Elmar Məmmədyarov: “Azərbaycan müstəqil, çoxşaxəli, tarazlaşdırılmış və fəal xarici siyasətini davam etdirəcək”
ARANTV.AZ xəbər verir ki, “Bu il ərzində beynəlxalq ictimaiyyət Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətdə artmaqda olan birmənalı dəstək göstərib”. 2018-ci ilin yekunlarına dair kütləvi informasiya vasitələrinin suallarını cavablandıran Xarici İşlər naziri Elmar Məmmədyarov onu da bildirib ki, Azərbaycan müstəqil, çoxşaxəli, tarazlaşdırılmış və fəal xarici siyasətini davam etdirəcək.
Ermənistanda baş verən son hadisələr, eləcə də Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri arasında MDB-nin Düşənbə və Sankt-Peterburq zirvə görüşləri çərçivəsində baş tutan söhbətlər, hər iki ölkənin xarici işlər nazirləri arasında keçirilən 3 görüş danışıqlar prosesinin irəli aparılması baxımından müəyyən optimizm vəd edir. Xarici işlər naziri Elmar Məmmədyarov bu barədə məlumat verib. Vurğulayıb ki, bu il dekabrın 6-da ATƏT-in Milanda keçirilən Nazirlər görüşü çərçivəsində Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin qəbul olunmuş birgə bəyanatında münaqişənin sülh yolu ilə ədalətli və davamlı həlli üzrə danışıqların davam etdirilməsi razılaşdırılıb və danışıqların formatı dəyişilməz olaraq qalıb. Vacib məqamlardan biri də birgə bəyanatda münaqişənin ədalətli və davamlı həllinin təşviq edilməsi üçün yaxın gələcəkdə Azərbaycan və Ermənistan rəhbərliyi səviyyəsində intensiv nəticəyə yönələn danışıqların keçirilməsinin nəzərdə tutulmasıdır. İl ərzində beynəlxalq ictimaiyyət Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətdə artmaqda olan birmənalı dəstək göstərib. Nazir onu da deyib ki, 2018-ci il ölkəmiz üçün beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və fəal təmsilçilik xəttini yürütmək baxımında da bir sıra nailiyyətlərlə yadda qalacaq. Ölkəmizin bir sıra beynəlxalq təşkilatların seçkili orqanlarına üzvlük müraciətləri uğurlu olub. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması isə beş sahilyanı dövlətin xoş məramını bildirən əsl tarixi hadisədir. Uğurlu enerji siyasəti sayəsində Azərbaycan özünün iqtisadi təhlükəsizliyini təmin edən, eləcə də Avropanın enerji təhlükəsizliyinə töhfə verən etibarlı tərəfdaş, istehsalçı və tranzit ölkə kimi də nüfuz qazanmağa müvəffəq olub. Azərbaycanın 3 il ərzində Qoşulmama Hərəkatına sədrlik etməsi isə ölkəmizin beynəlxalq müstəvidə nüfuzunun daha da artmasına xidmət göstərəcək. Azərbaycan gələn il Azərbaycan Avropa İttifaqı ilə bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərini inkişaf etdirəcək.

