Gündəm 

Biz güclü iradə, cəsarət göstərdik, milli ruh nümayiş etdirdik və istədiyimizə nail olduq

Dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bildirir ki, İkinci Qarabağ müharibəsinin nəticələrini və gedişatını düzgün təhlil edərək  hərbi gücümüzü artıracağıq

Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə «Hər il bu bayramı qeyd edərkən biz özümüzə söz verirdik ki, nəyin bahasına olursa-olsun doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik. Bu gün qürur hissi ilə deyə bilərəm ki, biz Silahlı Qüvvələr Gününü müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik. Bu, tarixi nailiyyətdir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmamışdır. Biz bütün gücümüzü səfərbər edərək düşmənə sarsıdıcı zərbələr endirib, düşməni məğlub etdik, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdik» fikirləri ilə tarixi Zəfərimizin sevincini, yaratdığı qüruru ifadə etməklə yanaşı, ordumuzun gücünü, qüdrətini, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək  iqtidarında olduğunu və bunu əməldə təsdiqlədiyini diqqətə çatdırdı.

30 ilə yaxın dövrdə tarixi sahiblərini gözləyən torpaqlarımız 7 aydır ki, sevinclidir. 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatın imzalanması ilə Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqindən sonra dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə davamlı səfərləri işğalçı dövlətə və havadarlarına biri-birindən önəmli mesajlar kimi dəyərləndirilir. Milli Qurtuluş Günündə ən yüksək zirvəyə qədəm qoyan Azərbaycan-Türkiyə münasibətlərinin təsdiqi olan Şuşa Bəyannaməsinə Qarabağın mədəniyyət paytaxtının şahidlik etməsindən hələ çox danışılacaq.

Azərbaycan və Türkiyə Prezidentləri Şuşada bir araya gələrkən dostluğumuzun təcəssümü olaraq Zəfər Paradı da xatırlandı, qardaş ölkənin Vətən müharibəsi başlandığı gündən bügünədək Azərbaycanın yanında olduğu böyük sevinclə, qürurla qeyd edildi.  «Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.» Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər Paradı Azərbaycan Ordusunun gücünü, qüdrətini bir daha dünyaya nümayiş etdirmişdir. Çünki bu Parad digər paradlardan tamamilə fərqli idi. Bu baxımdan ki, artıq Azərbaycan Ordusu Azadlıq meydanına qalib ölkənin qalib Ordusu kimi daxil oldu. Eyni zamanda, bu paradda Ermənistan silahlı qüvvələrinin məhv edilmiş və qənimət kimi götürülmüş hərbi texnikası nümayiş olunaraq bir daha ermənilərin və onlara havadarlıq edən dövlətlərin illərdir yaratdıqları «məğlubedilməz erməni ordusu» mifi darmadağın edildi.

Azərbaycan Ordusu dünyanın hərb tarixinə yeni səhifə yazdı. Bu  gün dünyanın inkişaf etmiş ölkələrində  Azərbaycanın müharibə təcrübəsi öyrənilir. Müasir texnologiyaların dil açdığı əks-hücum əməliyyatlarında Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq, şücaət sayəsində 44 günün hər günü tariximizin şanlı səhifəsi kimi yazıldı. Əbəs yerə deyilmir ki, möhkəm təməl uğurların başlanğıcıdır. Bu təməl  1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra yaradılıb.  Hakimiyyətə qayıtmaqla ordu quruculuğu sahəsindəki islahatları ilə müdafiə qüdrətimizi gücləndirən ümummilli lider Heydər Əliyev vurğulayırdı ki, müstəqilliyin əbədiliyi, sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır. Bunun üçün iqtisadi qüdrətin artırılması vacib idi. Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadəsi iqtisadi imkanlarının genişlənməsinə yol açdı ki, bu da öz növbəsində ordu quruculuğu sahəsində mühüm addımların atılmasını şərtləndirdi.  Ulu Öndərin ordu quruculuğu istiqamətində həyata keçirdiyi islahatların məntiqi nəticəsi Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclü orduları sırasında yer alması, 30 ilin işğalına son qoyularaq, ədalətin bərpası, ərazi bütövlüyümüzün təmin edilməsi, işğaldan azad edilmiş bütün torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanmasıdır. 44 günlük İkinci Qarabağ müharibəsində mənfur düşməni diz çökdürən, kapitulyasiya aktına imza atmağa məcbur edən, bir sözlə, yeni reallıqlar yaradan Azərbaycan əsgərinin şücaətidir, hərbi potensialımızın NATO standartlarına uyğun təkmilləşdirilməsi, Müdafiə Sənayesi Nazirliyinin  hərbi təyinatlı məhsullarının beynəlxalq sərgilərdə nümayiş etdirilərək böyük, maraq doğurmasıdır.

Dünyada sülhün, təhlükəsizliyin təminatı missiyasını yerinə yetirən NATO ilə ölkəmizin əməkdaşlığı yüksək səviyyədədir.  Əvvəllər Dağlıq Qarabağ münaqişəsinə seyrçi mövqedə dayanmağa daha çox üstünlük verən qurumun son sammitlərində münaqişə ilə bağlı Azərbaycanın mövqeyinin dəstəklənməsinə xidmət edən qərar və qətnamələrin qəbul edilməsi NATO-nun da artıq həqiqətləri olduğu kimi dəyərləndirməkdə maraqlı olduğunu ortaya qoydu.   ABŞ və Avropanın bir neçə dövlətini birləşdirən NATO-nun Lissabon, Brüssel, Çikaqo, Uels, Vaşinqton Zirvə görüşlərində,  nüvə təhlükəsizliyi  məsələsinə həsr olunmuş Koreya, Çikaqo sammitlərində, Münxen Təhlükəsizlik Konfransında Dağlıq Qarabağla  əlaqədar məsələnin müzakirəsi,  bəyanatların qəbulu, həmin sənədlərdə  Azərbaycanın ərazi bütövlüyünün tanınması  dünya birliyində etibarlı tərəfdaş kimi dəstəklənən ölkəmizə dəstəyin və  etimadın göstəricisi idi.   NATO PA-nın “Cənubi Qafqaz: Çağırışlar və imkanlar” mövzusunda 86-cı Rouz-Rout seminarının Bakıda keçirilməsi də ölkəmizə önəmli tərəfdaş kimi verilən   xüsusi dəyərin ifadəsi  idi.

1992-ci ildən əsası qoyulan, 1994-cü ildən etibarən “Sülh Naminə Tərəfdaşlıq” proqramına qoşularaq NATO ilə   əməkdaşlıq edən ölkələrlə  qarşılıqlı əlaqələri  möhkəmləndirən Azərbaycan  Alyansın bütün tədbirlərində  iştirak edərək ordu quruculuğu sahəsində  mühüm nailiyyətlər qazanıb. Hərbçilərimiz münaqişə bölgələrində, sülhməramlı əməliyyatlarda fəal iştirak edir, beynəlxalq sülhün və sabitliyin bərqərar olunmasına töhfəsini verir. Azərbaycan sülhməramlıları NATO-nun “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyası” çərçivəsində Əfqanıstanda vəzifələrini şərəflə yerinə yetirirlər. NATO-nun əməliyyatlarında  iştirak edən Azərbaycan   Qətiyyətli Dəstək Missiyasına, Milli Etimad Fonduna  töhfə verir. Nizam-intizamı, hərbi təchizatı ilə dünyanın ən qüdrətli orduları sırasında adı çəkilən   əsgərlərimizin döyüş qabiliyyəti, hazırlığı, nizam -intizamı ilə əlaqədar ölkəmizə minnətdarlıq məktublarında söylənilən fikirlər  sübut edir ki, Azərbaycan  bölgənin ən güclü ordusuna malikdir.

İllərin təcrübəsi göstərir ki, qurumun təlim məşqlərində, sülhyaratma missiyasında iştirak edən Azərbaycan öz Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması istiqamətində addımlar atır və Alyansın dəstəyindən yararlanır. İşğalçı Ermənistandan fərqli olaraq daxili, xarici siyasətində müstəqil olan Azərbaycan bölgə dövlətləri arasında  NATO ilə “Sülh Naminə Tərəfdaşlıq” Proqramı çərçivəsində  sıx əməkdaşlıq edir, iqtisadi qüdrəti ilə seçilən ən önəmli partnyordur və  əməkdaşlığının böyük potensialı vardır.

Onu da qeyd edək ki, iyunun 21-dən start verilən,  Türkiyənin Konya şəhərində müxtəlif ölkələrdən və NATO-dan olan uçuş heyətlərinin iştirakı ilə keçirilən “Anadolu Qartalı-2021” beynəlxalq taktiki-uçuş təlimləri iyunun 30-da kütləvi informasiya vasitələrinin  nümayəndələri tərəfindən   Azərbaycan, Pakistan, Qətər və NATO ölkələri ilə yanaşı, Türkiyə Hərbi Hava Qüvvələri və Türkiyə Dəniz Qüvvələrinin pilotları təlimlərin bu mərhələsində uçuşlar nümayiş etdiriblər. Daha sonra Türkiyə Silahlı Qüvvələrinin “Türk Ulduzları” eskadrilyasının “SOLOTÜRK” komandası nümunəvi uçuşları yerinə yetirib. Şahinlər təxminən 30 dəqiqə davam edən məharətli uçuşları ilə Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün şərəfinə səmada ürək təsviri yaradıblar. Türkiyə Hərbi Hava Qüvvələrinin Komandanı ordu generalı Həsən Küçükakyüz “Anadolu Qartalı-2021” beynəlxalq taktiki-uçuş təlimlərinin məqsədi və gedişi barədə məlumat verərək bildirib ki,  təlimlərin məqsədi Türkiyə və xarici aviasiya birliklərinin ortaq hərəkət etmək imkan və qabiliyyətlərinin inkişaf etdirilməsi, birliklər arasında qarşılıqlı dəstəyin artırılması, yeni texnika və taktikaların öyrənilməsidir. “Anadolu Qartalı-2021” beynəlxalq taktiki-uçuş təlimlərinə iyulun 2-də yekun vurulacaq.

Sentyabr ayında isə Azərbaycan, Türkiyə və Pakistan Silahlı Qüvvələrinin təlimləri gözlənilir. Bu kimi addımlar daim bir-birinə dəstək olan hər üç dövlətin birliyinin, həmrəyliyinin təqdimatıdır. 44 günlük Vətən müharibəsində də dünya bu birliyin şahidi oldu. Azərbaycanın küçə və meydanlarını hər üç dövlətin birgə bayraqları bəzədi.

Azərbaycanın «ADEX» beynəlxalq müdafiə sərgilərinə ev sahibliyi etməsi, ölkəmizdə keçirilən hərbi paradlar malik olduğumuz imkanları Ermənistana və dünyaya təqdim etmişdir. Rəsmi Bakının daim  sülh danışıqları səmərə vermədiyi təqdirdə müharibə yolunun istisna edilməyəcəyi barədə səsləndirdiyi bəyanatlar da ordumuzun gücünə, qüdrətinə əsaslanırdı. Azərbaycan hər bir baxımdan gücləndi, torpaqlarımızı yağı düşməndən təmizlədi, əvvəldə qeyd etdiyimiz kimi, işğalçı Ermənistanın illərdir formalaşdırdığı «məğlubedilməz ordu» mifini darmadağın etdi.  Təcavüzkar dövlət işğal etdiyi torpaqlarımızda istehkamlar qurmaqla, ən müasir silahlarla  təchiz edilməklə açıq-aşkar  ərazilərimizi  geri qaytarmaq fikrində olmadığını büruzə verirdi.  Güclü Azərbaycan Ordusu bu istehkamları dağıtdı, erməni ordusu Silahlı Qüvvələrimizin gücü qarşısında tab gətirməyəcək  hərbi texnikanı, silah-sursatı qoyub qaçdı, sonda Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. İkinci Qarabağ müharibəsi bugünədək münaqişənin hərbi yolla həllinin mümkünsüzlüyünü qeyd edib, Ermənistana vaxt uzatmağa çalışan dövlətlərin məqsədlərinin nədən ibarət olduğunu açıqladı.  İşğalçı dövlətin bu illər ərzində himayədarları tərəfindən necə silahlandırıldıqları  44 günlük Vətən müharibəsinin gedişində aydın oldu. Azərbaycan Ordusunun məhv etdiyi, yaxud qənimət kimi götürdüyü hərbi texnikalara, silah-sursatlara diqqət yetirsək, onların qiymətinin adi rəqəmlərlə ifadə olunmadığı işğalçını silahlandıran dövlətin maraqlarına işıq salır. Cənab İlham Əliyev bütün müsahibələrində, xalqa müraciətlərində bu silahları Ermənistana kimlər verdiyinə  açıqlama istəyir. Çünki onların məbləği kasıb ölkənin almaq imkanlarının mümkünsüzlüyünü qabarıq şəkildə ortaya qoyur. Erməni diasporunun ianələri hesabına  dövlət büdcəsini formalaşdıran bir ölkənin  böyük məbləğ tələb edən silahla, hərbi texnika ilə təchiz olunması maraq doğurmaya bilməz. Dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü  ilə yaradılan Hərbi Qənimətlər Parkı, həmçinin Azərbaycanın Qələbəsinin dünyaya təqdimatı olan 10 dekabr Zəfər paradı dünyaya bu mesajı ünvanladı ki, Azərbaycan Ordusunun  işğalçı dövlətdən qənimət kimi götürdüyü  hərbi texnikaya, silah-sursata bax, yaranan suallara həqiqət əsasında cavab ver, erməni sevgisinin səbəblərini ortaya qoy!

Dövlətimizin başçısı İlham Əliyev Silahlı Qüvvələr Günündə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə bir daha ordu quruculuğu sahəsində əldə olunan uğurlardan, Azərbaycanın daim irəli baxaraq yeni-yeni hədəflərə doğru irəliləməsindən, Ermənistanın isə işğalçılıq siyasətinin onun üçün yaratdığı problemlərdən, müstəqilliyinin formal xarakter daşımasından bəhs edərək bildirdi ki, Ermənistan dərk etməlidir ki, Azərbaycan bundan sonra da güclənəcək və bu, şübhəsizdir: «O cümlədən bizim hərbi gücümüz artacaq. Müharibədən sonra artıq müvafiq göstərişlər verildi, yeni kontraktlar imzalandı, yeni silahların, texnikanın, müasir texnologiyaların əsasında texnikanın alınması prosesi başlamışdır. Silahlı Qüvvələrimizin struktur islahatları təsdiqləndi. Deyə bilərəm ki, Silahlı Qüvvələrimizin, Ordumuzun say tərkibi artırılacaq. Biz İkinci Qarabağ müharibəsinin nəticələrini və gedişatını düzgün təhlil edərək, əlbəttə ki, öz hərbi gücümüzü artıracağıq. Ermənistanın isə, əgər onlar yenə də bizə qarşı düşmənçilik siyasətindən əl çəkməsələr, nəinki hərbi gücünü, nəinki dağılmış, məhv edilmiş ordusunu bərpa etmək imkanı olmayacaq, eyni zamanda, iqtisadi fəallığı bərpa etmək imkanları da çox məhduddur. Ona görə biz güclənəcəyik.»

Daha çox xəbərlər