Siyasət 

İnkişafa çox müasir yanaşma olacaq

Dövlətimizin başçısı İlham Əliyevin “Ağıllı şəhər”  və “Ağıllı kənd”  konsepsiyasının hazırlanması haqqında Sərəncamı da bu məqsədə xidmət edir

Dövlətimizin başçısı İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans çərçivəsində  Rusiyanın Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun böyük elmi işçisi Stanislav Pritçinin Azərbaycanın gələcəyi ilə bağlı  baxışlarının necə olduğunu   öyrənmək üçün ünvanladığı  «Azərbaycan dövlət olaraq gələcək üçün hansı məqsədlər müəyyənləşdirib? On, iyirmi ildən sonra ümumi daxili məhsul, iqtisadiyyatın inkişafı, strategiya baxımından, ümumiyyətlə, dövlət olaraq Azərbaycanı necə görürsünüz» sualını cavablandırarkən dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki, Azərbaycan üçün ortamüddətli və uzunmüddətli inkişaf strategiyasını faktiki olaraq müharibədən əvvəl işləyib hazırlamışdıq: «Əlbəttə ki, ərazilərin işğaldan azad edilməsi əlavə imkanlar verəcək. Çünki ərazilərin bərpası çoxlu resurs tələb edəcək. Lakin, eyni zamanda, bu resurslar Azərbaycanda sərf olunacaq. Onlar biznesi stimullaşdıracaq, iqtisadiyyatımızın tikinti sektorunu stimullaşdıracaq, yeni iş yerləri yaradacaq, imkanlar yaradacaq, kənd təsərrüfatına əlavə dəyər qatacaq.» O da bildirilmişdir ki, hazırda  iki inkişaf proqramımız var. Birincisi,  hər il qəbul edilən  illik inkişaf proqramı və həmçinin 2030-cu ilədək inkişaf proqramı. İkincisi, Qarabağın bərpası üçün inkişaf proqramıdır ki, hazırda bu, başlanğıc mərhələsindədir.  «İnkişafa çox müasir yanaşma olacaq, təkcə bərpa zamanı deyil, həm də bərpadan sonra» söyləyən dövlətimizin başçısı İlham Əliyev onu da   qeyd edir ki,  əsas strategiyamız iqtisadiyyatın qeyri-enerji sektorunu inkişaf etdirməkdir. Həyata keçirilən  islahatlar yaxşı nəticələr verir.  Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan  28-ci yerdədir.

Tarixi Zəfərimizdən sonra  Azərbaycana hansı sahədən baxsaq yeni reallıqlar fonunda müəyyənləşdirilən prioritetlər açıqlanır, hədəflərin qarşıdakı dövrdə ölkəmizin həyatında hansı yeniliklərə yol açacağı təhlil edilir.  İşğaldan azad edilmiş ərazilərin malik olduğu  potensialın ümumilikdə  ölkənin  iqtisadiyyatına  yönəldilməsi,  yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək. Bu çərçivədə regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu daha da möhkəmləndirəcək.

İşğaldan azad edilmiş ərazilərimizdə «ağıllı şəhər» və «ağıllı kənd» layihələrinin icrası prioritetlər sırasında xüsusi yer tutur.  Dövlətimizin başçısı İlham Əliyevin 19 aprel 2021-ci il tarixli “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında  Sərəncamında da bu məqam xüsusi qeyd edilir ki,  respublikamızın  şəhər və kəndlərində göstərilən xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin, səmərəliliyinin artırılması, onların göstərilməsində informasiya texnologiyalarının tətbiqi, habelə həmin xidmətlər üzrə mövcud resursların effektiv istifadəsi və idarə olunmasının təmin edilməsi şəhər və kənd yerlərində dayanıqlı inkişafın əsas prioritetlərindəndir. Müasir telekommunikasiya, sensor, “Böyükhəcmli məlumatlar” (Big Data) və digər rəqəmsal və süni intellekt texnologiyalarının, həmçinin innovasiya və biliklərin istifadə edilməsi sosial-iqtisadi münasibətləri daha məhsuldar və səmərəli edir, iqtisadiyyatın ümumi dəyər zəncirində yeni gəlir imkanları yaradır. Qeyd edilən texnologiyaların bir-birilə inteqrasiya olunmuş formada istifadəsi ilə rəqəmsal məlumatların formalaşdırılması, yığılması, saxlanılması, işlənilməsi və analitik təhlillər əsasında qərarvermə və idarəetmənin keyfiyyətinin yüksəldilməsi səmərəli, eləcə də keyfiyyətli xidmətlərin göstərilməsi üçün geniş imkanlar açır. Bu imkanlar şəhər və kəndlərdə göstərilən xidmətlərin növbəti inkişaf mərhələsində funksional, genişmiqyaslı “Ağıllı şəhər” və “Ağıllı kənd” xidmətlərinə keçid üçün zəmin yaradır.  “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının tətbiqinin sürətləndirilməsi məqsədilə  konsepsiyasının  hazırlanması ilə əlaqədar  İşçi qrupu yaradılması sənəddə öz əksini tapıb. Təbii ki, bu kimi yeniliyi, müasirliyi göz önündə əks etdirən layihələr Azərbaycanın yeni texnologiyaların inkişafında və tətbiqində nə qədər maraqlı olduğunu təsdiqləyir.  Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair  beş Milli Prioritet: dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə böyük qayıdış və təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi reallaşdırılacaq. Onu da qeyd edək ki,  Milli Prioritetlər, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir.

Böyük Qayıdış proqramının əsas tərkib hissələrindən biri insanların təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı, müasir həyatın əsası olan layiqli yaşayışın bərpası üçün bütün sahələrdə quruculuğa nail olunmasıdır. Bu, stimullar əsasında və dövlət-özəl tərəfdaşlığının inkişafı çərçivəsində həyata keçirilməlidir. Yalnız belə şəraitdə işğaldan azad olunan ərazilərin Azərbaycanın böyük gələcəyinə tam inteqrasiyasını təmin etmək mümkündür. Bu prioritetin uğurla reallaşdırılması üçün  iki məqsədə nail olunmalıdır: dayanıqlı məskunlaşma; iqtisadi fəaliyyətə reinteqrasiya.

Hazırda  Ermənistan tərəfindən qanunsuz istismar olunmuş bütün resurslarımız qiymətləndirilir. İşğaldan azad edilmiş ərazilərin bəzi yerlərində, məsələn, Laçında, Kəlbəcərdə külək, Cəbrayılda, Zəngilanda günəş enerjisi və su üçün nəhəng potensial var. İşğaldan azad edilmiş  ərazilərdə xüsusi yaşayış standartları yaradılır. İnsanların bu torpaqlarda rahat yaşayışını təmin etmək üçün zəruri olan bütün işlər görülür. «Ağıllı şəhər» və «ağıllı kənd» layihələri həyata keçirilir. Qarabağ iqtisadiyyatımızın qeyri-enerji sektorunda, həmçinin nəqliyyatda böyük həcmdə ümumi daxili məhsul istehsal edəcək. Mövcud potensialdan səmərəli istifadə etmək, bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı üçün infrastrukturun beynəlxalq standartlara uyğunlaşdırılması, tələblərə cavab verməsi mütləqdir. 2003-cü ildən «İqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır» tezisini irəli sürən dövlətimizin başçısı İlham Əliyevin son 17 ildə imzaladığı Fərman və sərəncamlara, təsdiqlədiyi Dövlət proqramlarının mahiyyətinə diqqət yetirmək kifayətdir. «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf  Konsepsiyasının əsas hədəfləri məhz Azərbaycanı yüksək gəlirli ölkəyə çevirmək, inkişaf etmiş ölkələr sırasında addımlamaq istəyini reallaşdırmaq idi ki, son illərin uğurları bu hədəfin gerçəkləşdiyini təsdiqləyir. Azərbaycan müasir idarəçilik sisteminə malikdir. Şəffaflığın qorunması, vətəndaş məmnunluğunun artırılması dövlət siyasətinin əsasını təşkil etdiyi üçün bütün prioritetlərdə bu məqam xüsusi önə çəkilir.  2020-ci il dünya, o cümlədən Azərbaycan üçün COVID-19-la mübarizə  ili kimi xarakterizə olunsa da dövlətimiz insanların sağlamlığı ilə yanaşı, iqtisadi inkişafın dayanıqlılığının da təmin olunmasını qarşıya mühüm vəzifə kimi qoydu. 20 fəaliyyət sahəsini və 4 sektoru əhatə edən 10 yardım proqramının icrası da deyilənlərin təsdiqidir.

Beynəlxalq maliyyə qurumlarının mütəmadi açıqladıqları hesabatlar, səsləndirdikləri proqnozlar əldə olunan uğurların ümumi mənzərəsini yaratmaqla yanaşı, aparılan siyasətin dövrün tələblərinə uyğun olaraq təkmilləşdirildiyini də nümayiş etdirir. Qeyd edək ki,  Beynəlxalq Valyuta Fondunun  ənənəvi “Qlobal İqtisadi Mənzərə” adlı hesabatında   2021-ci ildə Azərbaycanda 2,3 faiz, Gürcüstanda 3,5 faiz, Ermənistanda 1 faiz, Rusiyada 3,8 faiz, Türkiyədə isə 6 faiz iqtisadi artım baş verəcəyi proqnozlaşdırılır.  Dünya Bankı da Azərbaycanla bağlı proqnozunu  açıqlanmışdır.  Qurum 2021-ci ildə ölkəmizdə 2,8 faiz, 2022-ci ildə isə 3,9 faiz iqtisadi artım proqnozlaşdırır.

Qeyd  etdiyimiz kimi, yeni dövr yeni hədəflərlə xarakterizə olunur.  Yeni texnologiyaların inkişaf etdirilməsi, onların tətbiqi üçün kadr potensialının formalaşdırılması müasir dövrün əsas hədəfləri sırasındandır. İdarəçilik sistemində təkmilləşmə, yeni texnologiyaların tətbiqinə əsaslanan, şəffaflığın qorunmasına, vətəndaş məmnunluğunun artırılmasına xidmət edən layihələrin icrası ölkəmizin dayanıqlı inkişafını stimullaşdırır. Artıq «ağıllı şəhər» və «ağıllı kənd»  strategiyasına uyğun olaraq pilot layihələrin icrasına başlanılır. Hər bir layihə özlüyündə bir yenilikdir. Qeyd etdiyimiz kimi, əsas məqsəd işğaldan azad edilmiş torpaqlarımıza qayıdacaq soydaşlarımız üçün yüksək həyat şəraitini yaratmaqdır. O da məlumdur ki, 2004-cü ildən bugünədək regionların sosial-iqtisadi inkişafına dair  3 Dövlət Proqramının icrasının başa çatması, 4-cü proqramın icrasının davam etdirilməsi nəticəsində Azərbaycanın hər bir bölgəsinin, kənd və qəsəbəsinin həyatında yeni dövr başlamaqla yanaşı, simaları tamamilə dəyişmiş, müasirliklə qədimliyin vəhdətinin qorunması fonunda mühüm işlər görülmüşdür. Düşünürük ki, işğaldan azad edilmiş ərazilərimizdə  yenidənqurma və bərpa işlərindən sonra gerçəkləşəcək Böyük Qayıdış bu ərazilərin malik olduqları potensialdan səmərəli istifadəyə geniş imkanlar açacaq ki, bu da dayanıqlı inkişafı daha da sürətləndirəcək.

Daha çox xəbərlər