Sosial 

Hünəri ilə tarix yazan Vətən sevdalısı

Elnur İmran oğlu Əsədullayev   Vətən müharibəsində  30 il əsir Qarabağımızın  azadlığı naminə göstərdiyi  hünərlə  zəfər tariximizdə silinməz iz qoydu. Lerik şəhərində dünyaya göz açan, xalqına, Vətəninə sonsuz məhəbbət bəsləyən dağlar diyarının qürurlu oğlu bu günü çoxdan gözləyirdi. Düşmən tapdağında olan torpaqların taleyi onu çox düşdürürdü. Ürəyinin  istəyini əsas götürərək  müharibə meydanında  şəhid olmaqla istəyinə çatdı. Elnurun bu ölməz qəhrəmanlığı  ona əbədiyyət qazandırdı. O, cismən aramızdan getsə də, harada bir Günəş müqəddəsliyi var sorağı oradan gəlir.

İndi adı böyük bir xalqın dilindən düşməyən Elnur orta məktəbdə yaxşı oxumaqla bərabər, idmanın  sərbəst güləş növünə də maraq göstərir. Dəfələrlə  yeniyetmələr üzrə  turnirlərdə iştirak edir, medal və təltiflərə  layiq görülür.  Əsası orta təhsilini başa vuranda  onun təlim-tərbiyəsi, savadı, vətənpərvərliyi  Elnurun  xalqına  gərəkli vətəndaş  olduğunu bildirir.

2016-ci ilin iyul ayında Elnuru Milli  Ordu sıralarına  çağırırlar. Cəbhə bölgəsinə düşməyi ürəyincə olur. Vətənə xidməti hər  şeydən üstün tutan  qəlbi sevdalı gəncin  şəxsi keyfiyyətləri qısa zaman kəsiyində ona əsgərlərin, komandirlərin yanında yaxşı hörmət qazandırır. Bir sözlə, nümunəvi xidməti ilə igidliyi, doğma  Azərbaycana əsl oğul məhəbbəti, xalqına, dövlətinə sədaqəti tam bilinir. Xidməti üzüağ başa vurur, daxilində olan alovlu bir istək  Elnuru  erməni dığalarına öz yerini göstərmək üçün hərbiyə bağlayır.   Köksündə əsl qəhrəman ürəyi döyünən  bu Vətən sevdalisı müddətdən artıq hərbi qulluqçu kimi  Beyləqanda xidmətini davam edir. Ən əsası Azərbaycanın ərazi bütövlüyü  uğrunda düşmənlə döyüşə hazırlaşır.  Və vaxtı gələndə   Qarabağın son qarış  torpağının  azad olacağı  günədək  döyüşməyə and içir…

Elnur Əsədullayev  Vətən müharibəsi başlanan gündən   haqq savaşımıza  atılır. Müqəddəs yurd yerlərini dığalardan  təmizləmək üçün  odun içinə  ürəklə girir və xüsusi  şücaət göstərir.  Dəfələrlə ölüm-dirim  savaşın qalibi olan  igid əsgərin fədakarlığını nəzərə alıb ona gizir rütbəsi   verməklə   tank komandiri seçirlər. Öz tanki ilə Füzuli istiqamətində  gedən döyüşlərdə dığaların belinə qırır,  Ordumuzun qələbəsini təmin edir.

Torpaqlarımız qarış-qarış azad olunduqca  qəhrəman Elnur daha da ürəklə döyüşür. Təəssüf ki, 14 oktyabrda  özünü namərd gülləsindən qoruya bilmir.  Canını Vətəninə   qurban etməklə əbədi bir ad qoyur.

Lerik camaatın fəxr etdiyi, qürur duyduğu qəhrəman oğulu  Elnur Əsədullayev  ölümündən sonra  “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medallarına layiq görülüb.

Zəfər Orucoğlu

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha çox xəbərlər