Gündəm 

Balaxanı Sənaye Parkında bu il daha 3 rezident və 2 müəssisənin fəaliyyətə başlaması nəzərdə tutulub

ARANTV.AZ xəbər verir ki, ölkəmizdə “yaşıl iqtisadiyyat”ın inkişaf etdirilməsi məqsədilə yaradılan Balaxanı Sənaye Parkında bu il daha 3 rezidentin və 2 müəssisənin fəaliyyətə başlaması nəzərdə tutulub. Bu müəssisələr əsasən təkrar emalla məşğul olacaqlar.

Hər tullantı zibil deyil. “Yaşıl iqtisadiyyat” devizi ilə 2017-ci ildə  fəaliyyətə başlayan Balaxanı Sənaye Parkında yaradılan müəssisələrin əksəriyyəti bu ideyanı reallığa çevirib. Sənaye Parkının hazırda 15 rezidenti var. Onlardan 7-si artıq fəaliyyət göstərir. Rezidentlər tərəfindən ümumilikdə 37,3 milyon manat investisiya yatırılıb. Sahibkarların marağı nəzərə alınaraq, Balaxanı Sənaye Parkının ərazisi 8,3 hektaradək genişləndirilib. Rezidentlərdən biri süngər tullantılarının təkrar emalı və mebel istehsalı üzrə fəaliyyət göstərir. Ümumi investisiya məbləği isə 4 milyon manatdır və 150 nəfər daimi işlə təmin olunub. Sahibkarlar deyir ki, dövlət büdcəsinin vəsaitləri hesabına yaradılan Sənaye  Parklarında iş qurmaq onlar üçün də sərfəlidir. Çünki, bu, iş adamlarına infrastrukturun yaradılmasına sərf edəcəkləri vaxta və vəsaitə qənaət etməyə imkan yaradır. Digər rezident müəssisə isə tullantı kağızlardan istifadə ilə çap-poliqrafiya məhsulları istehsal edir. Müəssisənin illik istehsal gücü 348 tondur. İstehsal sahəsində daimi iş yerləri açılıb. Burada istehsal olunan məhsulların ixracı da nəzərdə tutulub.

Sənaye parkındakı istehsalat müəssisələri tullantıların təkrar emalından bir komponent kimi istifadə etməklə gündəlik həyatımızda istifadə edəcəyimiz bir çox məhsul hazırlayır. Parkdakı müəssisələrdən biri  də təkrar emal yolu ilə xammal istehsal edir. Bu müəssisə həm də paytaxt Bakının küçə və xiyabanlarının ekologiyasında müsbət rol oynayan istehsal sahəsidir. Plastik tullantıların təkrar emala yönəldilməsi ilə alınan xammal xarici ölkələrə ixrac edilir. Bu il əsas hədəf isə istehsal olunan xammalın burada son məhsula çevrilməsidir.

Balaxanı Sənaye Parkında bu il daha 3 rezident və 2 müəssisənin fəaliyyətə başlaması nəzərdə tutulub. Bu müəssisələr əsasən təkrar emalla məşğul olacaqlar.

Balaxanı Sənaye Parkında fəaliyyət göstərən müəssəsələrin əksəriyyəti üçün “təkrar emal” məhsulu, xammal yaxınlıqda fəaliyyət göstərən Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodundan daşınır.

Daha çox xəbərlər