Peşəsinin zirvəsinə ucalan nurlu əməl sahibi
Görkəmli akademik, Azərbaycanda oftalmologiya elminin inkişafında xüsusi xidmətləri olan Zərifə xanım Əliyevanı xəstələri xeyirxahlıq Mələyi adlandırırdı
Əliyevlər ailəsinin ənənəsini yaşadan layiqli davamçı
Şərur rayonunun Şahtaxtı kəndi tanınmış yetirmələri ilə məşhurdur. Bu torpaqda ilk qədəmlərini atan, yurd yerinin doğmalığını, müqəddəsliyini ayaq basdığı torpağa övladlıq borcunu sədaqəti ilə yerinə yetirən şəxsiyyətlərdən biri də Azərbaycan səhiyyəsinin inkişafında müstəsna rolu olan, tibb elminin ən məsuliyyətli, zəriflik, zərgər dəqiqiliyi tələb edən oftalmologiya sahəsinə gətirdiyi yenilikləri ilə bildirən, təkcə ölkəmizdə deyil, keçmiş sovetlər ittifaqında ad-san qazanan akademik Zərifə xanım Əliyevadır.
Bəzi insanların teleyinə yazılan ömur payının əvvəl və sonuncu tarixlərinin eyni aya , fəslə təsadüf etməsi tək-tək hallarda rast gəlinir. Bu, «təsadüfün» hansı əlamətlərdən xəbər verdiyini söyləmək çətindir. Əsas odur ki, Tanrının bəxş etdiyi bu qismət ilə başqalarına xeyirxahlıq əlini uzadasan, kimisə sevindirəsən, arxa, kömək olasan. Ailənin, cəmiyyətin sevimlisinə çevrilən, mənəvi keyfiyyətlərini qısa- 62 illik ömrünə sığışdıran Zərifə xanım Əliyeva xəstələri üçün xeyirxahlıq mücəssəməsi idi. Doğulduğu bahar fəslinin gözəlliklərini şəxsi keyfiyyətlərində formalaşdıran, Azərbaycanın görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru, professor Əziz Əliyevin ailəsində göz açan, anası Leyla xanımdan insanlıq, saflıq, əsl Azərbaycan qadınına xas xüsusiyyətləri öyrənən Zərifə xanım haqqında söylənilən xoş sözlər, xatirələr əsl insan haqqında yazılan balladadır.
1923-cü ilin aprel ayının 28-də dünyaya göz açan Zərifə xanım 1985-ci il aprel ayının 15-də əbədiyyətə qovuşsa da, qısa həyat yolunda göstərdiyi fədakarlıqları ilə bu gün də xatirələrdə, özündən sonra yadigar qoyduğu və davam etdirilən elmi tədqiqatları, müalicə metodları ilə yaşayır. Gözəl insan, qayğıkeş həkim. Bu iki sözdə böyük məna vardır. Çünki insanlara şəfalı əlləri ilə həyat verən həkim qayğıkeş olanda, xəstə üçün narahatlıq keçirib, nəvazişi ilə belə onu sağaldanda xəstəlik «ağ bayraq» qaldırır. Zərifə xanımın seçdiyi oftalmologiya elmi isə ikiqat zəhmət, öz üzərində çalışmaq tələb edir. Çünki insanların həyatdan zövq alması, yaşamaq həvəsi, dünyaya baxışı gözlə görünən gözəllikləri dəyərləndirmək bacarığından asılıdır. Bu baxımdan Zərifə xanım Əliyevanın həyat yolu həqiqi mənada nümunə göstərilə biləcək qədər mənalı, zəngin olub.
Qismətinə belə xoşbəxt tale yazılan, qaranlıq gözlərə nur paylayan, həyatın gözəlliklərindən zövq alan, oftalmologiya elmində xüsusi dəst-xətti ilə iz qoyan akademik Zərifə xanım Əliyevaya əbədiyaşarlıq şansı qazandıran onun başqalarının sağlamlığı üçün « xərclədiyi» yuxusuz gecələri, çəkdiyi narahatlıqlar, nur verdiyi gözlərin Günəşi görməsi idi.
Bacarığı, qabiliyyəti ilə özünə cığır açan zəriflik
Gənc Zərifədə tibb elminə maraq, insanlara sonsuz məhəbbət, qayğıkeşlik ailə ənənəsindən qaynaqlansa da, tibb elminə yeniliklər gətirmək həvəsi onun gələcək həyat yolunun bələdçisi oldu. 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin müalicə- profilaktika fakültəsinə daxil olan Zərifə tələbə kimi Böyük Vətən müharibəsi illərində Bakıdakı hərbi hospitallarda müalicə olunan xəstələrə , yaralılara qulluq etdiyi müddətdə təkcə ağ xalatlı sağlamlıq qoruyucusu kimi fəaliyyət göstərmədi. Gününün xeyli hissəsini hospitalda keçirməklə həyat təcrübəsi də qazandı. İnsanların daha çox hansı xəstəliklərdən əziyyət çəkdiyini gündəlik müşahidələri ilə öyrəndi. Xəstələrinin qayğısına qalmaqla onlara yaxınları kimi nəvaziş göstərir, ehtiyaclarını öyrənir, ailə vəziyyətləri ilə maraqlanırdı.
Elə o vaxtlarda işinə bağlılığı ilə xoş təəssürat yaradan Zərifəni tanıyanlar onun gələcəkdə peşəsinin tanınmış mütəxəssisi olacağını inamla bildirirdilər. Məzun kimi Hippokrat andına sədaqətini şəfalı əlləri və xəstələrinə bəxş etdiyi nurlu əməlləri ilə təsdiqləyən Zərifə xanım bacarıqlı həkim kimi haqqında deyilənləri təsdiqlədi. Oftalmologiya elminə gətirdiyi yenilikləri ilə çoxlarını təəccübləndirdi.
Zərifə xanımı daha çox narahat edən o dövrdə xüsusilə bölgələrdə yayılan troxoma xəstəliyi ilə mübarizə metodlarının aşkarlanması idi. Öz üzərində çalşımağı həyatının mənası hesab edən Zərifə xəstəxanalarda çalışmaqla işini bitmiş hesab etmir, rayonlara gedir, görmə qabiliyyəti azalan xəstələrlə təmasda olur, körpələrə xüsusi qayğı ilə yanaşır. Xəstəliyin patologiyasının öyrənilməsi üçün öz üzərində çalışır. Həyatın çətin sınaqlarından çıxmağın yollarının zəhmətdən qaynaqlandığını təcrübəli həkimlərdən öyrənən Zərifə xanımın yardımçısı qətiyyəti, işinə bağlılığı, amalına çatmaq uğrunda yorulmadan çalışması idi. İnadkarlığı ilə yoluxucu, yayılma imkanları geniş olan bu xəstəliklə mübarizəyə qalib gəlməyə çalışdı. İlk növbədə xəstəliyin yaranma və yayılma səbəblərini elmi şəkildə öyrənmək və profilaktik tədbirlərin aparılmasını sürətləndirmək üçün əhali arasında maarifləndirmə işlərinə xüsusi diqqət yetirirdi. Apardığı tədqiqatlar əsasında yazdığı «Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomitsinlə müalicəsi» adlı namizədlik dissertasiyası onun elmdə qazandığı ilk uğuru olsa da , görüləcək işlər də çox idi. Qlaukoma xəstəliyinin öyrənilməsi onun maraq göstərdiyi ikinci sahə oldu. 1967-ci ildə bacarıqlı həkim kimi Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunanda da bu sahdə elmi tədqiqatlarını daha geniş coğrafiyada davam etdirdi.
Qazandığı təcrübə sayəsində həmkarlarını düşündürən problemlərin həllinə göstərdiyi fədakarlıq, yenilik həvəsi Zərifə xanıma uğur qazandırdı. Yenilik həvəsində olan Zərifə xanım sevib- seçdiyi peşəsinin sirlərinə daha dərindən yiyələnmək üçün Moskvadakı Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitututunda oftalmologiya üzrə ixtisasartırma kursunda çalışdı. Əvvəlcədən elmi tədqiqat işlərinə, araşdırmalara, yeniliyə böyük həvəsi olan gənc həkim kimi Azərbaycan Oftalmologiya Elmi- Tədqiqat İnstitutunda həkim-ordinator işlədiyi müddətdə dünyada tətbiq olunan tibb elminin ən müasir texnologiyalarının təcrübədə tətbiqinə çalışdı. 1950 -ci ildə aspiranturaya daxil olmaqla elmi işçi kimi fəaliyyətini davam etdirdi.
Az araşdırılan, lakin aktual məsələlərdən sayılan diaqnostika, qlaukoma və görmə orqanının iltihabının müalicəsi kimi məsələlərə xüsusi diqqət yetirən Zərifə xanımı istehsal prosesində qlaukoma ilə əlaqədar yaranan başqa göz xəstəlikləri daha çox narahat edirdi. Çətinliklə də olsa qazandığı uğurlardan zövq alan, «həyat mübarizlər üçün sınaq meydanıdır» müdrik kəlamın sehrinə sığınan, bu sahədə də elmi təcrübələrini davam etdirən gənc həkim kimi biliyini əsirgəmədi. Çoxillik təcrübə və tədqiqatlarının nəticəsi olan «Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti» mövzusunda yazdığı dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək tibb elmləri doktoru elmi dərəcə aldı. Əldə etdiyi nailiyyətlər onun vəzifədə də yüksəlməsinə imkan yaratdı. O, əvvəlcə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının professoru, sonra isə kafedra müdiri oldu. Amma bu da son deyildi. Göz xəstəliklərinin, görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə tədqiqatlarını davam etdirən, yaratdığı yeganə elmi laboratoriya ilə sovetlər birliyində diqqəti cəlb edən Zərifə xanım az intensiv zəhərli istehsal sahələrində görmə orqanına fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi üzrə bir sıra qiymətli tədqiqatlar apardı. Dünyanın elmi ictimaiyyətinin marağına səbəb olan «Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya» « Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası», « Şin istehsalında gözün peşə patologiyası» adlı monoqrafiyaları ilə xarici həmkarlarının da diqqətini cəlb etdi. Misilsiz xidmətlərinə görə Zərifə xanım oftalmologiya elmində ən yüksək təltif olan M.İ.Averbax adına mükafata layiq görüldü. Gözün zədələnməsinin profilaktikası, görmə orqanlarında bədxassəli şişlərin diaqnostikası və öyrənilməsi ilə bağlı elmi axtarışlarına görə 1983- cü ildə AMEA-nın akademiki seçilir. Bakıda məişət kondinsionerləri zavodunda yaratdığı laboratoriya dünyada yeganə olmaqla, həm də onun ikinci iş yeri idi. Müəssisədə çalışanlar arasında çoxluq təşkil edən qadınlar onun həm xəstələri, həm də yaxın rəfiqələri idi. Həkmin ən başlıca keyfiyyəti olan xeyirxahlığı elmi təcrübəsi ilə birləşdirən Zərifə xanım həmkarları arasında olduğu kimi zavodun kollektivinin də sevimlisi oldu. Sonrakı illərdə cəmiyyətdə qazandığı xeyirxahlığı, faydalı fəaliyyəti ilə ictimai xadim, xeyirxah əməl sahibi adını qazanan, Azərbaycan qadınına xas milli-mənəvi keyfiyyətləri qısa, lakin mənalı əməllərində formalaşdıran Zərifə xanımın həyat yolu bir nümunə, insanlıq dastanıdır. Yüzlərlə elmi məqalənin, maraqlı monoqrafiyaların müəllifi olan Zərifə Əliyevanın «Yüksək etimad» kitabı isə cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə bələdçi, yardımçıdır.
Tale yolları: Vəfalı ömür-gün yoldaşı, mehriban ana
Zərifə xanım həyatının mənasını təşkil edən peşə seçimi ilə deyil, ömür- gün yolunu müəyyənləşdirəndə də ağlın hikmətinə sığındı. Sağlam düşüncəsi, insanları tanımaq qabiliyyəti ilə bu sınaqdan da uğurla çıxdı. İctimai – siyasi xadim Əziz Əliyevin sevimli qızı Zərifə Azərbaycan xalqının sevimlisi, ulu öndər Heydər Əliyevi seçəndə də yanılmadı. Əfsanəyə çevrilən Heydər Əliyev və Zərifə xanım Əliyevanı birləşdirən tale yolları bu cütlüyə daim uğur gətirdi.
Mələk simalı Zərifə xanımı insanlığı formalaşdıran xeyirxahlıq simvolu adlandıranların sözlərində həqiqət vardır. Bütün varlıqların işıqdan yarandığı, nurla gözəlləşdiyi şəksizdir. Peşəsinin vurğunu olan Zərifə xanım ailəsinə də analıq şəfqəti ilə nur gətirdi. Tanınmış dövlət xadimi, təcrübəli siyasətçi ulu öndər Heydər Əliyev kimi bir dahinin həyat yoldaşı olmaq çətin, məsuliyyətli, eyni zamanda şərəfli idi. Sevib-seçdiyi peşəsində özünü təsdiqləyən Zərifə xanım
qayğıkeş ana kimi övladlarını Vətənə məhəbbət ruhunda tərbiyə etmiş Azərbaycan xalqını dünyada tanıdan , adı məşhur liderlərlə qoşa çəkilən Prezident İlham Əliyev kimi siyasətçini xalqımıza bəxş etmişdi.
Bütün çətinliklərə mətanəti ilə qalib gələn, hətta repressiya təhlükəsi ilə yaşayan atası, tibb elmini ailələri üçün həyat ideyasına çevirən, tanınmış həkim Əziz Əliyevin peşəsini davam etdirən Zərifə xanım gəlini olduğu Əliyevlər ailəsinin də adət –ənənələrini Azərbaycan qadınına xas sədaqətlə davam etdirmişdi. Cəmiyyətdə böyük nüfuz və hörmət qazanmaq, minlərlə insanın sevimlisinə, hamisinə çevrilmək üçün tələb olunan mənəvi keyfiyyətləri şəxsi həyatında, qayğıkeş həyat yoldaşı, mehriban ana kimi formalaşdıran Zərifə xanımın şəxsiyyətini tamamlayan onun həyata bağlılığı, xeyirxah əməl sahibi olması idi.
Zərifə xanımı tanıyanların, onun haqqında xatirələrini bölüşdürənlərin ilk sözü bu olur: Zərifə xanım gözəllik, mərhəmət ilahəsi idi. Tanrının seçilən, sevimli bəndələrindən olan Zərifə xanım tipik Şərq qadını, ailəsini, ocağını qoruyan, cəfakeş həyat yoldaşı, etibarlı dost, övladlarını əsl vətənpərvər kimi yetişdirən və hamıya nümunə olan bir ana obrazı idi. Zərifə xanıma sədaqətini « Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduguma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib… Bu gün xoşbəxt gündür. Çünki bu gün Zərifə xanım kimi böyük bir insan Yer üzünə gəlib, mənim həyatımı xoşbəxt edib, mənə gözəl övladlar bəxş edib. Eyni zamanda qəmli günümdür. On il keçsə də , mən bu qəmdən ayrıla bilmirəm» sözləri ilə bildirən ulu öndər Heydər Əliyev sədaqətli ömür-gün yoldaşına vəfa borcunu Naxçıvan şəhərindəki Zərifə Əliyeva adına poliklinikanın açılışında fəxri kitabda yazdığı sözləri ilə də təsdiqləyir: « Mənim ömür-gün yoldaşım mərhum Zərifə xanımın adını daşıyan poliklinika ilə tanış olmaq, onun xatirəsinə həsr edilən guşəni seyr etmək məni dərin hissiyatlara gətirdi. Xatirimdən heç vaxt çıxmayan, mənim üçün çox əziz olan insanın həyat və yaradıcılığını əks etdirən bu guşə məni coşdurdu. Bunlar hamısı onun insani keyfiyyətlərinə, böyklüyünə, böyük elmi və həkimlik xidmətlərinə layiqli abidədir. Bu xeyirxah işdə zəhmət çəkənlərin hamısına təşəkkür edirəm. Heydər Əliyev»
Sədaqətli ömür gün yoldaşı, bəşəri dəyərlərə hörmətlə yanaşan, yüksək mədəniyyəti ilə də seçilən ziyalılardan olan Zərifə xanım Əliyevanı nümunə göstərən «Heydər Əliyev: Tale yolları» kitabının müəllifi Nikolay Zenkoviç yazır: «Mən Siyasi Büro üzvlərinin arvadları barədə bioqrafik məlumatları diqqətlə araşdırmışam, müqayisə etmişəm. Hansı nəticəyə gəlmişəm. Aydın olub ki, onlar arasında ən savadlı qadın Siyasi Büro üzvü Heydər Əliyevin xanımı olub. O, hətta Sov. İKP MK baş katibinin arvadı Raisa Maksimovnadan da savadlı idi. Özü də təkcə savadlı yox, Zərifə xanım hərtərəfli bir şəxsiyyət idi. SSRİ siyasi rəhbərlərinin o biri üzvlərinin evdar qadın olan maraqsız arvadlarından fərqli olaraq Heydər Əliyevin həyat yoldaşı dünyada tanınan bir insan idi.»
Zərifə xanımın ictimai işlərdə fəallığını, cəmiyyətdə tutduğu mövqeyi yüksək dəyərləndirən, onun övladları barədə də münasibətini bildirən müəllif yazır: « Yuxarılarda» əyləşən 229 nəfərin uşaqlarından ən böyük uğur qazananlar 3 nəfərdir. Birinci yerdə Heydər Əliyevin oğlu İlham durur. O, Azərbaycan Respublikasının prezidentidir. Siyasi Büronun o biri üzvlərinin övladlarından heç biri bu cür böyük uğura nail olmamışlar. Dünyanın aparıcı dövlətlərinin başçıları ONU səmimi qəbul etmişlər, onunla yaxşı, işgüzar münasibətlər qurmuşlar.» Bu qiymət bir ana kimi də Zərifə xanıma verilən dəyərdir
Onun musiqi istedadını həkimlik peşəsi ilə müqayisə edən, heç birinə «birincilik qazandıra» bilmədiyni qeyd edən, qırx ildən artıq SSRİ Bəstəkarlar İttifaqına başçılıq etmiş Tixon Xrennikovun qeydləri də maraqlıdır: «Fundamental erudisiyası ilə seçilən parlaq şəxsiyyət Zərifə xanım heyrətamiz insan idi. Musiqini, ədəbiyyatı, xüsusilə poeziyanı peşəsi qədər sevib, dəyər verən kamil bir insan, şəxsiyyət idi.»
Tanınmış oftalmoloq, akademik, gözəllik ilahəsi, xeyirxahlıq mələyi adını əməlləri ilə qazanan Zərifə xanım haqqında deyilənlərin məntiqi nəticəsi belədir: Nurdan yaranmışdı, nura çevrildi. O, nur ki, çoxlarına yaşamaq, təbiətdən zövq almaq sevinci bəxş etdi.

