Politoloq: Nə Ermənistanın, nə də Fransanın regionumuzda yaranmış yeni reallıqları dəyişdirmək gücü yoxdur- ŞƏRH
“Ermənistan baş naziri N.Paşinyan hər nə qədər də üçtərəfli sazişdən irəli gələn öhdəlikləri yerinə yetirmək məcburiyyətində qaldığını bilsə də, ona qarşı olan təzyiqləri minimuma endirmək üçün ən azı seçkilərə qədər vaxt udmaq istəyir. Təzyiqləri minimuma endirməyin ən yaxşı yolu kimi də müxtəlif bəhanələrlə beynəlxalq təşkilatlara və ayrı-ayrı dövlətlərə müraciət etmək yolunu seçib. Bununla o, “mən əsirlərin qaytarılması və sərhədlərimizin qorunması üçün hər şeyi edirəm” mesajı verməklə ictimai rəydə “nüfuzunu” bərpa etməyə çalışır.”
Bu sözləri “İki sahil”ə açıqlamasında politoloq Yusif Bağırzadə söyləyib.
Politoloq qeyd edib ki, ilk olaraq Rusiyaya və KTMT-yə müraciət edən Paşinyan qarşı tərəfdən gözlədiyi dəstəyi ala bilmədiyi üçün digər bir yola baş vurdu: “KTMT-ni sərt tənqid etməyə başladı, ABŞ və Fransadan dəstək istədi. Bununla o, həm də, Ermənistanın daxilindəki anti-rus əhval ruhiyyəsində olan seçicilərin səsini almağa çalışır və qeyd etmək lazımdır ki, Ermənistanda bu mövqedə olan insanların sayı çoxluq təşkil edir. Rusiya meyilli qüvvələr isə daha çox Paşinyanın rəqiblərinin ətrafında cəmləşdiyindən onların səsini itirməkdən də çəkinmir. “Sərhəd boyu neytral zona yaradılsın, ABŞ və Fransa hərbi birləşmələri də həmin zonaya yerləşdirilsin” təklifi də Ermənistanın həm adını çəkdiyim ölkələrdən siyasi dəstək almasına yönəlib, həm də Rusiyaya mesaj verilməsinə hesablanıb. Paşinyan bununla Rusiyaya seçkilərə müdaxilə edəcəyi və rəqiblərini dəstəkləməyə davam edəcəyi halda Rusiyanın Ermənistandakı hərbi bazasını Fransa ilə dəyişə biləcəyinə eyham vurur.”
Y.Bağırzadə bildirib ki, Paşinyanın iki günlük Fransa turnesi və orada hər iki ölkə rəhbərlərinin səsləndirdiyi bəyanatlar isə ictimai rəydə “Avropa bizimlədir və onların köməyi ilə Azərbaycana təzyiqlərə nail olacağıq” deməkdən savayı həm də uzaq hədəflərin də göstəricisi kimi qəbul oluna bilər. Paşinyanın “Fransa Ermənistanın bir nömrəli dostudur” bəyanatı, Makronun Azərbaycan hərbçilərinin sərhəddən geri şəkilməsi və “əsirlərin” qaytarılması ilə bağlı çağırışları və eləcə də Fransanın qəti şəkildə regiona qayıtması ilə bağlı bəyanatı bir çox mətləblərdən xəbər verir.
Həmsğhbətimiz əlavə edib ki, əlbəttə ki, Fransaya və bütövlükdə Qərbə Paşinyanın iqtidarda qalması sərf edir: “Onlar yaxşı bilirlər ki, Paşinyanın hakimiyyətdə qalması ehtiyac olduğu halda, başqa sözlə qərbdən göstəriş gəldiyi halda Ermənistanın Rusiyanı satması ilə nəticələnə bilər. Paşinyan isə yuxarıda da qeyd etdiyim kimi, Fransanı Ermənistanın “1 nömrəli dostu” adlandırmaqla faktiki olaraq bu ehtimalları təsdiqləmiş olur. Halbuki son 44 günlük müharibədə Ermənistanı tam darmadağından xilas edən tək ölkə Fransa yox, məhz elə Rusiya olub.”
Politoloq Fransanın “bəyanatının” qəbul edilməzliyindən də bəhs edib: “Makronun Azərbaycanı öz əsgərlərini sərhəddən geri çəkməsi, eləcə də “hərbi əsirlərlə” bağlı sərsəm açıqlamalarına gəldikdə isə bunlar Azərbaycan üçün heç bir halda qəbul edilən ola bilməz. Əvvəla, Azərbaycan hərbiçiləri öz doğma torpaqlarında xidmət göstərirlər və sərhədlərin müəyyənləşdirilməsi də beynəlxalq hüququn prinsipləri əsasında müvafiq xəritələrə əsasən həyata keçirilir. İkincisi, Azərbaycan tərəfi hər zaman bütün hərbi əsirlərin “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi mövqeyindən çıxış edib və dəfələrlə bəyan edilib ki, bizdə erməni əsilli hərbi əsir yoxdur. Üçtərəfli bəyanat imzalandıqdan sonra 26 noyabr 2020-ci il tarixində Azərbaycan ərazisinə göndərilən və burada terror aktı törədən diversant qrupun üzvlərinə, habelə 27 may tarixində Kəlbəcər rayonu istiqamətində ərazimizə daxil olaraq yolların minalanmasına yönələn təxribatçı fəaliyyət cəhdi göstərən kəşfiyyat-diversiya qrupunun üzvlərinə gəldikdə isə onlar hərbi əsir deyil. Digər tərəfdən, 1997-ci ildən həmsədr qismində fəaliyyət göstərən Fransa bütün işğal dövründə bir dəfə də olsun Ermənistan qoşunlarının işğal altında olan Azərbaycan torpaqlarından çıxarılması ilə əlaqədar və ya birinci Qarabağ savaşında itkin düşmüş 4000-ə yaxın soydaşımızın taleyi haqqında çağırış etməyib. Halbuki, bu BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələbi idi və münaqişənin həllində vasitəçi olan ölkə də məhz BMT-nin verdiyi mandat əsasında fəaliyyət göstərən ölkə olaraq ilk bu amili nəzərə almalı idi.”
Y.Bağırzadə vurğulayıb ki, Fransanın Ermənistana açıq dəstəyi və xüsusi rəğbəti olduğu aydındır və bu ölkə öz hərəkətləri ilə neytral vasitəçi olmadığını hər gün daha çox sübut etmiş olur. Lakin həm Fransa, həm də Ermənistan bir şeyi unudurlar ki, Azərbaycana bu şəkildə təzyiq hər hansı bir nəticə verə bilməz. Azərbaycan 44 günlük müharibənin gedişində də və ondan sonrakı dövrdə də bizə nə diplomatik, nə də hərbi təzyiq göstərməyin mümkün olmadığını sübut edib. Bunun ən bariz göstəricisi olaraq müharibə dövründə Fransanın təşəbbüsü ilə BMT TŞ-də Azərbaycan əleyhinə qərarın qəbuluna çalışılması, amma buna nail ola bilməməsini göstərmək olar. Başqa sözlə Makronun nə deməsindən asılı olamayaraq qatar artıq gedib. Artıq onun dediyinin əksinə olaraq, Dağlıq Qarabağ adlı inzibati ərazi vahidi də yoxdur və əgər Fransa bu cür mövqe ilə köhnə status-kvonu bərpa edəcəyinə inanırsa, kobud şəkildə yanılır. Belə bir şey əsla olmayacaq. Artıq Azərbaycanın regionda yaratdığı yeni reallıqları hamı qəbul etməlidir və nə Ermənistan, nə də Fransa bu reallıqları dəyişdirmək gücündə deyil. Hətta Makron özü Ermənistanın baş naziri olsa belə.”

