Sosial 

Koronavirusla mübarizə ümumxalq işidir

Pandemiya ilə əlaqədar dünyanın bir çox ölkəsində tətbiq olunan qadağalar daha da sərtləşdirilir. Çünki açıq şəkildə etiraf olunur ki, koronavirusun yayılması ilə bağlı vəziyyət son dərəcə ciddidir. Bununla əlaqədar olaraq insanlar arasında təmasları maksimal dərəcədə azaltmaq və infeksiya zəncirlərini qırmaq üçün məhdudiyyətləri sərtləşdirmək məcburiyyəti yaranıb.

Azərbaycanda da vəziyyət gərgin olaraq qalır. Virusa yoluxmanın qarşısını almaq üçün Azərbaycanda sərt karantin rejimi yenidən tətbiq edilir. Belə ki, dekabrın 14-dən etibarən ölkə ərazisində koronavirusla əlaqədar karantin qaydaları sərtləşdirilir. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ölkə üzrə xüsusi karantin rejiminin müddəti 2021-ci il yanvarın 31-dək uzadılıb, yanvarın 18-dək isə sərt karantin rejimi tətbiq ediləcək.

Mütəxəssislər koronavirusla əlaqədar yaranmış vəziyyətin mürəkkəbliyini qeyd edirlər. Bu günlərdə dünyanın diqqəti peyvənd barədə gələn xəbərlərdədir. Koronavirusdan çıxış yolu axtaran mütəxəssislər hələ ki, insanların ümidlərini tam doğruldan cavabı verməyiblər. Bir ilə yaxın müddətdə effektiv peyvənd təsdiqlənməyib. Yaxın aylarda kütləvi vaksinasiya tədbirləri başlayacaq. Azərbaycan dövləti ən zərərsiz vaksinlərin ölkəyə gətirilməsi üçün tədbirləri bitirib. Vaksinlər hazır olanda ölkəmizə gətiriləcək.

Mütəxəssislər koronavirusdan qorunmaq üçün sadə tələblərə – gigiyenik qaydalara əməl etməyi, maska taxmağı, sosial məsafəni gözləməyi tövsiyə edirlər. Ancaq doğru taxılmadığı halda maskanın da heç bir faydası olmur. Əgər koronavirusdan qorunmaq üçün maska taxılırsa, bu, düzgün formada taxılmalıdır. Maska tənəffüs yollarını tamamilə bağlamalıdır. İnsanlar arasında məsafə saxlanmasına fikir verilməlidir. Digər qaydalara düzgün riayət etmək də eyni dərəcədə zəruridir. Əllərin gigiyenası, tez-tez sabunla yuyulması bu virusu əlimizdən apara bilər. Yoluxma saylarında əsas artım faktoru ailədaxili yoluxma ilə bağlıdır. Bir nəfər yoluxaraq bütün ailə üzvlərini yoluxdura bilir. Koronavirusa yoluxan şəxs həkim nəzarəti ilə evdə müalicə alıb sağala bilər. Bir şərtlə ki, ətrafdakıları qorusun və tam özünütəcrid rejiminə əməl etsin.

Hazırda ev şəraitində müalicə olunan çoxsaylı xəstələr var. Təəssüf ki, onların bir çoxu üzərinə düşən məsuliyyəti dərk etmir. Hər gün belə onlarla xəstənin icazəsiz yaşayış yerlərini tərk etdikləri, hətta başqa şəhərə getmək üçün yola çıxanların olması barədə məlumatlar verilir.

Koronavirusdan xilasın ən ümdə yolu onun haqqında zəruri məlumatlara malik olmaqdır. O zaman gözəgörünməz düşmənlə mübarizə aparmaq bir qədər asanlaşır. Lakin bugünkü vəziyyət ölkə əhalisinin COVID-19 barədə çox da bilgili olmadığını açıq-aydın göstərir. Vətəndaşlar bu xəstəlik haqda hələ də kifayət qədər məlumatlı deyillər. COVID-19-da ağırlaşma zamanı ciyərlərdə problemlər yaranır. Bəzən isə bu xəstəlik yüngül soyuqlama halı ilə müşahidə edilir.

Virus aşkarlanan şəxs özünü təcrid etməli, işə bu barədə məlumat verilməlidir. Hər kəs soyuqlama əlaməti hiss edərsə, sanki “məndə COVID-19 var” kimi fikirləşməlidir. Onda həkimə müraciət edib diaqnozu dəqiqləşdirmək olar. Bəzən xəstəliyin bütün əlamətləri göz qabağında olur. Lazım olmadığı halda ictimai nəqliyyatdan istifadə olunmamalı, mümkün qədər evdə qalmalıyıq. Daha sıx münasibətləri – əllə görüşməyi, qucaqlaşmanı tərgitmək lazımdır. Bu halda yoluxma sayını azaltmağa nail ola bilərik.

Cavid Əkbərov, “İki sahil”

Daha çox xəbərlər