Vətən sizə oğul deyib qucaq açdı…
44 günlük İkinci Qarabağ müharibəsində dastan yazıb şəhidlik zirvəsinə ucalanlar sırasında Mərhəmət Həmzəyevin də adı var
Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsi zamanı müsahibələrinin birində ona ünvanlanan “Sizə ən çox təsir edən, kədərləndirən, ən çox sevindirən nələr oldu” sualına cavabı hər birimizi təsirləndirməklə yanaşı, dəmir yumruq kimi birliyimizi daha da möhkəmləndirməyə çağırış etdi. Ölkə Prezidenti cavabında bildirmişdi ki, ən çox kədərləndirən həm mülki vətəndaşlar, həm də əsgərlər arasında itkilərimizdir. Gənc əsgərlərimiz fədakarlıq, rəşadət göstərərək doğma torpaqları uğrunda şəhid olurlar. Bu, xalqımız, onların yaxınları, valideynləri üçün böyük faciədir. Ona görə də hər bir azərbaycanlının həlak olması mənim üçün ən böyük üzüntüdür. Ən çox sevindirən isə Azərbaycan xalqının iradəsidir. Çünki mərmi altında yaşayan insan yerindən tərpənmir. Bildirirlər ki, təki “Vətən sağ olsun!”
Əbəs yerə deyilmir ki, torpaq, əgər uğrunda ölən varsa, Vətəndir! 44 günlük Vətən müharibəsində gənclərimizin dilindən daha çox səslənən «Vətən mənə oğul desə, nə dərdim» kimi səfərbəredici çağırışlar artıq şanlı Qələbəmizdən sonra reallıqlara uyğun olaraq bu fikirlə əvəzləndi ki, Vətən sizə oğul deməklə yanaşı, qucaq açdı, vətənpərvərliyinizi, sevginizi, torpağa bağlılığınızı şəhidlik kimi ən yüksək zirvə ilə dəyərləndirdi. Şəhidlik könüllü olaraq, bilərəkdən ki, odun-alovun içinə düşürsən, amma buna baxmayaraq tərəddüd etmədən ölümün gözünə dik baxmaqdır.
Vətən müharibəsində tarix yazan gənclərimiz bu gün yalnız onu dünyaya gətirib boya-başa çatdıran valideynlərinin deyil, bütün Azərbaycan xalqının övladlarıdır. Hər an şəhidlərimizin, qazilərimizin valideynləri qarşısında baş əyir, belə qəhrəman övladlar böyütdükləri üçün onlara minnətdarlığımızı bildiririk. Çünki bu valideynlərin dilindən səslənən yeganə fikir bu olur ki, oğul torpaq, Vətən üçün böyüdülür, tərbiyə olunur. Torpaqlarımızın işğaldan azad edilməsi yolunda tərəddüd etmədən canlarından keçən oğullardan bəhs edərkən analar bu məqamı da xüsusi qeyd edirlər ki, bütün canı ilə müharibəyə qatılarkən «getmə, məni tək qoyma oğul» gəlməsinin qarşısında aldığımız cavablardan aciz duruma düşür, utanc hissi keçirirdik: «Vətən bizim anamızdır, ana! Bu dar gündə onun qeyrətini çəkmək, vaxtilə itirilmiş qürurumuzu özünə qaytarmaq, başımızı dik tutmağımız üçün savaşa qatılmaq borcumuzdur.»
Başını dik tut, şəhid anası! Bu Qələbəni Vətənə, torpağa sevgi ruhunda tərbiyə etdiyin oğulların fədakarlığı, qəhrəmanlığı sayəsində əldə etdik. Bu gün onların həyat yolu hər bir gənc üçün vətənpərvərlik məktəbidir. Onların yazdıqları şanlı tarix 30 ilin nisgilinə, acısına, torpaq həsrətinə son qoydu. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabah daha da inkişaf edəcək, çiçəklənəcək Azərbaycan üçün möhkəm bünövrədir. Bu, eyni zamanda, regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin edən mühüm amildir.
Belə qəhrəmanlarımızdan biri də Mərhəmət Həmzəyevdir.
Qısa tanıtım: Mərhəmət Rizvan oğlu Həmzəyev 24 fevral 1997-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayon Keçili kəndində anadan olub. 2003-cü ildə Keçili kənd tam orta məktəbin birinci sinfinə daxil olub. 9-cu sinfi bitirəndən sonra, 2012-ci ildə Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi Liseydə təhsilini davam etdirib. 2015-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub, 2019-cu ildə bu məktəbi bitirib. İlk olaraq Şəmkir rayonuna təyinat alıb, leytenant kimi hərbi xidmət fəaliyyətinə başlayıb. Mərhəmət Həmzəyev 2020-ci il iyul ayının 12 də Tovuz döyüşlərində iştirak edib, sonra isə 44 günlük Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq nümayiş etdirib. Mərhəmət Həmzəyev Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapılmayıb. Ötən il dekabrın 22-də böyük izdihamla doğma kəndi Keçilidə dəfn olunub.
24 illik həyat yoluna şəhidlik adını qazanmaqla sonluq verən şəhid hərbçimiz 44 günlük İkinci Qarabağ müharibəsində yazılan dastanın qəhrəmanlarından birinə çevrildi. Onun şəhid olması doğmaları, əzizləri üçün nə qədər kədərlidirsə, bir o qədər də qürurludur. Dövlətimizin başçısı İlham Əliyevin müvafiq sərəncamları əsasında Zəfər Günü ilə yanaşı, Anım Gününün də təsis olunması Vətən uğrunda savaşanların qəhrəmanlığına verilən dəyərdir. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd ediləcək. Anım Gününün rəmzi Şuşanın rəmzi sayılan “Xarı bülbül”dür. Sükut dəqiqəsi Prezident İlham Əliyevin Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında Sərəncamı ilə elan olunub. Dövlətimizin başçısı İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli «Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında» Sərəncamı da Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyır. Mərhəmət Həmzəyev də Vətən müharibəsində 3 minə yaxın şəhidimizin sırasında olmaqla daim qəlbimizdə yaşayacaq, xatirəsi əziz tutulacaq. Əbəs yerə deyimir ki, şəhidlər ölməz, Vətən bölünməz. M.Həmzəyev kimi vətənpərvər, torpaq yolunda canından keçən gənclərimizin həyat yolu daim vərəqlənməli, onların qəhrəmanlığı, şücaəti təbliğ olunmalıdır.
Azərbaycanın döyüş meydanında, siyasi müstəvidə Qələbəsi torpaqlarımız uğrunda şəhid olmuş igidlərimizin qanının yerdə qalmadığının möhtəşəm nümayişi oldu. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, biz bu Qələbəni döyüş meydanında şəhidlər verərək qazandıq. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə də bu Qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir. Azərbaycan xalqı sübut etdi ki, yenilməz, məğrur xalqdır.


