Sosial 

Prezident İlham Əliyev: Qalib və vədinə sadiq Lider

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və  Leyla Əliyevanın işğaldan azad edilmiş bölgələrə son səfərləri son günlərin ən mühüm hadisələrindən hesab edilir. Çünki bu səfər zamanı səslənən mesajlar dövlətimizin gələcək siyasi kursunun istiqamətləri haqqında məlumat verir. Eyni zamanda, bu səfər Prezident İlham Əliyevin işğaldan azad edilmiş bölgələrlə bağlı strateji baxışlarına aydınlıq gətirir. Artıq istər tərəfdaş, istərsə də bizə qarşı qərəzli mövqedə olan ölkələr anlayırlar ki, Cənubi Qafqazda Azərbaycansız heç bir layihə icra edilə bilməz. Azərbaycan Cənubi Qafqazın hərbi-siyasi və iqtisadi lideridir.

Səfər zamanı ölkə başçısı bəyan etmişdir ki, o, yenidən işğaldan azad edilmiş torpaqlardadır. Son səfər zamanı olduqca mühüm əhəmiyyətə malik olan Füzuli-Hadrut avtomobil yolunun təməlinin qoyulması Azərbaycan dövlətinin qüdrətinin daha bir göstəricisidir. Çünki bu yolun inşası azad edilmiş ərazilərin bərpası və eləcə də gələcəkdə burada iqtisadi inkişafın davamlılığını və dayanıqlılığını təmin etmək üçün xüsusi əhəmiyyətə malikdir. Azərbaycan dövləti bu tipli layihələri həyata keçirməklə Böyük Qayıdışın əsasını qoyur.

Buna qədər bir neçə yol layihəsi həyata keçirilmişdir. Bu yol layihələrinin inşası gələcəkdə quruculuq işlərinin keyfiyyətli bir şəkildə həyata keçirilməsi üçün önəmlidir. Ümumiyyətlə, Azərbaycan indiyə qədər də özünün yol infrastrukturunun yüksək səviyyəsi ilə seçilmişdir. Keyfiyyətli yol sürətli və keyfiyyətli daşımaların həyata keçirilməsi, eləcə də beynəlxalq investisiyaların bölgəyə cəlb edilməsi üçün əsasların təmin edilməsidir.

Azad edilmiş torpaqların bərpasına başlanılmaqla, eyni zamanda, ölkəmizdə iqtisadi fəaliyyətin güclənməsi həyata keçiriləcəkdir. Füzulidən Şuşaya – Zəfər Yolunun çəkilməsi yeni iş yerləri, məşğulluğun güclənməsi deməkdir. Bundan əlavə, yaxın vaxtlarda Bərdə-Ağdam yolunun tikintisinə başlanacaqdır. Horadizdən Zəngilana yol çəkiləcəkdir. Bütün bunlar fəaliyyətin planlı, elmi və düzgün təşkil edilməsindən xəbər verməkdədir.

Dövlət başçısı səfəri zamanı ermənilərin işğal dövründə torpaqlarımızda həyata keçirdikləri dəhşətli vandalizmi bir daha diqqətə çatdırmışdır. Füzulidən Xocavənd bölgəsinə səfər zamanı işğaldan azad edilmiş yolboyu bütün yaşayış məntəqələrinin məhv edilməsi dövlət başçısı tərəfindən diqqətə çatdırılmışdır. Kənd və qəsəbələrin tamamilə məhv edilməsi ermənilərin xislətini bir daha ortaya qoymaqdadır. Bəzən kimsə düşünə bilər ki, Dövlət Başçısı bu məsələləri niyə bu qədər gündəmə gətirir. Çünki bu gün dünyanın gözü Prezident İlham Əliyevə yönəlibdir. Cənab İlham Əliyev XXI əsrin ən məşhur və uğurlu siyasətçilərindəndir. Onun rəhbərliyi altında Azərbaycanda iqtisadi və siyasi islahatlar həyata keçirilmişdir. Ölkə beynəlxalq münasibətlər sistemində özünün layiqli yerini tutmuşdur. Bölgənin ən güclü ordusu qurulmuşdur.

İşğalçı dövlət döyüş meydanında və diplomatik müstəvidə məğlub edilmişdir. Prezident İlham Əliyev dörd saatdan çox mətbuat konfransı keçirən bir siyasi liderdir. Diqqətəlayiq haldır ki, dövlət başçımız hər çıxışında dünyanı Ermənistanın cinayətləri haqqında məlumatlandırır. Ermənistanın cinayətlərini dilə gətirən Prezident bildirmişdir ki, otuz ildə düşmən işğal etdiyi ərazilərdə daşı daş üstündə qoymamışdır. Bütün təbliğatları yalan, böhtan üzərində qurulub. Özlərinə bir dövlət dedilər, sözdə “Artsax ” – o da cəhənnəmə getdi. Bir “dövlət” idisə, niyə heç bir şey qurulmadı? Çünki buranın onların torpağı olmadığını bilirdilər. Bəli, dövlət başçısının burada verdiyi bu mesajlar erməni təbliğat maşınını darmadağın edir. Artıq saxta göz yaşları, diasporun milyardları, təsir altında olan media qurumları elə heç bir əhəmiyyət daşımır. Ermənistan özünü batırdıqca batırır. Prezident İlham Əliyev Ermənistanda revanşist düşüncədə olanlara da bildirir ki, onlar yerlərində otursunlar. Çünki orduları darmadağın edilmiş, iqtisadiyyatları çökmüş, ölkələrini böhran bürümüşdür.

Prezidentin dilə gətirdiyi bir həqiqət də çox önəmli idi. Azərbaycan Ordusu heç vaxt mülki əhali ilə döyüşməyib. Ermənilərdən fərqli olaraq müharibə zamanı yalnız hərbi birləşmələrə qarşı vuruşduq, onları məğlub etdik və torpaqlarımızdan qovduq. Bəli, Azərbaycan Ordusu Ermənistan ordusu kimi üçüncü qüvvələrin arxasında gizlənib Xocalı soyqırımı kimi vandalizm aktı həyata keçirən cinayətkar bir birləşmə deyildir. Azərbaycan Ordusu ümummilli lider Heydər Əliyevin qurduğu, Prezident İlham Əliyevin inkişaf etdirdiyi peşəkar ordudur. Onun Qarabağ savaşındakı təcrübəsi hərb dərsliklərinə salınır. Hamı bu təcrübədən danışır və bu təcrübəni öyrənir.

Bəli, biz cənab İlham Əliyevin şəxsində qalib və sözünə sadiq bir Lider görürük. Onun rəhbərliyi ilə dövlətimiz daha da inkişaf edəcəkdir. Dövlətimizin başçısının məsələlərə qlobal yanaşması, eləcə də nümunə olması bizdə də məsuliyyət formalaşdırır. Hər bir azərbaycanlı Vətənin azadlığı, müstəqilliyinin möhkəmlənməsi, iqtisadi inkişafının dərinləşməsi istiqamətində dövlət başçısını nümunə götürməlidir.

Bəxtiyar Nəbiyev,

Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dekan müavini, dosent

Daha çox xəbərlər