Siyasət 

Ulu öndər Heydər Əliyevin növbəti xilaskarlıq missiyası

26 il bundan əvvəl  baş verən 12-17 mart dövlət çevrilişinə cəhdin  qarşısı xalq-iqtidar birliyi sayəsində  alındı

«Müstəqillik yolu qədər çətin yol yoxdur… Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir» söyləyən ulu öndər Heydər Əliyevin daim bu   müdrik kəlamına sadiq qalaraq, dövlətçiliyimizi, xalqımızı  gözlənilən bəlalardan xilas edib.

1992-ci ilin oktyabrın 24-də Naxçıvan Muxtar Respublikasında  AXC-nin silahlı dəstələri tərəfindən dövlət çevrilişinə cəhd göstərildi.  Naxçıvanda  fəaliyyət göstərən Xalq Cəbhəsinin bəzi qüvvələri muxtar respublikanın hüquq- mühafizə orqanlarının rəhbər vəzifələrinə  cəbhəçilərin yerləşdirilməsini tələb edirdilər. O zaman  Naxçıvan MR Ali Məclisinin Sədri,  xalq arasında böyük nüfuza malik ulu öndər Heydər Əliyevin sayəsində   təxribatın qarşısı alındı. 1993-cü ilin iyununda baş verən  Gəncə hadisələri, separatçı Əlikram Hümbətovun başçılığı ilə təşkil olunan Lənkəran qiyamı,  1994-cü ilin oktyabrında, 1995-ci ilin martında  Bakıda  dövlət çevrilişlərinə cəhdlərin qarşısını xalqla birliyi ilə alan ulu öndər Heydər Əliyev müstəqilliyimizin qarantı oldu.

Artıq 1995-ci ilin mart, dövlət çevrilişinə cəhddən 26 il ötür. Həmin dövlət çevrilişi cəhdinin əsas təşkilatçısı olan Xüsusi Təyinatlı Polis Dəstəsi  (XTPD) Daxili İşlər Nazirliyinin (DİN) tərkibində  erməni silahlı birləşmələrinə qarşı mübarizə məqsədilə yaradılmışdı. Sonralar canlı qüvvəyə və  güclü hərbi texnikaya malik olan bu qurum fəaliyyət istiqamətini dəyişdi. Onlara etibar olunan silahları şəxsi məqsədləri naminə həmvətənlərinə tuşlayan XTPD cinayətkarlar  yuvasına çevrildi. DİN-in nəzarətindən çıxan bu silahlı dəstənin üzvləri  Rövşən və Mahir Cavadov qardaşlarının əmrlərini yerinə  yetirərək dövlət əleyhinə təxribatlara başladılar. Qaçaqmalçılıqla, terrorçuluqla, adam oğurluğu ilə, xalq malını və  strateji dövlət əmlakını dağıtmaqla, reketçiliklə məşğul olan, mafioz qruplarla əlaqə yaradan  «xüsusilər» 1994-cü ilin oktyabrında dövlət çevrilişinə cəhd edən Sürət Hüseynovun xəyanətkar  qüvvələri ilə birləşərək ağır cinayətlər törətdilər.

Həmin vaxt ulu öndər Heydər Əliyevin siyasi müdrikliyi, yenilməz iradəsi sayəsində onların məkrli planları iflasa uğradı. Revanşistlər 1995-ci ilin martında yenidən baş qaldırdılar.

O vaxt respublikanın daxili işlər nazirinin müavini işləyən Rövşən Cavadovun ətrafına toplaşan bir qrup silahlı, Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvləri Bakıda və respublikanın bir neçə rayonunda iğtişaşlar törətdilər. Fərman Dəmirqol, Gürəl Kənan, Yalçın Ərtan kimi xarici ölkə vətəndaşları  Xüsusi Təyinatlı Polis Dəstəsinə rəhbərlik edən Rövşən Cavadovla birgə hadisələri  dövlətçilik əleyhinə yönəldirdilər. Cavadov qardaşlarında mənsəbpərəstlik, vəzifə hərisliyi o qədər güclü idi ki, atası da daxil olmaqla ölkədə əmin-amanlıq yaradılması üçün onlara müraciət edən ağsaqqalların, müəllimlərin belə silahı yerə qoymaq tələbinə  də məhəl qoyulmadı. Xarici emissarların köməyi ilə özləri üçün istehkam və qərargah yaradan XTPD-nin azğınlaşmış «döyüşçüləri»  xalqa və dövlətə xeyli ziyan vurmuş Gəncə qiyamından sonra yenidən hakimiyyəti zəbt etmək istəyən qüvvələrin tələblərini yerinə yetirərək özlərini  hakimi-mütləq simasında təsəvvür edirdilər.

Əslində  Azərbaycanın müstəqilliyinə zərbə olan  və qiyamın əsl mahiyyətindən xəbərsiz olan «xüsusi təyinatlıların»  əksəriyyəti hadisənin  mahiyyətini, səbəblərini və nəticələrini belə təsəvvür etmirdilər. Özünü oktyabr və mart hadisələrinin aparıcı və idarəedici siması  hesab edən Rövşən və Mahir Cavadov qardaşları unudurdular ki,   xalqın inanıb, taleyini etibar etdiyi dövlət başçısına qarşı  təxribatları həmişə  məğlubiyyətlə nəticələnib. Ümummilli Lider adını xalqa xidməti ilə qazanan Heydər Əliyevin rəhbərlik etdiyi ölkədə bu cür təxribatların baş tutmayacağını tarix özü sübut edib. Paytaxtın «Səkkizinci kilometr» adlanan ərazisində özləri üçün qərargah formalaşdıran qiyamçıların əksəriyyəti nəyin naminə  mübarizə apardıqlarını dərk edəcək bilik, savad və təcrübə sahibi deyildilər.  Pərdəarxası oyunların arxasında Bakıda qarışıqlıq salmaq, Ermənistanın növbəti, irimiqyaslı hücumları üçün əlverişli şərait yaratmaq,  respublikada anarxiya və kütləvi itaətsizlik mühiti formalaşdırmaq niyyəti dayanırdı. Lakin bir çağırışı, xalqa müraciəti ilə milyonlarla insanı ətrafına toplamağa qadir olan xalqın sevimlisi, ümid yeri, qətiyyəti, siyasi iradəsi, cəsarəti ilə , ən nəhayət Vətənə bağlılığı ilə taleyin ən  çətin sınaqlarından çıxan  müdrik şəxsiyyət Heydər Əliyevlə müqayisədə  cılız görünən təxribatçılar dəstəsi qısa müddətdə tərksilah edildi. Həmişə olduğu kimi, bu dəfə də gənc müstəqil Azərbaycan dövlətinə qarşı tuşlanan qara niyyətlər baş tutmadı. Xarici ölkələrin xüsusi xidmət orqanları tərəfindən hazırlanmış  xəyanətkar qiyam  ulu öndər  Heydər Əliyevin müdrikliyi sayəsində yatırıldı. Ölkə daxilində qarışıqlıq yaratmaq istəyən bədxahlar kimi Azərbaycanın müstəqilliyini istəməyən xarici emissarların istəkləri də elə xəyal olaraq tarixin  arxivinə atıldı.  Oktyabr, mart hadisələri göstərdi ki,  dövlətin qorunması, müstəqilliyin əbədiliyi  üçün silahdan qat-qat artıq gücə malik xalq-iqtidar birliyi həlledici amildir. Sonradan bu niyyətlərin əsl mahiyyətini açıqlayan Ulu Öndər hadisələrə belə qiymət verirdi: «Dövlət çevrilişinə cəhd baş verdi, qanuni dövlət strukturlarına qarşı yönəlmiş aksiyaların həyata keçirilməsinə cəhd göstərildi. Azərbaycan dövlətinin qətiyyəti və dəyanəti, düşünülmüş tədbirlər nəticəsində, bütün xalqın yekdil və qızğın dəstəyi ilə çevriliş cəhdlərinin qarşısı alındı».

Daha çox xəbərlər