Gündəm 

“Şahdağ” Turizm Mərkəzində yeni kanat yolu istifadəyə veriləcək

ARANTV.AZ  xəbər verir ki, “Şahdağ” Turizm Mərkəzində gələn həftədən yeni kanat yolu istifadəyə veriləcək. Yaxın vaxtlarda isə burada kinoteatr fəaliyyətə başlayacaq və qeyri-xizək xidmət sahələri genişləndiriləcək. Mərkəzə təşkil olunan media-tur zamanı bu barədə məlumat verilib.

Dünyanın məşhur dağ-xizək kurortlarının siyahısına daxil olan  “Şahdağ” Turizm Mərkəzi turistlərin ən çox üz tutduğu yerlərdəndir. Hər il bu məkana xarici ölkələrdən on minlərlə turist gəlir. Bura bütün fəsillərdə turistlərin sevimli məkanına çevrilib. Qarşıdan gələn bayramları Şahdağın yamacında, tam fərqli bir mühitdə keçirmək istəyənlər “Şahdağ” Turizm Mərkəzinə üz tuta bilərlər. Bunun üçün bütün hazırlıqlar görülüb.

Dekabrın 15-dən qış mövsümünə başlanılan mərkəzdə turistləri bir sıra yeniliklər gözləyir. “Şahdağ” Turizm Mərkəzində dəniz səviyyəsindən 2 min 200 metr yüksəklikdə yerləşən yeni kanat yolu gələn həftədən istifadəyə veriləcək. Mərkəzdə xidmət səviyyəsi daha da yüksəldiləcək, turistlərin daşınması üçün tezliklə nəqliyyat vasitələri ayrılacaq, kino klub, gecə klubu fəaliyyətə başlayacaq. Qeyri-xizək xidmət sahələri genişləndiriləcək. Media-tur zamanı “Şahdağ Turizm Mərkəzi” QSC-nin İdarə Heyətinin sədri Rodderix Mark Leffler bu barədə məlumat verdi. Bildirildi ki, əsas məqsəd buranı yaxşı turizm mərkəzinə çevirmək və daha çox turist cəlb etməkdir.

“Şahdağ” Turizm Mərkəzində əvvəlcədən yer bron edənlərin sayında nəzərəçarpacaq artım müşahidə edilir. Qonaqların böyük hissəsi Azərbaycandandır. Bununla yanaşı, ərəb ölkələrindən və Rusiyadan da gələnlər var. Bu həftənin sonundan başlayaraq, qonaqların sayının artacağı gözlənilir.

Mərkəzdə yalnız süni qardan istifadə olunmur. Hava şəraitindən asılı olaraq biz təbii qardan da istifadə edilir.

Daha çox xəbərlər