Sahil Babayev: “Əsas hədəfimiz – reabilitasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsidir”
“Bizim əsas hədəfimiz həm bu il reabilitasiya xidmətləri göstərilən şəxslərin illik sayının 3 il əvvələ nisbətən 3 dəfə artıraraq 30 minə çatdırılması, eyni zamanda, reabilitasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsidir”.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev “Azərbaycan” qəzetinə müsahibəsində bildirib.
Nazir qeyd edib ki, hər iki istiqamətdə məqsədyönlü işlər aparılır:
“Yeni açılan mərkəzlərdə artıq qazilərimiz həm sosial-psixoloji, həm də fizioterapevtik müalicə yönümlü reabilitasiya xidmətləri ilə əhatə olunurlar. Dəstək işləri çərçivəsində Reabilitasiya Müəssisələrində 500 qaziyə reabilitasiya və sosial-psixoloji xidmətlər göstərilib. Artıq bir çox qazimiz bu mərkəzlərə qəbul olunub, onlar ixtisaslamış həkim-reabilitoloqlar tərəfindən reabilitasiya prosedurlarına cəlb ediliblər”.
“Qeyd edim ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın yüksək humanizmin təcəssümü olan təşəbbüs və layihələri müharibə əlillərini də əhatə edir. Məlum Aprel döyüşlərində yaralanmış hərbçilərimizin reabilitasiyası üçün Heydər Əliyev Fondunun “2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi icra olunub.
Bu layihə çərçivəsində həmin əsgər və zabitlərimiz Almaniya, İslandiya, İngiltərənin dünyada müasir protez istehsalçıları kimi tanınan şirkətlərinin yüksək texnologiyalı məhsulları ilə təmin ediliblər”, – deyə nazir əlavə edib.

