyini ilk tanıyan qardaş Türkiyə təmsil olunduğu  bütün beynəlxalq təşkilatlarda ölkəmizi dəstəkləməklə  haqq işimizin müdafiəsi üçün  bizim qədər əzmkarlıq göstərir. Rəsmi dövlət  nümayəndələrinin, eyni zamanda,    güclü diasporun   Azərbaycanın ərazi bütövlüyünün qorunması istiqamətində göstərdiyi səy qardaş dəstəyi olmaqla türk dünyasının birliyi və həmrəyli yolunda  atılan ciddi siyasi addımlar hesab edilir.

Prezident İlham Əliyevin bildirdiyi kimi, türk dünyası böyük qüvvədir. Bu böyüklük öz möhkəmliyini və yenilməzliyini xalqların birliyi ilə  sübut edir. Türkiyə -Ermənistan sərhədlərinin açılmasını nəzərdə tutan protokolun imzalanması, eyni zamanda, ondan sonrakı mərhələdə baş verən hadisələr bütün dünya xalqlarına bəlli etdi ki, Azərbaycan-Türkiyə dostluğu, eyni kökdən qaynaqlanan xalqların əzmi yenilməzdir. “Ermənistan tərəfindən işğal olunan  Azərbaycan torpaqları  azad olunmayınca sərhədlərin açılması mümkün  deyil” kimi qərarında israrlı olan rəsmi Ankaranın  44 günlük müharibədə göstərdiyi dəstək bu qardaşlığın digər xalqlara xas olan əlaqələrindən fərqli olduğunu bir daha  nümayiş etdirdi.

Ən qüdrətli dövlətlərin iqtisadi inkişafının əsas amili kimi diqqət yetirilən enerji təhlükəsizliyinin təminatında böyük rolu olan Türkiyə və Azərbaycanın gələcəkdə daha böyük layihələrin təşəbbüsçüsü olacaqlarına,     inamların  tükənməzliyi bu gün də aktuallığını qoruyur. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə rəsmi səfəri çərçivəsində imzalanan sənədlər qarşıdakı illərdə görüləcək işlərin aydın mənzərəsini yaradır.

Dövlətimizin başçısı Azərbaycan-Türkiyə birliyinin möhkəmlənməsinin həm ölkələrimiz, xalqlarımız, həm də  dünyada gedən proseslər üçün çox böyük əhəmiyyəti olduğunu bildirir: “Bu gün Türkiyə ilə Azərbaycan birliyi təkcə xalqlarımız üçün deyil, bölgə üçün, dünya üçün çox böyük önəm daşıyır. Çünki bizim siyasətimiz əməkdaşlığa, ölkələr arasındakı işbirliyinə hesablanıb. Bu tarixi Zəfərdən sonra başlanan yeni dövr üçün də biz tam hazırlıqlıyıq. Bu gün əziz Qardaşımla söhbət əsnasında, eyni zamanda, bundan sonrakı dövr haqqında da fikir mübadiləsi apardıq. Bizim fikirlərimiz üst-üstə düşür. Biz bölgədə yeni bir işbirliyi platformasını yaratmalıyıq. Artıq ilkin bəyanatlar verildi. Bu, çoxtərəfli platforma ola bilər. Bu işbirliyi platformasında iştirak edən bütün bölgə ölkələri bundan ancaq faydalana bilər.”

Röya Rasimqızı, “İki sahil”

Daha çox xəbərlər