CNN: “Şəki: Azərbaycanın ipək yolu – karvanlar və xanlar şəhəri”
ARANTV.AZ xəbər verir ki, CNN televiziya kanalının saytında “Şəki: Azərbaycanın ipək yolu – karvanlar və xanlar şəhəri” sərlövhəli məqalə yerləşdirilib. Məqalədə bildirilir ki, Azərbaycana əcnəbi turistlərin çox böyük marağı var. Bu il ölkəyə rekord sayda turist gəlib. Yazı müəllifləri beynəlxalq oxucu auditoriyası üçün yerli mətbəxin xüsusiyyətlərindən də bəhs ediblər, tarixi abidələr barəsində geniş məlumat veriblər.
Nefti ilə şöhrət tapmazdan əvvəl, Azərbaycan öz ipəyi və ədviyyatının keyfiyyəti ilə məşhur idi. Avropa ilə Asiyanın kəsişdiyi məkanda, Xəzər dənizinin sahilində və Qafqaz dağlarının ətəyində yerləşən ölkə qədim ticarət marşrutlarının şəbəkəsi olan və Şərqlə Qərbi birləşdirən İpək yolunun mühüm hissəsi idi. Bu fikirlər CNN televiziya kanalının saytındakı “Şəki: Azərbaycanın ipək yolu – karvanlar və xanlar şəhəri” sərlövhəli məqalədə yer alıb. Yazının müəllifləri Morin Oheyr və Cəfər Almadhun diqqətə çatdırıblar ki, İpək yolunun Azərbaycanın şimal-qərbindən keçən hissəsində yerləşən Şəki şəhəri XIX əsrin əvvəlində dünyada ipək istehsalı üzrə mərkəz olub. Çay daşları ilə döşənmiş küçələri və orta əsr memarlığı ilə seçilən Şəki müasir Azərbaycanın ən mənzərəli şəhərlərindən biridir. Şəkinin tarixi abidələrini təsvir edən müəlliflər vurğulayırlar ki, yüz illər bundan əvvəl İpək yolu boyu xeyli sayda mehmanxanalar var idi, bu gün Azərbaycana gələn turistlər isə 18-ci əsrə aid olan və orijinal üslubda tikilən “Yuxarı Karvansara” otelində qala bilərlər. Məqalədə o da bildirilir ki, Şəki Xan Sarayı şəhərin ən başlıca turizm məkanıdır. 18-ci əsrdə tikilən ikimərtəbəli bina zəngin interyeri və eksteryeri ilə fərqlənir. Ticarət şəhərinin kosmopolit ruhuna uyğun olaraq, Şəki dini müxtəlifliyin uzun tarixinə malikdir. Bölgədə çoxlu sayda kilsə və məscid fəaliyyət göstərir. Şəhərin şimalından bir neçə kilometr aralıda yerləşən Kiş kəndində tikintisi eramızın 1-ci əsrində başa çatmış bölgənin ən qədim məbədi yerləşir. Müəlliflər beynəlxalq oxucu auditoriyası üçün yerli mətbəxin xüsusiyyətlərindən də bəhs ediblər. Məqalənin sonunda qeyd olunub ki, 2017-ci ildə Azərbaycanda elektron vizaların alınması prosesinin daha da asanlaşdırılmasından sonra Qafqazın bu guşəsinə gələn turistlərin sayı artıb.

