Siyasət 

Prezident İlham Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi dəyişikliklər dövlət orqanlarının müasir dövrün tələblərinə uyğun fəaliyyət göstərməsinə xidmət edir

ARANTV.AZ xəbər verir ki, Prezident İlham Əliyevin dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərmanları dövlət orqanları və qurumlarının fəaliyyətinin optimallaşdırılması və dövlət büdcəsi vəsaitindən səmərəli istifadənin təmin edilməsinə gətirib çıxaracaq. Bu fikirdə olan mütəxəssislər bildirirlər ki, həyata keçirilən islahatlar, o cümlədən strukturun təkmilləşdirilməsi çevik qərarların qəbuluna da müsbət təsir göstərəcək.

Azərbaycanda həyata keçirilən uğurlu sosial-iqtisadi inkişaf strategiyasının nəticəsi olaraq yaradılan sosial-iqtisadi potensial davamlı iqtisadi inkişafı və makroiqtisadi sabitliyi təmin edir. Bu strategiya iqtisadiyyatın diversifikasiyasına, qeyri-neft sahələrinin, həmçinin regionların inkişafının sürətləndirilməsinə səbəb olur, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsinə imkanlar yaradır. Şübhəsiz, ölkə başçısının müəyyən etdiyi siyasət gələcək illər üçün dayanıqlı inkişafın möhkəm təməlinin yaradılmasını, iqtisadiyyatın dünya iqtisadi sisteminə inteqrasiyasının sürətləndirilməsini, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasını şərtləndirir.

Əlbəttə, dövlət müstəqilliyinin bərpasından sonra yaradılan yeni sistemin müstəqil fəaliyyət qabiliyyətinin təmini dünya təcrübəsinin müsbət dərslərinin nəzərə alınmasını tələb edir. Prezident İlham Əliyevin son illər ərzində dövlət idarəetmə sistemində həyata keçirdiyi dəyişikliklər məhz bu prinsiplərə əsaslanır və dövlət orqanlarının çevik, eləcə də müasir dövrün tələblərinə uyğun fəaliyyət göstərməsinə xidmət göstərir. Nazirlər Kabinetinin son iclasında bu məsələyə toxunan ölkə rəhbəri bildirdi ki, qarşıya qoyulan mühüm vəzifələrin icrası üçün düzgün kadr və struktur islahatlarının aparılması qaçılmazdır və Azərbaycan bu istiqamətdə təkmilləşdirmə işlərini bundan sonra da davam etdirəcək.

Mütəxəssislər qeyd edirlər ki, Prezident İlham Əliyevin verdiyi Fərman və sərəncamlar nəticə etibarilə idarəetmə sisteminin optimallaşmasına gətirib çıxaracaq. Bundan başqa, struktur islahatlar ölkədə biznes mühitinin daha da təkmilləşdirilməsi və rəqabətin gücləndirilməsinə geniş imkanlar açır. Çünki məqsədyönlü dövlət aparatı özəl sektorun fəaliyyətinə müdaxiləni minimuma endirməklə daha çox bazar tənzimlənməsinə şərait yaradır. Dövlət aparatının yığcamlaşması, paralel strukturların aradan qaldırılması və mövcud strukturların isə yenidən təşkili büdcə vəsaitinə qənaət edilməsainə də kömək göstərəcək.

Bu yeniliklər o cümlədən biznes mühitini təkmilləşdirmək, davamlı iqtisadi inkişafa nail olmaq, infrastrukturu və insan kapitalını inkişaf etdirmək, Azərbaycanın dünya iqtisadiyyatında mövqelərini gücləndirmək baxımından da vacibdir. İslahatlar nəticə etibarilə həm də məhsuldarlığın artırılması, ölkəyə daha çox investisiya cəlb olunması və yeni iş yerlərinin yaradılması deməkdir.

Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan kompleks islahatlar ölkəmizə “dünyada ən islahatçı” ölkə imici qazandırmaqla yanaşı, həmçinin davamlı və tarazlaşdırılmış iqtisadi inkişafı təmin edir. Azərbaycan dövləti də  idarəetmədə çevikliyi və səmərəliliyi artırmaqla cəmiyyətdə formalaşan yeni çağırışlara və iqtisadiyyatda baş verən struktur dəyişikliklərinə adekvat uyğunlaşmanı təmin edir. Məhz səmərəli dövlət idarəetmə aparatı məhdud resurslardan istifadə etməklə maksimum nəticə əldə edə bilər. İslahatlar çərçivəsində vətəndaşlara şəffaf, operativ və resurslara qənaət etməklə xidmət göstərilməsi üçün dövlət xidmətləri daha əlçatan və keyfiyyətli olacaq. “Bir pəncərə” və rəqəmsallaşma kimi prinsiplər struktur islahatlarının əsas xətləri sırasında yer alır.

Beləliklə, struktur islahatları “yaxşı idarəetmə” və “açıq hökumət” prinsiplərinə uyğun olmaqla dövlət idarəetməsinin dünya standartlarında həyata keçirilməsini təmin edir. Davos İqtisadi Forumunun “Qlobal Rəqabətlilik 2019” hesabatına əsasən, Azərbaycan 140 ölkə arasında “Dövlət tənzimlənməsinin yükü” alt-indikatoru üzrə əvvəlki illə müqayisədə 3 pillə irəliləyərək 12-ci yerdə qərarlaşıb və Avstriya, Belçika və Danimarka kimi ölkələri geridə qoyub. Təkcə bu fakt onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə formalaşdırılan effektiv dövlət idarəetmə mexanizmi beynəlxalıq səviyyədə də qəbul olunur. Çünki, son nəticədə bu islahatlar ölkədə aparılan şaxələndirmə siyasətinə xidmət göstərməklə, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, qeyri-neft ixracının genişlənməsi, idxalın əvəzlənməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və ordunun hərbi-texniki təchizatında kəmiyyət və keyfiyyət göstəricilərinin daxili istehsal hesabına yüksəldilməsini təmin edəcək.

Daha çox xəbərlər