Şəxsi məlumatlarımızı necə qorumalıyıq?
Fərid Kazımov: İnternet təhlükəsizlik nöqteyi-nəzərdən çox qorxulu yerdir
24 saatlıq internetinizin olmayacağı xəbərini eşitsəniz necə reaksiya verərsiniz? Modern çağın insanı bu xəbərə ancaq ya məyus olacaq, ya da məlum səbəbdən işinin axsamaması üçün alternativ yollar axtaracaq. Elə ona görə də hazırda interneti haqlı olaraq XXI əsrin əsas simvolu adlandıranlar az deyil. Bu gün internet vasitəsilə digər qitələrdən olan insanlarla günün ən aktual mövzularını müzakirə edib, daha sonra başqa bir şəhərdə yaşayan kouçun onlayn marafonunda iştirak hüququ qazanarsan, hətta çoxminlik əməliyyatlarını da vaxt itirmədən yerinə yetirmək imkanın olar. Bir sözlə, yeni texnologiyaların inkişafı ilə həyatımızda çox şey dəyişib, inkişaf edib. İndi dönüb ətrafımıza nəzər salsaq son 15-20 ilin ancaq fantastik arzu kimi qiymətləndirdiyimiz texnoloji nailiyyətlərin baş verdiyini görərik. Gündəlik işlərə artıq daha az zaman sərf edir və yeni texnologiyalar sayəsində bir çox fürsətləri dəyərləndirə bilirik. Texnoloji inkişaflar həyatımızı daha rahat, əziyyətsiz edib.
Yaranan münbit şərait, insanların fasiləsiz olaraq internetdən istifadəsi bu sahəyə fırıldaqçıları da cəlb etməyə başladı. İndi internetdəki şəxsi məlumatların təhlükəsizliyi məsələsi bir çoxlarını narahat edir. Onlayn məxfiliyinizi qorumaq üçün nə etməliyik? Ümumiyyətlə, aktiv internet istifadəçilərini hansı təhlükələr gözləyir? Hansı hallarda şəxsi məlumatlar oğurlana bilər? Təhlükəsizliyin qorunması istiqamətində ən effektiv metodlar hansılardır?
İnformasiya təhlükəsizliyi ilə bağlı yaranan suallarımızı cavablandırmaq üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İctimai Şuranın üzvü, “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” İctimai Birliyinin icraçı direktoru Fərid Kazımova müraciət etdik.
Müsahibimiz bildirdi ki, çox insan elə hesab edir ki, internetdə təhlükəsizlik lazım deyil: “ Yəni, internetin özü sənin təhlükəsizliyini təmin edir. Lakin əlbəttə, bu, belə deyil. Burada müxtəlif formalı təhlükələr var. Bunlardan biri və ən vacibi odur ki, sizin maliyyə məlumatlarınız oğurlana bilər. Hakerlərin, internet cinayətkarlarının ən çox üstünlük verdikləri maliyyə, kart məlumatlarının ələ keçirilməsidir”.
Həmsöhbətimiz hesab edir ki, təhlükəsizliyin təmin edilməsinin asan çıxış yolu var. F. Kazımov vətəndaşlara, internet istifadəçilərinə ödənişli, lisenziyalı proqramlardan istifadəyə üstünlük vermələrini tövsiyə etdi: “Əlbəttə, mövcud və yüksək peşəkarlıq səviyyəsi ilə seçilən proqramlardan istifadə etmək lazımdır. Belə proqramlar kompüterə, yaxud telefona yüklənirsə 24/7 mövcud əməliyyat sistemləri qorunur. Lakin təəssüflə qeyd etməliyəm ki, əksər hallarda ödəniş tələb olunan proqramlardan istifadə edilmir. Hər hansı bir antivirus proqramının arxasında böyük əmək var və onun istifadəsi zamanı da o məbləğ ödənilməlidir. Amma biz ödənişlərə meyilli deyilik. Bu nöqteyi-nəzərdən, hətta bəzən proqramlardan istifadə edənlər belə həmin ödənişsiz, daha rahat, bəsit, baza versiyalara üstünlük verirlər. Yaxud da “hack” olunmuş, digər hakerlər tərəfindən kilidi açılmış, lisenziyasız proqramlardan istifadə edirlər. Bu, təhlükəlidir. Çünki o proqramlar özləri də viruslanmış ola bilərlər. Onlar qurğuları, sistemləri tam qoruya bilmirlər”.
Pandemiya dövründə sanki həyatımız daha çox internetdən asılı vəziyyətə düşdü. Aktiv internet istifadəçilərini bu dövrdə ən çox düşündürən suallardan biri də məlumatların təhlükəsiz ötürülməsi məsələsidir. Həm XXI əsrin texnika və texnologiyalarına ayaq uydurub, eyni zamanda, təhlükəsizliyimizi necə qoruya bilərik?
Mütəxəssis vurğuladı ki, necə qapımızı döyən hər adama qapını açmırıqsa, eləcə də tanımadığımız şəxslərdən elektron poçtlarımıza gələn məktubları açmamalıyıq, hansısa sosial şəbəkələrdə göndərilən mesajlara baxmamalıyıq, göndərilən informasiyaları kompüterimizə, telefonumuza yükləməməliyik: “Necə real həyatda öz təhlükəsizliyimizi qoruyuruqsa, tanımadığımız kəslərə məlumat vermiriksə, evdən çıxanda qapını kilidləyiriksə bu yanaşma internetdə də olmalıdır. Hər insan başa düşməlidir ki, internet təhlükəsizlik nöqteyi-nəzərdən çox qorxulu yerdir. Bunun üçün də biz özümüzü qorumalıyıq. Bir nüansa da toxunum. Hamımız “wi-fi”dan istifadə edirik. Hər hansı məkana gələndə insanlar mobil internet xidmətlərindən yox, məhz “wi-fi”a qoşularaq internetdən istifadə edirlər. Yaxud evdə “wi-fi”a asan şifrə təyin edirlər. Bu addımların hər biri müəyyən mənada təhlükəsizliyin gözardı edilməsi deməkdir. Bir çoxları bilmir, amma “wi-fi”da asan “dağıdıla” bilən şəbəkə yoxdur. İstənilən haker “wi-fi” şəbəkəsini “sındırmaq” istəyirsə bunu edə biləcək”.
Fərid Kazımov qeyd etdi ki, hal-hazırda sosial şəbəkələrdən istifadə Azərbaycanda olduqca geniş yayılıb. “Çünki bu “məkanlarda” özümüzü daha rahat hiss edirik” deyən İTK mütəxəssisi söylədi ki, əgər sosial şəbəkədəyiksə, yaxud videogörüntü açırıqsa, bunlarla yanaşı, təhlükəsizliyimizi də düşünməliyik: “Bir məsələyə də toxunum ki, bəzən istifadəçi elə bilir ki, o, nəyisə pozursa həmin məlumat, ya şəkil, informasiya həqiqətən pozuldu və artıq yoxdur. Amma bu belə deyil. Rəqəmsal iz deyilən anlayış var. Hətta “whatsapp”ımızda, “messenger”də hər hansı məlumatı siliriksə, o tam pozulmur. Həmin məlumatlar bəzən ömürlük, bəzən də müəyyən müddət ərzində hər hansı serverlərdə elektron iz kimi qalır. Ona görə də tanımadığınız insanlarla ünsiyyətdə olarkən şəxsi məlumatlarınızı ötürməməlisiniz”.
Həmsöhbətimiz xatırlatdı ki, müəyyən sənədlərin əldə edilməsində, əlaqələrin qurulmasında internetdən istifadə qaçılmazdır. F.Kazımov çıxış yolunu insanların təhlükəsizlik üzrə rəqəmsal savadlılığının artırılmasında görür: “Aidiyyəti orqanlar – dövlət orqanları, ictimai qurumlar təlimatlandırıcı video çarxlar hazırlamalıdırlar. Lazımi təhlükəsizlik qaydalarını yaymalıdırlar. Çünki vətəndaşlar məlumatsızlıqdan həmin təhlükələrlə üzləşirlər. Məsafədən işləmək, fəaliyyət göstərmək hazırda çox rahat formatdır. Tələbata uyğun olaraq bu format zamanla daha da inkişaf edəcək. Yaxın illərdə tam olaraq rəqəmsal hökumət mərhələsinə keçəcəyik. İndi hər hansısa sənədi (fiziki olaraq) haradansa gedib alırıqsa, bir neçə ildən sonra bu proses tam onlayn sistemə keçəcək. O zaman bizim məsuliyyətimiz daha da artacaq. Ona görə də indidən məlumatlanmalıyıq. İnsanlarda rəqəmsal mədəniyyət yaranmalıdır. Rəqəmsal mədəniyyətin əsas elementlərindən biri də rəqəmsal təhlükəsizlikdir”.

