Milli Məclisin sədri O.Əsədov İranda bir sıra görüşlər keçirib
ARANTV.AZ xəbər verir ki, “Azərbaycan və İranın dövlət başçıları arasında son dövrdə keçirilən intensiv görüşlər və aparılan danışıqlar əməkdaşlığımızın daha da dərinləşməsi üçün yaxşı zəmin yaradır”. Bu fikir Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Tehranda keçirdiyi görüşlərdə səslənib.
Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Tehranda İran Prezidenti Həsən Ruhani ilə görüşüb. Oqtay Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını İran Prezidentinə çatdırıb. Görüşdə ölkələrimiz arasındakı münasibətlərin mövcud vəziyyəti və perspektivləri müzakirə olunub. Qeyd edilib ki, İranla Azərbaycan arasındakı münasibətlər tarixi köklərə və ənənələrə söykənir. İki ölkənin dövlət başçıları arasında son dövrdə keçirilən intensiv görüşlər və aparılan danışıqlar əməkdaşlığımızın daha da dərinləşməsi üçün yaxşı zəmin yaradır. Sonra nümayəndə heyəti İran İslam Şurası Məclisinin sədri Əli Laricani ilə görüşüb. Görüşdə ikitərəfli münasibətlər, parlamentlərarası əlaqələr, işçi qruplarının fəaliyyəti və qanunvericilik sahəsində təcrübə mübadiləsi məsələləri müzakirə olunub. Səfər çərçivəsində Milli Məclisin Sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti ölkənin Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Şəmxani və xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə də görüşüb. Görüşlərdə ölkələrimiz arasında həyatın müxtəlif sahələrində əlaqələrin inkişafı, parlamentlərarası münasibətlərin daha da dərinləşməsi, regiondakı ictimai-siyasi vəziyyət barədə fikir mübadiləsi aparılıb.

