“Yerli adət-ənənələrimizi yaşadaq” adlı festival keçirilib
ARANTV.AZ xəbər verir ki, ölkəmizin şimal bölgəsində yaşayan azsaylı xalqların milli adət-ənənələrinin öyrənilməsi, təqdimatı və təbliği ilə bağlı Qusarda “Yerli adət-ənənələrimizi yaşadaq” adlı festival keçirilib. Tədbirdə rayonun folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri bacarıqlarını nümayiş etdiriblər.
Ölkəmizdə yaşayan etnik qruplar özünəməxsus mədəniyyətlərin elementlərini qoruyub saxlayır ki, bu da multikultural dəyərlərə daim diqqət ayıran Azərbaycanın dövlət siyasətinin prioritetlərindən birinə çevrilib. Bu mədəni inteqrasiya əsasən məişət həyatında, sənətkarlıqda, mətbəx və müxtəlif mərasimlərdə əksini tapıb. Qusarın Nəriman Nərimanov adına mədəniyyət və istirahət parkında təşkil edilən tədbirdə də qonaqlar ləzgilərə aid folklor, mətbəx və sənət nümunələri ilə yaxından tanış oldular.
Tolerantlığı ilə seçilən Azərbaycan azsaylı xalqların da məskunlaşdığı məkandır. Burada müxtəlif etniklər birgəyaşayışın nümunəsini illərdir ki, qoruyub saxlayırlar. Ələxsus, ölkəmizdə azsaylı xalqların dillərinin, adət-ənənələrinin, mədəniyyətlərinin qorunub saxlanmasına hər cür şərait yaradılıb.
Azsaylı xalqların dillərinin, mədəniyyətlərinin, məişət həyatının qorunub saxlanmasında yaratdıqları musiqi və folklor kollektivlərinin də rolu böyükdür. Qusardakı folklor kollektivləri rəngarəng musiqi nömrələri təqdim etməklə yanaşı, rayona məxsus qədim el sənətkarlığının da təbliğini aparırlar. Qədimliyi və gözəlliyi ilə seçilən misgərlik, nəqqaşlıq inciləri, rəssamlıq örnəkləri, dekorativ tətbiqi sənət ustalarının, xüsusilə xalçaçıların əl işləri, həmçinin bu bölgənin milli mətbəxi hər kəsdə maraq doğurur.
Bu gün hər bir bölgəmizdə olduğu kimi, Qusar rayonunda da müxtəlif xalqların nümayəndələri, ayrı-ayrı dini dəyər daşıyıcıları mehriban şəraitdə yaşayır, birgə fəaliyyət göstərirlər. Multikultural dəyərlərin, ənənələrin qorunub saxlandığı Qusarda ləzgilər və digər azsaylı xalqların nümayəndələri əmin-amanlıq şəraitində yaşayırlar.

