Doqquz aylıq körpənin ölümünə səbəb olan sürücü həbsdə qaldı
Şirvan Apellyasiya Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Şamil Qasımovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
ARANTV.AZ xəbər verir ki, hakim Kamil Bəşirovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Ş.Qasımovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, hadisə 2015-ci il aprelin 12-də Ələt-Astara-İran sərhədi yolunun Lənkəran rayonu ərazisindən keçən 203-cü kilometrliyində baş verib.
Həmin vaxt digər qəza yerindən qayıdan Səhiyyə Nazirliyinin Lənkəran şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına məxsus “Mercedes Vito-111” xüsusi ambulans markalı 90-JX-677 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Ş.Qasımov Lənkəranın Siyavar kənd sakini, 26 yaşlı Rəhman Əliverdi oğlu Sadıqovun idarə etdiyi “VAZ-2107” markalı, 10 CU 472 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub.
Nəticədə, “VAZ-2107”nin sürücüsünün azyaşlı qızı, doqquz aylıq Zəhra Sadıqova aldığı xəsarətlərdən hadisə yerində ölüb. “VAZ-2107”nin sürücüsü də daxil olmaqla, daha üç sərnişini – 29 yaşlı Günel Eldar qızı Rəhmanova, Elçin Camal oğlu Rəhmanov və 7 yaşlı Elvin Elçin oğlu Rəhmanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Lənkəran Mərkəzi Rayon Xəstəxanasının travmatologiya və reanimasiya şöbələrinə yerləşdirilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Ş.Qasımov ona təyin edilən azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi barədə hökm çıxarılıb. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.oxu.az

