Böyük qayıdış başlayır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında oldular. Ölkə başçısının işğaldan azad olunmuş rayonlara budəfəki səfəri bir çox aspektdən xüsusilə yadda qalan oldu. Belə demək olar ki, səfər- Böyük Qayıdışın ilk ayaq səsləri idi. Səfər zamanı həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin qoyulması həm siyasi, iqtisadi, həm də mənəvi cəhətdən müstəsna əhəmiyyət kəsb edirdi. Qeyd edək ki, ölkə başçısı səfər zamanı Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoydu, Güləbird Su Elektrik Stansiyasının açılışını etdi və Bəsitçay Dövlət Təbiət Qoruğuna baş çəkdi.
İlk olaraq tikintisinə start verilən Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev vurğuladı ki, bu dəmir yolunun çox böyük strateji əhəmiyyəti var. İlk növbədə ona görə ki, bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Digər tərəfdən, bu dəmir yolu Naxçıvana gedəcək. Uzun fasilədən sonra Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası dəmir yolu ilə bir-birinə bağlanacaq və beləliklə, bizim həm strateji, həm iqtisadi, həm də siyasi məqsədlərimiz həyata keçiriləcək.
Prezident İlham Əliyevin təməlini qoyduğu uzunluğu 100 km olan Horadiz-Zəngilan- Ağbənd dəmir yolu xəttinin strateji əhəmiyyəti həqiqətən də olduqca böyükdür. Bu dəmir yolu infrastrukturu Türkiyəyə qədər uzanacaq və Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaradılacaq. Bununla bağlı ölkə başçısı demişdir: “Azərbaycan Naxçıvanla, Türkiyə ilə birləşir. Eyni zamanda, Rusiyadan Ermənistana dəmir yolu xətti açıla bilər. Bu xətt yalnız Azərbaycan ərazisindən keçə bilər. Həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı olacaq. İran ilə Ermənistan arasında dəmir yolu bağlantısı olacaq. Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq. Yəni, bütün bölgə ölkələri bundan ancaq xeyir görəcəklər”.
Görülən işlər ümumilikdə bölgənin iqtisadi inkişafına xidmət etsə də Ermənistan bu sabitliyin, inkişafın qarşısını almaq üçün hər cür təxribatlara əl atmağa çalışır. Bu məsələ barədə də danışan Prezident İlham Əliyev vurğulamışdır: “Biz hər şeyə nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın. Biz erməni faşizmini məhv etmişik. Düşməni öz doğma torpaqlarımızdan qovmuşuq. Ermənistan ordusu demək olar ki, məhv edilib. Həm texnika dağılıb, həm canlı qüvvə dağılıb”.
Ölkə başçımızın daha əvvəl bəyan etdiyi kimi işğaldan azad olunan ərazilərimizdə “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyaları reallaşdırılacaq. Bu istiqamətdə ölkə ictimaiyyətinə ilk dəfə “ağıllı kənd” layihəsi barədə müjdə verən dövlətimizin başçısı bildirib ki, birinci “ağıllı kənd” layihəsi Zəngilanın erməni işğalı nəticəsində dağıdılmış Ağalı kəndində reallaşdırılacaq və kənddə layihənin icrası – yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələri- yəni 5 komponent üzrə aparılacaq. İnşa ediləcək 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə olunacaq.
Bununla bağlı danışan Prezident İlham Əliyev qeyd etdi ki, “ Azad edilmiş torpaqlar “yaşıl enerji” zonası olacaq. “Yaşıl enerji”nin inkişafı investiya cəlbinin əsas istiqamətlərindən biridir. Kəlbəcər və Laçın rayonlarında külək enerjisinin, Zəngilan, Cəbrayıl rayonlarında daha çox günəş enerjisinin böyük potensialı var. Kəlbəcər və Laçında ermənilər tərəfindən uzun illər ərzində qanunsuz istismar edilmiş, onlar tərəfindən dağıdılmış bütün su elektrik stansiyaları bərpa ediləcək. Yalnız Kəlbəcər və Laçın rayonlarında bərpa ediləcək stansiyaların generasiya gücü 120 meqavat olacaqdır. “Xudafərin” və “Qız qalası” su elektrik stansiyalarından da əlavə 120 meqavat güc alınacaq.
Daha sonra Prezident İlham Əliyev Həkəri çayı üzərində yerləşən 8 meqavat gücündə “Güləbird” Su Elektrik Stansiyasının (SES) açılışında iştirak etdi. Qeyd edək ki, bu, işğaldan azad olunan rayonlarda dövlətimizin başçısının iştirakı ilə istifadəyə verilən ilk infrastruktur layihəsidir. “Güləbird” SES-nin istifadəyə verilməsi ilə 7 min nəfər elektrik enerjisindən faydalanacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.
Sonda ölkə başçısı Laçın rayonunun işğal altına düşməsinin böyük faciə olduğunu bildirərək, Laçının işğalı ilə faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yarandığını vurğuladı. Bildirdi ki, Laçın rayonunun işğal altına düşməsi strateji nöqteyi-nəzərdən çox böyük məğlubiyyətimiz idi. Ölkə başçısı onu da qeyd etdi ki, Laçın rayonunu satanlar, Şuşanı satanlar eyni adamlardır. Sitat: “Azərbaycan xalqı bunu bilsin və heç vaxt unutmasın. AXC-Müsavat mənfur cütlüyü hakimiyyətə gəlmək üçün bu torpaqları düşmənə satıb. O vaxt hakimiyyəti yıxmaq üçün Bakıda mitinqlər təşkil edirdilər, çaxnaşma təşkil edirdilər, hakimiyyətə gəlmək üçün istənilən satqınlığa hazır idilər və bu satqınlığı etdilər”.
Bəli, onlar hakimiyyət üçün bu torpaqları satıblar. Ali Baş Komandan və Azərbaycan Ordusu isə torpaqlarımızı işğaldan azad edib, öz doğma sahiblərinə qaytarıblar. Bugün Azərbaycan Prezidentinin həmin torpaqlarda olması, orada infrastruktur layihələri həyata keçirməsi, oradan xalqımıza və bütün dünyaya səslənməsi əlbəttə ki, bütün dünyaya mesajdır. Mesaj isə açıq-aydındır. Biz qaytarmışıq bu torpaqları, qayıtmışıq. Bizim Qələbəmiz tarixi Qələbədir. Biz tarixi ədaləti bərpa etdik. Biz öz haqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq, biz düşməndən qisas aldıq və qayıtmışıq. İndi isə bərpa işləri gedir və gedəcək. Qarabağı cənnətə çevriləcək.
Rüfət Əhmədov,
YAP Pirallahı rayon təşkilatı Gənlər Birliyinin sədri

