Beynəlxalq Reytinq Agentlikləri Azərbaycanda iqtisadi artımın davam edəcəyi ilə bağlı proqnozlarını açıqlayıb
ARANTV.AZ xəbər verir ki, ölkə iqtisadiyyatındakı bu ilin ilk 6 ayının göstəriciləri əvvəlki illərdə başladılan, hazırda davam etdirilən islahatların nəticələrinin uğurlu olduğunu deməyə əsas verir. İlin 6 ayında ümumi daxili məhsul 1,3 faiz artıb, qeyri-neft sektorunda 2 faizlik yüksəliş qeydə alınıb. Kənd təsərrüfatı sahəsində 7,6 faiz atım müşahidə edilib. Yaradılan 67 min yeni iş yerindən 58 mini daimidir. Ölkə iqtisadiyyatına 6 milyard dollar sərmayə qoyulub. Əhalinin pul gəlirləri 9,3 faiz artıb. İnflyasiya cəmi 3 faiz təşkil edib. Bu isə ölkədə makroiqtisadi sabitliyin tam təmin edildiyini göstərir. Azərbaycanın xarici ticarət dövriyyəsində isə 35 faiz artım qeydə alınıb. İxrac 34 faiz, o cümlədən qeyri-neft ixracı 20 faiz yüksəlib. Xarici ticarətin müsbət saldosu 4,2 milyard dollar təşkil edib. İlin əvvəlindən valyuta ehtiyatları da artıb və hazırda ölkənin valyuta ehtiyatları 44,3 milyard dollardır.
Bütün bu statistik göstəricilər, həmçinin ölkədəki sosial-siyasi sabitlik beynəlxalq reytinq agentliklərinin də diqqətini cəlb edir. “Standard & Poor’s” reytinq agentliyinin hesabatında qeyd olunur ki, Azərbaycan iqtisadiyyatı 2018-ci ildən 2021-ci ilədək olan dövrdə orta hesabla 3 faiz artacaq. Agentlik Azərbaycanın uzunmüddətli və qısamüddətli suveren kredit reytinqini yerli və xarici valyutalarda “VV+/V” səviyyəsində təsdiqləyib. Reytinqlər üzrə proqnoz müsbət qeyd edilib. Hesabatda həmçinin vurğulanır ki, Azərbaycan qazının Türkiyə və Avropaya tədarükünü nəzərdə tutan “Şahdəniz” qaz kondensat yatağının hazırlamasının ikinci mərhələsi iyulun əvvəlində tamamlanıb. Bu da əvvəldən planlaşdırılmış qrafikə uyğun olub. Növbəti 4 ildə qaz ixracının tədricən artacağı gözlənilir. Layihə daha geniş iqtisadi fəallığı özündə ehtiva edir.
“Fitch Ratings” Beynəlxalq Agentliyi də Azərbaycanla bağlı proqnozunu açıqlayıb. Bildirilir ki, ölkəmizdəki mövcud sosial və siyasi sabitlik davam edəcək. Agentlik xarici valyutada emitentin defoltunun uzunmüddətli reytinqini sabit proqnozlu “BB+” səviyyəsində təsdiqləyib. Qeyd edilir ki, Azərbaycan iqtisadiyyatında bu il 2 faiz artımın olacağı proqnozlaşdırılır. Bu, neftin yüksək qiyməti, qaz hasilatı, eləcə də kənd təsərrüfatı və turizmin inkişafı hesabına olacaq. Analitiklərin məlumatına görə, Azərbaycanda makroiqtisadi sabitlik infilyasiyanın 3,2 faizə düşməsi fonunda yüksəlir. Bunun səbəblərindən biri kimi, manatın sabit məzənnəsi bildirilir. Agentliyin rəyində bank sektorunda dollarlaşma səviyyəsinin azaldığı da vurğulanır. Hesabatda yazılır ki, neftin yüksək qiyməti, “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşması və “Şahdəniz” qaz-kondensat yatağının hazırlanmasının ikinci mərhələsi çərçivəsində hasil edilən karbohidrogen ehtiyatları ixracın artmasına təkan verəcək. Azərbaycan MDB üzrə əməkhaqqının səviyyəsinə görə ilk beşlikdə qərarlaşıb. Rusiyanın Milli Araşdırma Universitetinin Sosial Siyasət Tədqiqatları İnstitutu MDB ölkələri arasında əməkhaqqı reytinqini açıqlayıb. Reytinqin nəticələrinə əsasən, əməkhaqqının ən yüksək olduğu ölkə Rusiyadır. Burada orta aylıq əməkhaqqı 670,9 dollar təşkil edir. İkinci yerdə 459,1 dollarla Qazaxıstan, üçüncüyerdə 421,9 dollarla Belarus, 4-cü yerdə 306,7 dollarla Azərbaycan qərarlaşıb. 5-ci yeri 308,4 dollar əməkhaqqı ilə Moldova, 6-cı yeri isə 272,9 dollarla Ukrayna tutub.

