Sosial 

Suyun bahalaşması hansı sahələrdə qiymət artımına səbəb olacaq? – AÇIQLAMA

Xəbər verdiyimiz kimi Azərbaycanda suyun qiyməti iki dəfə artırılaraq Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 30 qəpik səviyyəsində təsdiq olunub. Tarif dəyişikliyinin aylıq istehlak səbətinə 2,50 manat, bir abonentin aylıq xərcinə isə təxminən 5 manat təsir edəcəyi proqnozlaşdırılır.Qeyd edək ki, su təchizatının tarifi bundan əvvəl ƏDV daxil olmaqla, əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik, digər inzibati ərazi vahidləri üzrə 30 qəpik, qeyri-əhali üzrə əvvəlki səviyyədə – 1 kub metr üçün 1 manat, sudan xammal kimi istifadə edənlər üçün isə suyun istifadə təyinatından asılı olmayaraq (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) bir kub metr üçün 8 manat olub. Suyun qiymətinin 100 faiz artırılması hansı sahələrdə qiymət artımına səbəb olacaq?

ARANTV.AZ xəbər verir ki, bununla bağlı Sonxeber.az-ın sualını cavablandıran iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, suyun qiymətinin artırılması daha çox ailə təsərrüfatına təsir edəcək:”Ailə təsərrüfatının xərcləri təxminən 10-15 manat həcmində artacaq. Bu, əlbəttə ailənin miqyasından, xərclər isə istehlakın miqdarından asılı olaraq dəyişir. Çünki suyun qiyməti 2 dəfə artıb. Bu da öz növbəsində bütün sahələrə təsirini göstərə bilər. Yəni ailə çalışacaq ki, daha çox gəlir əldə etsin. Bunun üçün də fəaliyyət göstərdiyi sahələrdə çalışacacaq ki, müvafiq xərcləri dolaysı ilə qiymətlərin üzərində əks etdirsin. Amma bu uzunmüddətli prosesdir. Yəni bilirsiniz ki, hökumət nəzarət etdiyi sahələrdə qiymətləri ilin əvvəlindən artırır. Bu benzinin, dizelin və suyun qiymətində ciddi artımlarla müşahidə olunur. Belə ki, suyun qiyməti 100, dizelin qiyməti 33 faiz. Bu artıq presedent yaradır ki, bütövlükdə bu qiymət artımları bir tendensiyaya çevrilsin. Əslində bu domino effekti verən yanaşmadır. Yaxud da buna kütlə davranışı da demək olar. Bütün bazar iştirakçıları, istehlakçılar və xidmət təklif edənlər öz fəaliyyətlərində qiymətləri yenidən gözdən keçirmə haqqında düşünürlər. Bu gün bazarda qiymət artımına mənfi təsir göstərən faktorlar var. Əhalinin alıcılıq gücünün aşağı olması və s. Suyun qiymətinin artırılması nəticəsində bütün sahələrdə qiymətlər dolayı yollarla artırılacaqdır”.

Daha çox xəbərlər