Cəbhədən Xəbər 

Erməni təxribatları hansı məqsədi güdür?

Ötən il noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə Bəyanatı imzalandı. Beləliklə, Ali Baş Komandanın rəhbərliyi  altında rəşadətli ordumuz BMT Təhlükəsizlik Şurasının yerinə yetirilməyən 4 qətnaməsini təkbaşına icra edərək Qarabağımızı 44 gündə işğaldan azad etdi. Qeyd edilən tarixdən etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu. Ermənistan İkinci Qarabağ müharibəsində məğlub oldu, kapitulyasiya sənədinə imza atdı, lakin Azərbaycana qarşı hələ də təxribatlarından əl çəkmir, mina müharibəsini davam etdirir və s.

İyulun 23-də Ermənistan silahlı qüvvələri bölmələrinin Basarkeçər rayonu ərazisindəki mövqelərdən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini növbəti dəfə atəşə tutması nəticəsində gizir Fərman Telman oğlu Yaqublu şəhid oldu.

Sözügedən təxribat məhz Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərindən sonra baş verdi. Görünən odur ki, indi Azərbaycan beynəlxalq aləmin qibtə etdiyi siyasətin nəticəsini görməkdədir. Buna dostlarımız sevinir, düşmənlərimiz isə qıcıqlanır. Prezident İlham Əliyevin dediyi kimi, “Ermənistan hələ də xülyalarla yaşayır və postmüharibə reallıqları ilə barışa bilmir”.

Bəs, postmüharibə dövründə Ermənistan atəşkəsi pozmaqla nəyə nail olmağa çalışır?  

Hərbi ekspert Ədalət Verdiyev belə hesab edir ki, silahlı qüvvələrinin tam komplekt olduğu vəziyyətdə cəmi bir neçə saat sonra 30 il ərzində hazırladığı mövqeləri qoyub geri çəkilən Ermənistan ordusu mövcud darmadağın vəziyyətində Azərbaycana qarşı hansısa ciddi döyüş əməliyyatları və yaxud da müqavimət göstərməsi mümkün deyil: “ Atəşkəsin pozulması adətən hansısa siyasi rəhbərlərin regiona səfəri və ya Ermənistanı dəstəkləyən hansısa bəyanatlardan sonra müşahidə edilir. Bununla da Ermənistan həm də beynəlxalq ictimaiyyətə münaqişənin başa çatmadığı barədə mesaj verməyə çalışır. Digər tərəfdən isə Ermənistan tərəfi Azərbaycanın Kəlbəcər və Laçın rayonları ərazilərində özünün vacib hesab etdiyi ərazilərdə yerləşməsinə qarşı sanki etiraz etmək üçün bu atəşkəs pozulmasını intensiv hala gətirib. Dolayısı ilə onların etirazları daha çox Ermənistanın özünə ziyan vura bilər. Çünki Azərbaycan tərəfi artıq son açıqlamalarında hadisələrə adekvat cavab veriləcəyi barədə Müdafiə Nazirliyi rəsmi məlumat yayıb. Adekvat cavab isə həmin atəş açılan mövqelərin külünün havaya sovrulması və oradakı mövqelərin zərurət yaranacağı təqdirdə Azərbaycan Ordusunun tam nəzarətinə götürülməsini ehtiva edir”.

Ermənistanın bu cür təxribat xarakterli hərəkətləri postmüharibə proseslərinə təsir edə bilərmi?

Ə.Verdiyev bildirdi ki, 3-5 erməni əsgərinin hansısa konkret bir mövqedən Azərbaycan Ordusuna tərəf atəş açması müharibənin nə əməliyyat şəraitinə təsir edə bilər, nə də mövcud nəticələrini dəyişə bilər: “Amma Ermənistan üçün çox ağrılı və acılı, geridönüşü olmayan nəticələrə gətirib çıxara bilər”.

Azərbaycan-Ermənistan sərhədində müdafiəni təşkil etmək üçün mühəndis-istehkam qurğularının vacibliyindən danışan hərbi ekspert vurğuladı ki, müdafiəni tam təmin etmək üçün mühəndis-istehkam qurğuları artıq tikilməyə başlayıb: “Proseslərin tam başa çatdığını deyə bilmərik. Çünki həmin ərazilərdə 2-3 metrlik qar yalnız may ayında əriyib qurtardı. Yollar da hələ çəkilməkdədir. Bütün proseslərin başa çatması yəqin ki, sərhədlərin təyin edilməsi prosesi ilə daha da sürətlənəcək. Hazırkı vəziyyət tamamilə qoşunlarımızın nəzarəti altındadır. Atəşkəsi pozan erməni silahlı qüvvələrinə layiq olduqları cavabın artıqlaması ilə verildiyindən tam əminəm”.

Hərbi ekspert Ruslan İmamquliyev isə mövzu ilə bağlı “İki sahil”ə danışarkən bildirdi ki, mövcud şəraitdə Ermənistanın atəşkəsi pozması  tamamilə uyğunsuzluqdur: “Çünki Ermənistan siyasilərinin sülhə hazır olduqlarını bəyan etdikləri bir ərəfədə Ermənistan “ordusu” mənsublarının belə terrorist aktlar törətmələri tam təzad təşkil edir. Bu, o mənaya gəlir ki, Ermənistanın daxilində çaxnaşma və öz “ordularını”idarə etmək iqtidarında olmamaq halı baş verir. Nəticə etibarilə nə olursa, olsun bu gün bizim sərhədlərə qarşı edilmiş hər hansı qəsd, hərbi qulluqçumuzun şəhid olması terrorizm aktı kimi qiymətləndirilir. Postmüharibə dövründə bu cür təxribatların həyata keçirilməsinin Bakıda, Şəkidə, Qubada keçirilən terror aktlarından heç bir fərqi yoxdur. Ən qısa zamanda bu cür təxribatların qarşısının alınması üçün hökmən bizim tarixi torpaqlarımız olan Qərbi Zəngəzur ərazilərində antiterror əməliyyatları həyata keçirilməlidir”.

“Ermənistanın istər Kəlbəcərdə, istərsə də Tovuzda,Qazaxda və yaxud da Naxçıvan MR-da atəşkəsi pozması, dövlət sərhədinə qəsd etməsi, o deməkdir ki, düşmənin ordusu idarə oluna bilmir” deyən hərbi ekspert  onu da bildirdi ki, əgər Ermənistan ordusu idarə olunursa o zaman onun rəhbərliyi bu cür terrorist aktlara cavabdehdir: “ Buna görə də problemin həm siyasi, həm hüquqi, həm də hərbi çərçivədə həlli yolları ortaya qoyulmalıdır”.

R.İmamquliyev vurğuladı ki, Ermənistanın bu cür aktlara həyata keçirməsi heç bir halda postmüharibə dövründəki icra olunacaq fəaliyyətlərə təsir göstərə bilməz: “ İşğaldan azad olunmuş torpaqlarda infrastrukturun bərpa olunması üçün gərəkli işlər sürətlə davam etməkdədir. Təbii ki, Ermənistan öz aləmində bu işlərə əngəl olmağa çalışa bilər. Yaxud da onun havadarlarının təkidi ilə belə terrorist aktlar törətməklə bölgədə huzursuzluq yaratmaq cəhdləri ola bilər. Amma Azərbaycanın təhlükəsizliyi təmin etmək imkanları bütün istiqamətlərdə onların bu cəhdlərinin qarşısını almağa qadirdir. Hal-hazırda sərhədlərimizdə delimitasiya işləri ilə yanaşı, müdafiənin qurulması işləri də davam etdirilməkdədir. Məhz Qərb sərhədlərimizdə müdafiənin təmin olunması üçün ağıllı müdafiə sistemlərinin qurulması məqsədilə müasir standartlara uyğun texnoloji vasitələrin tətbiqi yönündə gərəkli işlər aparılmaqdadır. Düşünürəm ki, ən qısa zamanda bütün sərhədlərimiz müasir standartlar səviyyəsində müdafiə oluna biləcək şəkildə istehkam qurğuları ilə təmin olunacaqdır”.

Daha çox xəbərlər