Qüdrətli Azərbaycan Ulu Öndərin şah əsəridir
9 iyun 1993-cü ildə siyasətə qayıdışı ilə müstəqilliyimizi əbədiləşdirən ümummilli lider Heydər Əliyev Azərbaycanın xilaskarı olduğunu tarixi xidmətləri ilə təsdiqlədi
Kəlbəcər rayonunun 1993-cü ilin aprel ayında işğal altına düşməsindən sonra Dağlıq Qarabağla Ermənistan arasında daha bir coğrafi əlaqə yaradıldı. Azərbaycanın daxilində gedən proseslər xalqı ümidsizliyə uğratdı. AXC-Müsavat cütlüyünün oyunlarından xəbərsiz olan xalqdan gizlədilən separat danışıqlar, siyasət dəllarlarının xəyanətləri, erməni kəşfiyyat orqanları ilə gizli razılaşmaları Azərbaycanı parçalanmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. «Cəmi bir il ərzində AXC-Müsavat qruplaşmasının yarıtmaz, xəyanətkar fəaliyyəti nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini itirmək ərəfəsində idi və tarix sanki təkrarlanırdı. 1918-ci ildə əldə edilmiş müstəqilliyi 1920-ci ildə itirdik – 2 il ərzində. Bu dəfə də 2 ildən sonra artıq buna çox yaxın idik. Əgər o vaxt xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycanın taleyi çox ağır, acınacaqlı ola bilərdi. Onu da qeyd etməliyəm ki, Heydər Əliyevi Naxçıvanda devirmək, o cümlədən silahlı desant göndərmək istəyən AXC-Müsavat qruplaşması özü də ağır vəziyyətə düşəndən sonra Heydər Əliyevə müraciət etdi, onu Bakıya dəvət etdi ki, onların canlarını qurtarsın. Naxçıvana üç dəfə təyyarə göndərmişdilər. Heydər Əliyev Bakıya gəlməklə, ilk növbədə, Azərbaycan xalqının iradəsinə öz hörmətini göstərdi. O, böyük dövlət adamı, vətənpərvər insan kimi o ağır anlarda Bakıya gəldi və ondan sonra Azərbaycanda inkişaf dövrü başlamışdır.» O dövrdə yaranmış hərc-mərcliyi bu sözləri ilə xarakterizə edən Prezident İlham Əliyev 1992-ci ilin yay aylarından 1993-cü ilin iyununa qədərki dövrü Azərbaycan üçün biabırçılıq, rüsvayçılıq, fəlakət dövrü adlandırır. Ölkədə yaranmış gərgin zamanda 4 iyunda Gəncədə başlayan qiyam, korpus komandiri Surət Hüseynovun AXC-Müsavat iqtidarına ünvanlanan hədə- qorxusu, «dar ağacı» ultimatumu ölkədə hakimiyyətsizlik şəraiti yaratmışdı. «İyun ayının 4-də Gəncə şəhərində başlanmış və bu günə qədər davam edən hadisələr bizdə ciddi narahatlıq doğurur. Şəhərdə qan tökülüb, normal həyat pozulub, faktiki olaraq vətəndaş müharibəsi başlanıb. Müstəqil Azərbaycan Respublikasının indiki ağır və keşməkeşli, tarixən məsuliyyətli bir dövründə baş verənləri dəhşətli hadisə kimi qiymətləndirir, qardaş qanı tökülməsini pisləyirik… Bunların qarşısı dərhal alınmalıdır. Hamını bu yolda milli birliyə, vətəndaş həmrəyliyinə dəvət edirik» söyləyən, Azərbaycanın taleyindən narahat olan, müdrik siyasətçi, təcrübəli dövlət xadimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyev aydın başa düşürdü ki, Azərbaycanda gərginliyin səbəbi təkcə Qarabağ münaqişəsi deyil, səriştəsiz iqtidarın ölkədə yaratdığı hərc-mərclik, hakimiyyətsizlik, qanunların işləməməsi kimi mürəkkəb problemlərdir.
O zaman ziyalılar adından Ulu Öndərə ünvanlanan «91-lər»in müraciətində qeyd olunduğu kimi, ölkədəki siyasi, iqtisadi böhran, fərsiz kadr siyasəti, həyatın qeyri- sabitliyindən təngə gələn təcrübəli kadrların respublikanı tərk etmələri, təsadüfi adamların dövlət strukturlarında yerləşdirilməsi vəziyyəti daha da ağırlaşdırmışdı. Göbələk kimi baş qaldıran siyasi partiyalar arasındakı rəqabət, qarşıdurmalar, Qarabağ münaqişəsindən qazanc mənbəyi kimi istifadə halları sağlam düşüncəli insanları narahat edirdi. « Möhtərəm Heydər bəy! İndiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz» sözləri yazılmış müraciətdə yüz minlərlə sadə insanların da arzu istəkləri ifadə olunmuşdu.
Həyatının mənasını canından artıq sevdiyi xalqına xidmətdə görən ulu öndər Heydər Əliyev ziyalıların müraciətinə cavabında Azərbaycanın varlığı üçün həyatı əhəmiyyətli vəzifələrin yerinə yetirilməsini labüd adlandırırdı. Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsi, respublikanın parçalanmasına yönələn meyillərin qarşısının alınması, ölkənin müharibə vəziyyətindən çıxması, dərinləşən sosial-iqtisadi böhranın aradan qaldırılması, səriştəli, təcrübəli, bilikli kadrların qüvvəsindən istifadə kimi mühüm vəzifələrin həllini çıxış yolu adlandıran Ulu Öndər « Azərbaycanın bu günkü həyatı və gələcək taleyinə dair digər problemlər də məni narahat edir. Lakin Sizin müraciətinizə cavab verərkən yuxarıda göstərilən məsələlərə daha öncə diqqət yetirməyi lazım bilirəm» sözləri ilə respublikanın böhrandan çıxması üçün biri-birindən önəmli vəzifələrin həllini labüd hesab edirdi. Zaman gözləmir, vəziyyət isə getdikcə daha da ağırlaşırdı. Beləcə, 9 iyun 1993-cü ildə Azərbaycanı düşdüyü çətin vəziyyətdən qurtarmaq üçün paytaxta gələn ulu öndər Heydər Əliyev parlamentdə çıxış edərək bildirdi ki, Gəncədə baş verənləri öyrənmək üçün hadisə yerində olmalıyam. Ziyalılardan, ağsaqqallardan, jurnalistlərdən ibarət qrupla Gəncəyə gedən, vətəndaşlarla, hərbçilərlə görüşərək, siyasi böhranın, qarşıdurmanın aradan qaldırılması yollarını müəyyənləşdirən, Azərbaycanı parçalanmaqdan qurtarmaq üçün təcrübə və bacarığını əsirgəməyəcəyini bildirən Ulu Öndər xalqı birlik və həmrəyliyə çağırdı. Gəncədəki görüşün nəticələri barədə Ali Sovetin fövqəladə sessiyasında açıqlama verən ulu öndər Heydər Əliyev bildirdi ki, göstərilən səylər, aparılan danışıqlar bu gərginliyi aradan qaldıracaq: « Bu sahədə mən nə lazımsa edəcəyəm və heç kəsin şübhəsi olmasın ki, mən ömrümün bundan sonra qalan hissəsini harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm.»
15 iyun 1993-cü ildə keçirilən parlamentin fövqəladə iclasında Ali Sovetin Sədri seçilən Heydər Əliyev bildirdi ki, ölkədəki mürəkkəb vəziyyətin nizamlanması, xalqımızın tarixi nailiyyəti olan müstəqilliyin qorunması, iqtisadi böhranın aradan qaldırılması kimi mühüm vəzifələrin həlli üçün var gücümü sərf edəcəyəm.
Bu hadisədən az sonra prezident Əbülfəz Elçibəyin heç kimə bildirmədən , gizlincə Bakını tərk edərək doğma kəndi Kələkiyə qayıtması daha bir xaos yaratdı. İyunun 24-də Ali Sovetin qəbul etdiyi qərarla Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin Sədri Heydər Əliyevə həvalə olundu. Ali Sovetin Sədri seçilən Heydər Əliyev dövlət başçısı funksiyalarını da yerinə yetirməli oldu. Ulu öndər Heydər Əliyev Rusiya televiziyasına müsahibəsində o günlərdə respublikada yaranmış vəziyyəti belə şərh etdi: « Açığını desək, respublika demək olar ki, idarəedilməz olmuşdu, çünki prezident yoxdur. Baş nazir yox idi, -o , artıq çoxdan istefa vermişdi, mən tək qalmışdım, bir çox məsələlər isə prezidentin səlahiyyətlərindən istifadə edərək həll olunmalı idi. Bax, belə bir vəziyyətdə mən həmin vəzifələri öz üzərimə götürdüm.»
Beləcə 29 avqust 1993-cü ildə Elçibəyə etimad məsələsi ilə bağlı referendum keçirildi. Açıqlamalara görə, prezident seçkilərində ona bir milyon 800 yüz min nəfər etimad göstərmişdi. Referendumda isə onun əleyhinə üç milyon yarımdan artıq seçici səs vermişdir. 3 oktyabr 1993-cü ildə keçirilən prezident seçkilərində bütün Azərbaycan xalqı yekdilliklə Heydər Əliyevə etimad göstərərək onu əbədi xilaskar, müstəqilliyimizin qarantı seçdilər. Daxili və xarici xəyanətkarların 1994, 1995-ci illərdə törətdikləri dövlət çevrilişlərinə cəhdlərin qarşısını xalq-iqtidar birliyinin gücü ilə alan ümummilli lider Heydər Əliyev zəkası ilə bütün çətinliklərə qalib gəlmək əzmində olduğunu sübut etdi. Azərbaycanda əsl mənada quruculuq işləri başlandı. Sovetlərdən miras qalan planlı idarəetmə bazar iqtisadiyyatının şərtləri ilə əvəz olundu. «Əsrin müqaviləsi» kimi tarixi sənədin imzalanmasını gerçəkləşdirməklə dövlətlər arasında əməkdaşlıq əlaqələri yaratdı, neft strategiyasını müəyyənləşdirdi, Azərbaycanın inkişaf parametrlərini düzgün istiqamətləndirdi.
2003-cü ildə keçirilən prezident seçkiləri ərəfəsində xalqa müraciət edən Ulu Öndər xilaskarlıq missiyasını, xalqın taleyini dövlətçiliyin qorunmasını özü kimi inandığı siyasi davamçısı İlham Əliyevə etibar etdi. Bu inamı doğruldan, İkinci Qarabağ müharibəsini Zəfərlə başa vuraraq torpaqlarımızı işğaldan azad edən Prezident İlham Əliyev ona həvalə olunan missiyanı doğrultduğunu «Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!» sözləri ilə bildirən Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin arzusunda olduğu möhtəşəm Azərbaycanı dünyada tanıtdı, iqtisadi, hərbi qüdrətini gücləndirdi, beynəlxalq aləmdə siyasi mövqeyini möhkəmləndirdi, nüfuzunu artırdı, inkişaf etdirdi. Bu inkişaf isə Milli Qurtuluşa aparan 9 iyun 1993-cü ildən başlanır.

