Tağının tək arzusu var idi: Qarabağı azad edib Naxçıvana qalib kimi qayıtmaq
Atası: “Hər dəfə danışanda deyirdi ki, düşmənin canını alırıq, artıq son çırpınışlarıdır. Torpaqlarımızı qarış-qarış geri qaytarırıq”

Vətən müharibəsində mərdliklə döyüşərək şəhidlik məqamına yüksələn qəhrəman oğullarımızın hansı çətinlik və maneələri dəf edərək Şuşaya qədər getmələrini sözsüz ki, o anları, o əraziləri, qurulan müdafiə sədlərini görməyənlər tam olaraq anlaya bilməzlər. Ucsuz bucaqsız minalanmış ərazilər, tikanlı məftillərlə hörülmüş beton sədlər, texnika əleyhinə qazılmış dərin xəndəklər, yeraltı gizlin bunkerlər, torpağı köstəbək kimi qazaraq yerin altını sığınacağa çevirən erməni əsgərləri və daha nələr, nələr. Bu və sadalamadığın digər müdafiə elementlərini isə hər kəsin tez-tez eşitdiyi Ohanyan səddi adlandırırdılar, bir sözlə, keçilməz olduğunu deyirdilər, yada ki, zənn edirdilər. Bəli, əslində zənn edirdilər. Döyüşlər zamanı çox gözəl anladılar ki, Azərbaycanın şanlı əsgəri, hərbçisi üçün keçilməz deyilən bir maneə yoxdur. Respublikanın hər bir yerində yaşayan minlərlə vətənsevər “dəmir yumruq” olaraq bu səddi aşdı, Qarabağın qapısını sonuna qədər əsl sahiblərinin üzünə açdı. Naxçıvan Muxtar Respublikasının Sədərək rayonundan olan şəhid kiçik çavuş Abdullazadə Tağı İlham oğlu da o “dəmir yumruğ”un bir parçası idi.

Qəhrəmanın atası İlham Abdullayev də Sədərək döyüşlərinin iştirakçısıdır. Naxçıvanlılar ötən əsrin 80-ci illərinin sonlarında da böyük cəsarət və hünər göstərərək torpaqları düşməndən qorudular. İ. Abdullayev deyir ki, həmin illərdə silah-sursatımız olmasa da, Vətən sevgimiz var idi: “Hansı ki, bu sevgi bizə atalarımızdan ərməğan qalmışdı. İgidlərimiz səngərlərdə günlərlə ac-susuz qalsa da, yüzlərlə şəhid versək də, torpağımızı qoruduq”.

Oğlunun Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etdiyini bildirən şəhid atası onun könüllü olaraq Qarabağa getdiyini bildirdi: “Hər dəfə danışanda deyirdi ki, düşmənin canını alırıq, artıq son çırpınışlarıdır. Torpaqlarımızı qarış-qarış geri qaytarırıq. Tağı kimi on oğlum olsa, onunu da Vətənə qurban verərdim. Yetər ki, bu dövlət yaşasın, övladlarımız müzəffər bir xalqın övladı olsunlar. Uca Tanrı dövlətimizi var eləsin, Ulu Öndərimizin ruhu şad olsun. Onun vəsiyyəti, arzuları yerinə yetdi. Bu gün bayrağımız işğaldan azad olunmuş yurd yerlərimizdə dalğalandıqca, Ana Vətənin müqəddəs torpağında igid Azərbaycan əsgəri dolaşdıqca o torpaqlar uğrunda canından keçənlərin ruhu şad olur”.

Bu gün oğlunun yaş günü olduğunu deyən Şahnaz ana da qürurludur: “Gözümün ağı-qarası bircə oğlum məni bu yüksək zirvəyə layiq gördü. Şəhid anası… İndi mən bütün azərbaycanlı oğullarının anasıyam. Mən böyük fəxarət hissi keçirdirəm ki, oğlum torpaq uğrunda şəhid olub, onun adı ölümsüzlər siyahısına yazılıb. Yeganə oğlumun uğrunda canından keçdiyi torpağa qədəm qoyanda onun nə qədər uca bir zirvəyə sahib olması ilə təsəlli tapacağam. Ali Baş Komandanın Sərəncamı ilə oğlumun “Vətən uğrunda” medalı ilə təltif edilməsi oğul həsrəti ilə yanan qəlbimə bir az da olsa, rahatlıq gətirdi”.

Tağının bölük komandiri, qazi Təbriz Zeynalov da öz əsgərinin igidliyindən ağızdolusu danışır. Deyir ki, yaralananda onu döyüş mövqeyindən Tağı çıxarıb, ilk tibbi yardım göstərib: “Mən bu gün yaşayıramsa, səbəbkarı Tağıdır. Mən ağır yaralananda o, öz yükü ilə bərabər, mənim də döyüş ləvazimatlarımı götürüb meşəlik ərazidə 10 kilometrə yaxın yolu piyada daşıyıb. Bu xalq, bu millət həmişə igid övladları ilə qürur duyub. Tağının da, orada şəhid olan başqa dostlarımızın da tək arzusu var idi: Qarabağı azad edib Naxçıvanımıza qalib kimi qayıtmaq. Onun və digər yoldaşlarımızın şəhid olması hamımızı dərindən sarsıtdı. İgid Vətən oğulları gözlərini əbədi olaraq yumub öz canlarını bir ovuc torpağa qurban verdilər. Qoy bircə övladını Vətənə qurban verən atalar, analar düşünməsin ki, oğlunu itirdi. Tağı bu gün cismən həyatda olmasa da, ruhu hər zaman bizimlədir”.
Tağının cəbhə yoldaşı Murad Həsənov onun şəhid olma məqamından danışaraq bildirir ki, Hadrut istiqamətindəki ilk pusqu 13 oktyabr gecə saatlarında oldu: “Kiçik çavuş Tağı Abdullazadə düşmənin arxa istiqamətindən hücum edərək düşmən hərbçilərini məhv etdi. Meşə istiqamətində hərəkətə davam edərək 400-500 metr irəli getdikdən sonra yenidən pusquya düşdük, oradan çox çətinliklə çıxdıq. Həmin istiqamətdə 3789 metr hündürlükdə yerləşən Tuzluca yüksəkliyində minomyot mərmisi düşməsi nəticəsində Tağı sağ tərəfindən, başından ağır zərbə alması ilə şəhidlik məqamına yüksəldi”.

