Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib
ARANTV.AZ xəbər verir ki, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib. Bildirilib ki, qeyri-formal məşğul əhalinin sayında əhəmiyyətli azalma müşahidə edilib.
Respublika üzrə Naxçıvan MR daxil olmaqla, ilin 11 ayında Əmək Müqavilələri Bildirişi Elektron İnformasiya Sistemində əmək müqavilələrinin sayı artaraq 92 min 750-yə çatıb. Baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhməov bu ilin 9 ayı ərzində fiziki şəxs olan fərdi sahibkarların da sayında əhəmiyyətli artımın müşahidə olunduğunu bildirdi. Dedi ki, qeyri-formal məşğulluq əmək bazarının tənzimlənməsinə, vergi, sosial sığorta və digər məcburi ödənişlərin həyata keçirilməsinə, işçilərin gələcək sosial təminat hüquqlarına malik olmasına ciddi maneə yaradır. Ötən il qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair “Tədbirlər Planı” təsdiqlənib. Burada normativ hüquqi aktların, inzibatçılığın təkmilləşdirilməsi, nəzarət tədbirlərinin gücləndirilməsi, monitorinq və qiymətləndirmə sisteminin qurulması, məlumatlandırma və təbliğat işlərinin təşkili ilə bağlı 36 tapşırığın həyata keçirilməsi nəzərdə tutulub. O da bildirildi ki, komissiyaya üzv olan aidiyyatı qurumların fəaliyyəti nəticəsində və yerlərdə məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin dəstəyi ilə qeyri-formal məşğul əhalinin sayında əhəmiyyətli azalma müşahidə edilib.

