Sosial 

Şəhidlər unudulmur, çünki onlar Vətən kimidir FOTO

Vətən müharibəsində döyüş meydanında düşmənə qan qusdurub torpaq naminə şəhidlik zirvəsinə ucalan  Mirməhəmmədəli Tərlan oğlu Rzazadə Lənkəran rayonu, Şilavar kəndindəndir. İndi Lənkəranda  böyük də, kiçik də öz qəhrəman oğlu ilə qürur duyur, adını uca tuturlar.   Müharibədə göstərdiyi şücaəti  ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.  Qəhrəman  Vətən oğlu öz doğma kəndində uyuyur. Onun məzarı bütün kənd camaatının and yeridir.

Şəhidin  ad günündə  Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova və digər əməkdaşları,  eləcə də Gənclər İnkişaf və Karyera Mərkəzinin Lənkəran nümayəndəliyinin rəhbəri Famil Məmmədov  onun ailə üzvlərinin yanında olublar . Ailənin qayğıları ilə tanış olduqdan sonra  şəhidin şərəfli döyüş yolundan, Vətənə, torpağa sevgisindən  bəhs edib, xatirə kitabına ürək sözlərini yazıblar.

Daha sonra Şəhidlər Xiyabanını ziyarət edən qonaqlar  Azərbaycanın qəhrəman oğullarının xatirəsini anaraq məzarları üzərinə gül-çiçək dəstələri  düzüblər.

Zəfər Orucoğlu
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha çox xəbərlər