Serbiya Azərbaycan ilə strateji tərəfdaşlıqdan qürur duyur
Serbiyanın xarici işlər naziri Nikola Selakoviç Azərbaycanın bu ölkədəki müvəqqəti işlər vəkili Elnur Quliyevi qəbul edib.
ARANTV.AZ xəbər verir ki, görüşdə nazir Selakoviç ikitərəfli əməkdaşlığın ənənəvi dostluq səviyyəsində olduğunu və Serbiya Prezidenti Aleksandr Vuçiçlə Azərbaycan Prezidenti İlham Əliyev arasındakı səmimi münasibətin buna şərait yaratdığını bəyan edib.
AZƏRTAC-ın Serbiya XİN-inə istinadən verdiyi məlumata görə, Selakoviç Serbiya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə hörmət baxımından qarşılıqlı anlaşmaya əsaslandığını və bu səbəbdən həmin tərəfdaşlığa görə qürur duymasını vurğulayıb.
Serbiyanın BMT-yə üzv olan bütün dövlətlərin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayan nazir qeyd edib ki, onun ölkəsi münaqişələrin sülh yolu ilə həllinə tərəfdardır.
Selakoviç bəyan edib ki, Serbiya Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin Qarabağda atəşkəs barədə 10 noyabr tarixli birgə Bəyanatını dəstəkləyir.
Serbiya diplomatiyasının başçısı yüksək səviyyədə siyasi dialoqun fəallaşdırılması barədə də söhbət açıb.
Selakoviçin fikrincə, iqtisadi əməkdaşlığın indiki səviyyəsi mövcud potensiala uyğun deyil. Onun qənaətincə, xüsusilə kənd təsərrüfatı, mədənçıxarma sənayesi, energetika və turizm sahələrində münasibətlərin dərinləşməsi üçün imkanlar mövcuddur. Nazir azərbaycanlı sahibkarları Serbiya iqtisadiyyatına sərmayə yatırmağa çağırıb.

