Gücümüz birliyimizdədir
Azərbaycan heç zaman indiki qədər güclü olmayıb. Tarixi torpaqlarımızın yağı tapdağından azad edilməsi uğrunda 44 günlük Vətən müharibəsi təkcə təcavüzkar Ermənistana deyil, bütün dünyaya xalqımızın əzmini və iradəsini, xalq-iqtidar-ordu birliyini, Azərbaycanın gücünü, qüdrətini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun toplantısında qürur hissi ilə söylədiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” şüarının şücaətli Azərbaycan Ordusunun ilhamverici qüvvəsinə çevrilməsi sayəsində torpaqlarımız azğın düşmənin 30 illik əsarətindən xilas edildi, Ermənistan tarixinin ən biabırçı məğlubiyyətini yaşadı. Haqq-ədalət zəfər çaldı. Mənfur düşmənin beli qırıldı. İşğalçılar torpaqlarımızdan qovuldu. Bu gün üçrəngli, ay-ulduzlu bayrağımız işğaldan azad edilmiş torpaqlarda qürurla dalğalanır.
Bütün dünya Azərbaycanın öz suverenliyi, ərazi bütövlüyü uğrunda inamlı mübarizəsinin, azadlıq mücadiləsinin şahidi oldu. Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz canı-qanı bahasına Ermənistan ordusunun “məğlubedilməz”liyi barədə illərdir formalaşdırılmış mifi qısa müddətdə darmadağın etməklə “böyük Ermənistan” xülyasını, qondarma “dqr”i tarixin zibilliyinə ataraq düşməni və onun məkrli havadarlarını Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi. Bütün dünyaya sübut edildi ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz. Bütün bunlar müzəffər ordumuzun döyüş meydanındakı əzmi, qüdrəti ilə yanaşı, həm də Azərbaycanın möhtəşəm siyasi-diplomatik fəaliyyətinin nəticəsi idi.
Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanat təcavüzkar Ermənistanın hərbi təslim aktı, diz çökməsi ilə yanaşı, Azərbaycanın böyük geosiyasi və geoiqtisadi qələbəsi idi. Dağlıq Qarabağa hər hansı statusun verilməməsi, ərazi bütövlüyümüzün tam təmin olunması və nəhayət, ölkəmizin digər ərazilərinin Naxçıvanla kəsilmiş quru-avtomobil, dəmiryol əlaqələrinin bərpasının nəzərdə tutulması Azərbaycanın tam və qeyd-şərtsiz Qələbəsinin əyani sübutu oldu.
Qəhrəman ordumuzun zəfəri ilə başa çatan Vətən müharibəsi, eyni zamanda, xalqımızın gücünü, əzm və iradəsini, qətiyyətini, öz Lideri ətrafında dəmir yumruq kimi birləşdiyini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan işğalçı Ermənistan üzərində qələbə qazanmaqla regionda yeni reallıq yaratdı. Şanlı ordumuz BMT Təhlükəsizlik Şurasının Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş torpaqların qeyd-şərtsiz, dərhal boşaldılmasını tələb edən, 27 il kağız üzərində qalan qətnamələrini 44 gündə icra edərək ərazi bütövlüyümüzü təmin etdi.
Dünya hərb tarixinə qızıl hərflərlə yazılacaq 44 günlük Vətən müharibəsinin qalibi, tarixinin ən şərəfli, ən sevincli və qürurverici günlərini yaşayan qüdrətli Azərbaycan sarsılmaz iradəsi, güclü iqtisadiyyatı ilə öz şərəfli missiyasını yerinə yetirərək Qarabağı yenidən cənnət məkana çevirəcək. Prezident, Ali Baş Komandan, Vətən müharibəsinin qalib sərkərdəsi, “Qarabağ Azərbaycandır” nidasını bütün dünyaya təsdiq etdirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin söylədiyi kimi, bu gün Azərbaycan güclü ölkədir və tarixdə heç vaxt indiki qədər güclü olmayıb: “Azərbaycan tarixdə heç vaxt belə parlaq Zəfər əldə etməmişdir, tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Bizim gücümüz birliyimizdədir. Biz birlik nümayiş etdirmişik, əzmkarlıq nümayiş etdirmişik, qəhrəmanlıq nümayiş etdirmişik və bunun nəticəsində dəmir yumruqla düşmənin başını əzib öz doğma torpaqlarımızı azad etmişik”.

