“8 Noyabr” stansiyası: Tarixi Qələbəmizin daha bir nişanəsi- ÖZƏL REPORTAJ
Bakı Metropiletini təkcə yeraltı nəqliyyat vasitəsi deyil, həm də platformalarında səslənən musiqilər, stansiyalarına verilən adlarla Azərbaycan xalqının tarix boyu keçdiyi keşməkeşli yolu, tariximizin qürurverici məqamları özündə rəmziləşdirir. Sevindirici haldır ki, 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbənin bir nişanəsi də metromuzun “8 Noyabr” stansiyası oldu.
Adını Zəfərimizdən, musiqisini qəhrəmanlığımızdan götürən bu stansiyaya daxil olan hər bir sərnişin qatarlara doğru qələbənin bizə yaşatdığı qürurla, alnıaçıq addımlayacaq. Hər divarında adını daşıdığı möhtəşəm Qələbəmizdən, eləcə də düşmənin başını əzən “dəmir yumruğ”umuzdan görüntülər olan, üçrəngli bayrağımızın asıldığı yeni stansiya mayın 31-dən etibarən bakılıların və şəhərimizin qonaqlarının istifadəsindədir.
Xatırladaq ki, ümumi uzunluğu 363,34 metr olan Bakı Metropoliteninin 26-cı, “Bənövşəyi” xəttin 3-cü stansiyası olan “8 Noyabr” stansiyası Nəsimi rayonunda yerləşir. Üçsəviyyəli quruluşa malik stansiyanın giriş və müvafiq keçid-nəzarət sahəsi üst mərtəbəyə aiddir. Texniki xarakterli ikinci səviyyədə elektrik təchizatı, havalandırma, işarəvermə, rabitə və digər xidməti sahələrə aid avadanlıqlar yerləşir. Bu özünəməxsusluqlarla metronun “Avtovağzal” stansiyasından başlanan və layihə uzunluğu 18,5 kilometr olaraq Xocasən qəsəbəsindən Qaraçuxur qəsəbəsinədək uzanacaq xəttin daha bir sahəsi – “Memar Əcəmi”–“8 Noyabr” istiqaməti şəhərin yeraltı nəqliyyat şəbəkəsinə qoşulur. Bakı şəhərinin sürətlə inkişaf etməsi və meqapolisə çevrilməsi reallığında yeni xətlərin yeddi vaqonluq qatarların hərəkəti üçün nəzərdə tutulması isə yeniliklərin davamıdır.
Qeyd edək ki, dövlətimizin başçısının göstərişinə əsasən, Bakı Metropoliteninin yeni stansiyasına Zəfər Günü münasibətilə “8 Noyabr” adının verilməsi respublika ərazisində həyata keçirilən bütün layihələrə postmünaqişə reallıqlarına uyğun – yəni, Qələbə və Həmrəylik ruhundan yanaşıldığını göstərir. İkinci Qarabağ müharibəsindəki Zəfərimizin tərənnümü olan bu stansiya sosial-iqtisadi, infrastruktur əhəmiyyəti ilə yanaşı, həm də mənəvi komponentləri özündə ehtiva edir.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “8 Noyabr” stansiyasının özəllikləri haqqında “İki sahil”ə danışdı: “Prezident, Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə metropolitenin yeni istifadəyə verilən stansiyasi “8 Noyabr” adlandırılıb. Vətən müharibəsində Azərbaycan tarixinin ən parlaq səhifələrindən birini özündə ehtiva edən Zəfər Günümüzü metronun stansiyalarından birinin adında da görmək metropolitençilər üçün qürurvericidir.”
B.Məmmədov bildirdi ki, əlbəttə, “8 Noyabr” stansiyası təkcə adı ilə deyil, texnoloji innovasiyaların tətbiqi baxımından da xüsusilə seçiləcək: “Stansiya özü 3 səviyyədən ibarətdir. Bu isə müasir dünya səviyyəsində sərnişinlərin metropoliten stansiyasına rahat enib-qalxmasına, onların təhlükəsizliyinə, təxliyə imkanlarının genişləndirilməsinə imkan verir. Yeni stansiyada 17 eskalator quraşdırılıb. Azmobilli sərnişinlərimiz üçün 3 lift istifadəyə verilib. “Bənövşəyi” xəttin hər 3 stansiyasında liftlər fəaliyyət göstərir. Bundan sonra inşa olunacaq bütün stansiyalarda da məhz liftlərin quraşdırılması nəzərdə tutulub.”
Həmsöhbətimiz qeyd etdi ki, ən mühüm yeniliklərdən biri bütün infrastrukturun dünyanın ən aparıcı standartları səviyyəsində qurulmasıdır: “SCADA dispetçer idarəetməsi məlumatların toplanması və hərəkət prosesinin vizual izlənməsini təmin edən ən müasir kompleks sistemdir. Digər xətlərdə olan sistemlə müqayisədə SCADA idarəetməni maksimal optimallaşdırmaqla, daha da səmərəli şəkildə qurmağa kömək edir. Əvvəlki iki stansiyadan başlanmış layihənin davamı kimi, burada da TETRA peşəkar trankinq (radio kanalların abonentlər arasında avtomatik paylanması) radio-telefon rabitəsi tətbiq edilir. Sistem rəqəmsal mobil rabitənin qlobal standartı texnologiyaları (GSM) əsasında hazırlanıb. ”
Qurum rəsmisi bildirdi ki, bu stansiyanın daha bir əhəmiyyəti ondan ibarətdir ki, onun arxasında dönmə kamerası inşa olunub: “Bu isə o deməkdir ki, qatarların bir yoldan digər yola rahatlıqla keçirilərək əks istiqamətdə hərəkəti təmin olunacaq. Beləliklə, bu xətt üzrə sərnişinlərin sayı artarsa, sərnişin axını genişlənərsə qatarların hərəkət intensivliyini artırmağa, intervalları azaltmağa nail olmaq mümkün olacaq. Ümumiyyətlə, onu vurğulayım ki, məhz burada qatarların bir yoldan digər yollara keçməsini təmin edən relslərimiz yeni tipli yol dəyişdiricilərlə təmin olunub. Bu isə qatarların sürətlə, səlis, rəvan, həm də təhlükəsiz olaraq bil yoldan digər yola keçməsini təmin edəcək.
Sonda müsahibimiz bildirdi ki, bu stansiyanın yerləşdiyi ərazidə, yəni Ceyhun Səlimov küçəsində-Hərbi Hospitalın qarşısında yaşayan və işləyən vətəndaşlar üçün xeyirli olması ilə də xüsusi əhəmiyyət kəsb edir: “Ötən müddət ərzində stansiyanın orta statistik hesabla gün ərzində 2500-ə yaxın sərnişin daşıması məlumdur. Müəyyən müddətdə sərnişin sayında artım ya azalma müşahidə oluna bilər. Təcrübələr onu deməyə əsas verir ki, bir müddət sonra bu stansiyanın da özünün sabit sərnişin kontingenti olacaq. Əminəm ki, “8 Noyabr” stansiyası həm adı ilə, həm də insanlarımız üçün daşıdığı əhəmiyyət baxımından metropoliten stansiyaları arasında da xüsusi seçiləcək.”
“İki sahil” paytaxt sakinlərinin yeni stansiya ilə bağlı təəssüratlarını da öyrənib:

Günay Ağalıyeva: “8 Noyabr metrostansiyasının açılmasından çox sevinirəm və qürur duyuram. Müzəffər Ali Baş Komandanımıza, şəhidlərimizə, qazilərimizə öz dərin minnətdarlığımızı bildiririk. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Bizim üçün bu stansiyadan istifadə həm əlverişlidir, həm də xoşdur.”

Gülarə Məmmədova isə qeyd etdi ki, yeni stansiyada hər şey yaxşıdır, çox gözəl təşkil olunub: “Sadəcə olaraq istəyərdim ki, burada şəhidlərimizə aid guşə olsun. Çünki onların sayəsində biz bu Qələbəni qazanmışıq. Onların əziz adları şərəfinə xatırlaya biləcəyəmiz nişanə olsa çox yaxşı olar.”

Baba Aslanov isə yeni stansiyanın yaxınlığında yaşadığı üçün ikiqat sevincli olduğunu söylədi: “Paytaxt sakinləri üçün çox yaxşı və zəruri yenilik oldu. “8 Noyabr” stansiyası vasitəsilə mən özüm məktəbə rahat şəkildə gedib, gəlirəm. Gündəlik olaraq işə gedib-gələnlər üçün də gözəl təşəbbüs idi.”

Natiq Zəkəriyyə isə bildirdi ki, stansiyaya ilk daxil olduqda hər kəsi həm Zəfərimiz, həm də yeni stansiyamızın açılışı münasibətilə təbrik edib: “ Həm sevincli , həm də qürurluyuq. Sevincliyik ona görə ki, yeni stansiyanın istifadəyə verilməsi sərnişinlərin gediş-gəlişi üçün rahatlıq yaradacaq. Qürurluyuq ona görə ki, bu yeni stansiya 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbəmizin adını daşıyır. Qalib ölkənin vətəndaşı olaraq bu stansiyadan istifadə etmək hər bir azərbaycanlı kimi, mənim üçün çox böyük fəxrdir.”

