Döyüşdən sonra, döyüşdən əvvəl – Vətən müharibəsi
Ermənistanın Azərbaycandan ərazi iddiası elan edilmədən başlayan müharibəyə səbəb oldu. Bu müharibə 1988-ci ildə Ağdamda Əli ilə Bəxtiyarın ölümü ilə başladı.
BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyən, ATƏT-in Minsk qrupuna daxil olan dövlətlərin münaqişənin həlli istiqamətində o qədər də kəskin olmayan mövqelərinə məhəl qoymayan Ermənistan bütün vasitələrlə sülh danışıqlarından yayınırdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli – “Azərbaycan xalqı, Azərbaycan dövləti heç zaman Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək” bəyanatı – Ermənistanı sülh danışıqlarına çəkə bilmədi. 2016-cı ilin aprelində işğal etdiyi ərazilərdən, 2020-ci ilin iyulunda Tovuz rayonu istiqamətindən Azərbaycanın ərazilərinə təxribat məqsədli hücum etdi. Ordu hissələrimiz hücumun qarşısını qətiyyətlə aldı. Aprel döyüşlərində Lələtəpə, Bayraqtəpə kimi mühüm strateji əhəmiyyətli yüksəkliklər işğaldan azad edildi…
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin sentyabrın 27-də xalqa müraciətində dedi: “Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur”. Ali Baş Komandanın döyüş əmri ilə əks-hücum əməliyyatına başladı. Bu, Vətən müharibəsi idi…
Vətən müharibəsidə xalqın qələbə ruhu da döyüşənlərin sırasında idi.
Prezident İlham Əliyev beynəlxalq ictimaiyyətə, işğalçı Ermənistana gizlin havadarlıq edən dövlətlərə bildirirdi: “Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz torpağımızda şəhidlər veririk. Bizim savaşımız müqəddəs savaşdır!”. Müqəddəs savaş Azərbaycan əsəgərini Zəfərə yaxınlaşdırırdı…
Vətən müharibəsində ezamiyyətdə olanda döyüş bir nəfəs dərimi qədərincə səngiyəndə döyüşçülərimizə Birinci Qarabağ müharibəsində, Ağdərə ətrafında gedən döyüşlərdə olmuş bir hadisəni xatırlatmışdım:
“Əks-hücum səngimişdi. Kapitan Yusif Mirzəyev sövq-təbii sağ tərəfdə vuruşan əsgərə baxmışdı. Əsgər atışmırdı. Tələsik onu səsləmişdi. Cavab gəlməmişdi. Yusifin qəlbinə daman dammışdı: şəhid olub…
Rəhimin sol əli sinəsinə uzalı qalmışdı. Barmaqları Azərbaycanımızın üçrəngli bayrağına örtük olmuşdu. Yusifin gözləri dolmuşdu. Dodaqlarını dişləri ilə sıxmışdı. Rəhimin üstünə döşənmişdi. İçin-için ağlamışdı. Başını qaldıranda başqa əsgərləri də ətrafında görmüşdü. Hamısının yanağını göz yaşları yandırırdı. Hamısının əlində Azərbaycanımızın bayrağı dalğalanırdı; hamısı döyüşə bayrağımızla qoşulubmuş, hamısı bayrağımız eşqinə vuruşurmuş, hamısı bayrağımızı şəhidlik kəfəni bilirmiş. Vətən müharibəsində də belə oldu. Bu və ya digər mövqe azad ediləndə hər əsgər bir bayraq çıxartdı”
Onda Məhəmməd Hadinin bir kəlamını da xatırlamlşdım, xatırlatmışdım: “Məfkurə yolunda tökülən qan hədər getmir”.
Azərbaycan Ordusu düşmənin illərlə möhkəmlətdiyi müdafiə sədlərini, müdafiə sistemini darmadağın etdi. Azərbaycan Ordusu döyüşə-döyüşə mövqe qələbələri qazanırdı, hər qələbə növbəti döyüşlərin başlanğıcı olurdu; Azərbaycan əsgərinin döyüş əzmi, qələbə ruhu düşmənin müqavimətini çığnayırdı. Düşmən çarəsiz müdafiə döyüşləri aparırdı.
Məğlubiyyət ərəfəsində olduğunu hiss edən düşmənin hərbi qulluqçuları da, muzdluları da döyüşdən yayınırdı, geri çəkilirdi, qaçırdı.
Döyüşçülərimiz hər döyüşü son döyüş bilib döyüşürdü. Mayor Ruslan Novruzovun bir xatırlamasını Vətən müharibəsinin ruhun ruhu kimi dinləmişdim: yaralanmış əsgər yaralandığına deyil, döyüşlərdən uzaqlaşdırıldığına təəssüflənirmiş. Yaralandığını gizlətmək istəyənlər də olurdu. Əsgər Qasımov ayağından yaralanıbmış, yarasını özü sarıyaraq döyüşü davam etdirirmiş, yaralı ayağına qəlpə dəyir. Neçə saat yaralı-yaralı döyüşür. Bu, döyüş əzmi idi, qələbə ruhu idi. Vətən müharibəsi belə döyüşənlərin, belə döyüşlərin müharibəsi idi. Ona görə ordumuz Zəfər tarixi yazdı…
Döyüşdən sonra döyüşə qədər qısamüddətli istirahət də edirdilər. Bu bir neçə anda da döyüşlər haqqında düşünürdülər; bir azdan başlayacaq döyüşün qələbə sonluğu ürəklərini zəfər ovqatıyla silələyirdi…
Döyüşləri də, döyüşlərarası qısamüddətli istirahət anlarını da Böyük Zəfər sonlandırdı…
Rəşid Faxralı

