Qarabağda bayraq sancan şəhidin xanımı: “Qızım elə bilir ki…”
Şəhidimiz İbrahim Məmmədovun həyat yoldaşı sosial şəbəkələrdə onun haqqında barədə məlumat verib.
ARANTV.AZ Sonxeber.az-a istinadən paylaşımı olduğu kimi izləyicilərlə bölüşür:
“8 yaşlı qızım şəhid olmağın anlamını dərk etmir. Elə bilir cənnət şəhər kimi yerdi, atası da ordadı, o, bizi görür və bir gün çıxıb gələcək. Onun yolunu gözləyir. Yoldaşım qızımızı xüsusi sevirdi. Ailəsini də çox sevirdi amma Vətəni ailəsindən daha çox sevirdi. Mən həmişə bunu bilmişəm.
O, 2016-cı ildə Aprel döyüşlərində xüsusi şücaətilə seçilmişdi. İkinci Qarabağ Müharibəsində Füzulinin, Hadrutun, Cəbrayılın alınmasında xüsusi iştirak edib. Hadruta, Füzuliyə Azərbaycan bayrağını sancıb, bu torpaqları azad etməyimizi Prezidentə məruzə etmişdi. Onu Laçında snayperlə vurdular.
Ailə quranda hərbçi həyat yoldaşı olaraq hansı çətinliklərlə qarşılaşacağımı təxmin edirdim. Günlərlə, həftələrlə təlimlərdə olurdu. Amma evə gələndə işinin ağırlığını unudurduq. İşini evə gətirməzdi. Evdə olduqca qayğıkeş, gülərüz olurdu. O, çox yaxşı ata, həyat yoldaşı idi.
Aprel döyüşlərində vuruşduğunu televizordan öyrənmişdim. Həmişəki təlimə getdiyini düşünmüşdüm. Bircə, həmişə hər şey ola bilər deyirdi. Onun üçün üzülməməyimizi istəyirdi. Şəhid olmağa o qədər hazır idi ki… Siz bilmirsiz, ermənilər Xocalıda bizim insanlarımızın başına nələr gətirib deyirdi. Onların qanını yerdə qoymamaq əsas həyat amalı idi. Polad Həşimov şəhid olanda təkcə o yox, bütün hərbçi yoldaşları sarsılmışdı. Qisas hissləri alovlanmışdı. Generalın videolarına təkrar-təkrar baxıb ağlayırdı….”

