Daşsalahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb
ARANTV.AZ xəbər verir ki, ölkə başçısının tapşırıq və sərəncamlarına uyğun olaraq, yol infrastrukturu yenidən qurulur. Bu çərçivədə Qazax rayonunda uzunluğu 16 km olan Daşsalahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb.
Daşsalahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolu uzun müddət istismar edildiyindən hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmişdi, asfalt-beton örtüklü hissələrdə xeyli sayda torlar və çalalar yaranmışdı. Yerli əhəmiyyətli Daşsalahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolu iki hissə üzrə yenidən qurulur. Bu, Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 482-ci km-dən ayrılan və 11,5 km uzunluğa malik Daşsalahlı yolu, həmçinin yerli əhəmiyyətli Qazax -Yuxarı Əskipara avtomobil yolunun 11 kmdən ayrılan və 4,5 km uzunluğundakı Ürkməzli-Dəmirçilər yoludur. Layihəyə uyğun olaraq, sözügedən yolun Ürkməzli-Dəmirçilər hissəsində təmir-tikinti işləri artıq yekunlaşıb. Burda mövcud örtük sökülərək kənara daşınıb, yolun deformasiyaya uğrayan hisələri qazılaraq çıxarılıb, təqribən 12 min kubmetr həcmdə karxana qruntu ilə əks-dolğu işləri görülüb.
Daşsalahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun 11,5 km-lik Daşsalahlı hissəsinin yenidən qurulması işləri isə davam etdirilir. Anoloji işlər burda da aparılır. Belə ki, mövcud asfalt-beton örtüyü sökülərək kənara daşınır, yolun deformasiyaya uğramış hisələri qazılaraq çıxarılıb. Yol əsası hazır olan hissələrin isə artıq asfaltlanması işlərinə də başlanılıb. Layihənin sonuncu mərhələsində 5 yerdə avtobus dayanacağı qoyulacaq. 16 km uzunluğa malik Daşsalahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolu mövcud tikinti norma və qaydalarına uyğun şəkildə yenidən qurulur. Bunun üçün əraziyə lazımi sayda işçi qüvvəsi və texnika cəlb olunub.

