“Ölənlərdən artıq deyiləm ki…” – Şəhid Elvini qardaşının dilindən TANIYAQ – FOTO
Müharibə ağrı, acı, itkilər deməkdir. Müharibə arzuların bitdiyi yerdir. Əllərini doğmalarından, əzizlərindən üzüb odun, alovun içinə getməkdir. Qəlbində baş alıb gedən ümidlərin, diləklərin arxasınca deyil, ən ali bir vəzifəni yerinə yetirmək üçün yollanmaqdır. Arxanda gözüyaşlı qoyub getdiyin körpənin göz yaşlarını silib, bütün uşaqların xoş gələcəyi uğruna irəli atılmaqdır.
Müharibə cəsarət, hünər məktəbidir. Bu məktəbin iki cür məzunu olur. Onlardan birini torpaq öz köksünə alır, ruhunu isə müqəddəslərin yanında qərar verir. İkincisini isə Vətənə əmanət qoyub gedir. Azərbaycan əsgəri də iki yoldan birini – şərəflə döyüşməyi, şəhadətə qovuşmağı üstün tutdu.
ARANTV.AZ oxuculara belə igidlərimizdən biri olan şəhid Həsənov Elvin Höküməli oğlu haqqında danışmaq istəyir.
O, 8 iyul 1992-ci ildə Saatlı rayonu Əhmədbəyli kəndində anadan olub. Orta təhsilini Saatlı rayon Əhmədbəyli kəndindəki 269 saylı məktəbdə alıb. İmkansız olduqlarından təhsil arxasınca getməyən Elvin öz şəxsi motosikleti ilə süpürgə satmaqla evini, ailəsini dolandırıb. Hərbi xidmətə getməzdən öncə bir müddət pambıq zavodunda işləyib.
Sentyabr ayının 29-da ölkə Prezidentinin qismən səfərbərlik əmrindən sonra cəbhəyə yollanıb. Qismətinə cəmi 23 gün döyüşmək düşüb. Oktyabrın 22-də o, şəhadətə ucalıb.
Elvin vətəni sevdiyi kimi, ailəsini, övladlarını da çox sevirdi. Çox çətinliklər çəksə də, ruhən mübariz insan idi. Qardaşı Ağahəsən Həsənov onunla keçən günlərin xatirələrini vərəqləyərkə bu sözləri danışıb:
“Qardaşım çox zəhmətkeş bir insan idi. Biz elə əvvəldən kasıbçılıq ilə böyümüşük. Elvin orta təhsil almış, 9 ilik məktəbi bitirmişdi. Qardaşımın 18 yaşı tamam olanda hərbi xidmətə yollandı. Əvvəlcə Bakıda hərbi xidmətdə oldu, sonra isə Murova göndərdilər. Qalan 1il 5 ayı da Murovda hərbi xidmətdə oldu. Çox əziyyətlərdən sonra 2012 ci ildə hərbi xidmətini başa vurub qayıtdı. Atam infarkt keçirən ürək xəstəsidir. Ailəmizə Elvin baxırdı. Mən də beyindaxili təzyiqdən əziyyət cəkirəm. Müharibə başlayanda qardaşım hər gün deyirdi ki, məni də cağırsınlar, çünki o Vətənini həqiqətən çox sevirdi. Dayımın oğlu da 2017-ci ildə şəhid olub. O, müharibəyə gedəndə əvvəlcə dayım oğlunun məzarını ziyarət etdi. Onun məzarı başında qanının qisasını alacağına söz vermişdi. Sonuncu telefon danışığımızda da “Cabbarın qisasını aldıq” sözlərini fəxrlə demişdi. Bir an belə, qorxmurdu. Həmişə deyirdi: “Ölənlərdən artıq deyiləm ki…”
Ötən il mənim balaca oğlum əməliyyat keçirməli idi. Üç min manat pul lazım idi. Dedim ki, qardaş, pulum yoxdur, vəziyyət pisdir. Qardaşım heyvanlarını satdı, qoymadı ki, mənim balam xəstəlikdən əziyyət çəksin. Bu gün mənim övladım ona görə həyatdadır.
Arzuları çox idi. Evini bəzəyib, oğluna toy etmək istəyirdi. Amma qismət olmadı. Elvin bir qız, bir oğul əmanətini bizə yadigar qoyub getdi. Oğlunun 6, qızının isə 3 yaşı var.
İndi bizim tək təsəlli yerimiz var: Elvin Azərbaycanın ərazi bütövlüyü, azadlığı yolunda şəhid olub. O, adını Azərbaycanın zəfər tarixinə qızıl hərflərlə yazıb. İllər ötəcək, amma Elvin kimi 2802 şəhidimiz unudulmayacaq, çünki onlar gələcəyimiz olan körpələrimizə azad, bütöv Azərbaycanı miras qoyub getdilər. Ruhları şad olsun!”


